Çin Xalq Respublikasında
poçt markası buraxılmışdır
AzərTAc xəbər verir
ki, Azərbaycanın Pekindəki səfirliyinin
təşəbbüsü ilə Çin Xalq
Respublikasında xalqımızın ümummilli lideri
Heydər Əliyevin 85 illik yubileyi münasibətilə
poçt markası buraxılmışdır.
Poçt markasının üzərində ulu öndər
Heydər Əliyevin Bakının geniş panoramı və
Azərbaycanın dövlət bayrağı fonunda heykəli
əks olunmuşdur.
Aprelin 30-da Azərbaycanın Pekindəki səfirliyində
"poçt" markasının təqdimatı olmuşdur.
Səfirlikdən bildirmişlər ki, tədbirdə
Çində akkreditə olunmuş diplomatik korpusun
nümayəndələri, Çin Xalq Respublikasının
dövlət və hökumət üzvləri, bu
ölkədə təhsil alan azərbaycanlı
tələbələr, iş adamları, eləcə də
kütləvi informasiya vasitələrinin
təmsilçiləri iştirak etmişlər.
Poçt markası tədbirdə iştirak edən qonaqlar
tərəfindən yüksək qiymətləndirilmiş
və onların geniş marağına səbəb
olmuşdur.
Səfir Yaşar Əliyev çıxış edərək
ulu öndər Heydər Əliyevin müasir Azərbaycan
dövlətinin yaranmasında,
möhkəmlənməsində və inkişafında,
Konstitusiyanın qəbul edilməsində, vətəndaş
cəmiyyətinin formalaşmasında, milli
təhlükəsizliyin təmin olunmasında və yeni
iqtisadi kursun müəyyənləşməsindəki
əvəzsiz xidmətlərindən
danışmışdır.
Diplomat müstəqil dövlətçiliyimizin ulu
öndər Heydər Əliyev tərəfindən
formalaşdırılan mənəvi-ideoloji
əsasının dünya azərbaycanlılarının
həmrəyliyinin möhkəmləndirilməsində
həlledici rol oynadığını, Azərbaycan
ziyalısını son əsrlərdə ciddi
düşündürən milli dirçəliş
problemlərinin bütöv şəkildə ümummilli
liderimizin fəaliyyəti sayəsində strateji dövlət
siyasətinə, əməli siyasi müstəviyə
keçdiyini və nəticədə
azərbaycançılıq məfkurəsinin şüurlara
hakim kəsildiyini diqqətə
çatdırmışdır.
Daha sonra Rusiya Federasiyasının Çindəki səfiri
S.Razov çıxış edərək Heydər Əliyevin
keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci
müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvü
vəzifələrində işlədiyi dövrdəki
misilsiz xidmətlərindən ətraflı
danışmış, onun böyük nüfuza malik dünya
miqyaslı siyasi xadim olduğunu vurğulamışdır.
Suriyanın Çindəki səfiri M.Xeyir əl-Vadi
çıxışında Heydər Əliyev ilə
şəxsən tanış olmaq şərəfinə nail
olduğunu bildirmiş, ulu öndərin SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsində
çalışdığı dövrdə Suriyaya etdiyi
səfərləri xatırlatmış, həmin
səfərlərin SSRİ ilə Suriya arasında
münasibətlərin inkişafında misilsiz rol
oynadığını tədbir
iştirakçılarının nəzərinə
çatdırmışdır.
Azərbaycan.- 2008.- 2 may.- S. 5.