Heydər
Əliyevə ən yaxşı abidə müstəqil
Azərbaycandır
Moskvada
ümummilli liderin 85 illik yubileyi təntənəli qeyd olunub
Mayın
14-də Moskvada, İttifaqlar evinin Sütunlu salonunda
görkəmli dövlət xadimi, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85
illiyinə həsr edilmiş təntənəli gecə
keçirilmişdir. Gecə Rusiya Federasiyası
hökuməti, Moskva meriyası, Heydər Əliyev Fondu,
İTAR-TASS agentliyi və Azərbaycanın RF-dəki
səfirliyi tərəfindən təşkil olunmuşdu. Tədbirdə Azərbaycan Prezidentinin İcra
Aparatının rəhbəri Ramiz Mehdiyev, Rusiya Prezidenti
Administrasiyasının rəhbəri Sergey Narışkin, RF
Prezidentinin köməkçisi Cahan Pollıyeva, Moskva merinin
birinci müavini Lyudmila Şvetsova, Rusiya xarici işlər
nazirinin birinci müavini Andrey Denisov, İTAR-TASS-ın baş
direktoru Vitali İqnatenko, Dövlətlərarası
Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Rusiya Elmlər
Akademiyasının vitse-prezidenti Nikolay Laverov, Tretyakov
Qalereyasının baş direktoru Valentin Rodionov,
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu, Rusiya ictimaiyyətinin və Moskvada
diplomatik missiyaların nümayəndələri, Azərbaycan
nümayəndə heyətinin üzvləri iştirak
edirdilər.
Moskva merinin birinci müavini Lyudmila Şvetsova
təntənəli gecəni açaraq, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin parlaq
həyat yolu və çoxşaxəli
fəaliyyətindən danışmışdır. O
vurğulamışdır ki, Heydər Əliyevin şah
əsəri müasir müstəqil Azərbaycan və onun
dövlətçiliyidir. L.Şvetsova demişdir: "O,
dünyada ən müdrik siyasətçilərdən biridir
və Rusiya onun bu ölkə üçün etdiyi
yaxşılıqları yüksək
qiymətləndirir".
RF Prezidenti Administrasiyasının
rəhbəri Sergey Narışkin
çıxışında vurğulamışdır ki, bu
tədbirə toplaşan insanların hamısı bizim
haqlı olaraq görkəmli dövlət xadimi, müdrik
vətəndaş və siyasi xadim hesab etdiyimiz və bu
gün də belə düşündüyümüz böyük
insana - Heydər Əliyevə ehtiramımızı
bildirməyə gəlmişlər. Onun xatirəsi həm
Rusiyada, həm Azərbaycanda, həm də başqa
ölkələrdə ehtiramla yad edilir. S.Narışkin
demişdir: "Heydər Əliyev onilliklər boyu
yüksək dövlət vəzifələri tutmuşdur.
Həm Rusiya, həm də Azərbaycan iqtisadi və sosial
sahələrdəki bir çox uğurlarına görə
ona borcludur". O bildirmişdir ki, müasir Azərbaycanın
dövlətçiliyin təşəkkülü və
möhkəmlənməsində, əsaslı iqtisadi və
sosial islahatlar keçirilməsində qazandığı
uğurlar çox cəhətdən Heydər Əliyevin
xidmətidir. Rusiya Prezidenti Administrasiyasının
rəhbəri xüsusi vurğulamışdır ki, Heydər
Əliyevin rəhbərliyi altında respublikada davamlı
inkişafın və Azərbaycanın beynəlxalq
nüfuzunun artmasının möhkəm təməli
qoyulmuşdur.
Sergey Narışkin Azərbaycan və rus
xalqları arasında dostluğun və mehriban
qonşuluğun möhkəmlənməsinə Heydər
Əliyevin çox böyük şəxsi töhfə
verdiyini də xatırlatmışdır. O demişdir:
"Rusiya ilə Azərbaycan arasında strateji
tərəfdaşlıq münasibətlərinin
formalaşması onun adı ilə bağlıdır. Məhz Azərbaycan Respublikası liderinin
qətiyyətli və prinsipial mövqeyi bizim
soydaşlarımıza ana dilinin və milli
mədəniyyətin inkişafı üçün yeni
imkanlar yaratdı. Buna görə də qanunauyğun haldır
ki, Heydər Əliyev Rusiya-Azərbaycan
münasibətlərinin möhkəmlənməsinə
müstəsna töhfələrinə görə
Rusiyanın yüksək dövlət mükafatına -
Müqəddəs Apostol Andrey Pervozvannı ordeninə layiq
görülmüşdür".
Sergey Narışkin xüsusi
olaraq vurğulamışdır ki, Heydər Əliyeviç
Əliyevin işini hazırda onun oğlu - Azərbaycan
Prezidenti İlham Əliyev ləyaqətlə davam etdirir.
Çox vacib məqam ondan ibarətdir ki, İlham Əliyev
də iki ölkənin xalqları arasında
tərəfdaşlıq və dostluq münasibətlərinin
qətiyyətli tərəfdarıdır. Sergey
Narışkin daha sonra bildirmişdir ki, RF Prezidenti Dimitri
Medvedev Rusiya ilə Azərbaycan arasında dostluq və mehriban
qonşuluq münasibətlərinin
möhkəmlənməsinə və inkişafına
böyük töhfələrinə görə Azərbaycan
Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin
Dostluq ordeni ilə təltif edilməsi haqqında
fərman imzalamışdır.
Azərbaycan Prezidenti İcra Aparatının
rəhbəri akademik Ramiz Mehdiyev gecədə
çıxış edərək, ulu öndər Heydər
Əliyevin xatirəsinə dərin ehtiramlarına görə
tədbirin təşkilatçılarına
təşəkkürünü bildirmişdir. O,
gecəyə toplaşanlara Azərbaycan Prezidenti İlham
Əliyevin salamlarını, tədbirin
təşkilatçılarına, o cümlədən
İTAR-TASS agentliyinin rəhbərliyinə bu
təşəbbüsə görə onun
təşəkkürünü çatdırmışdır.
Ramiz Mehdiyev çıxışında ulu öndər
Heydər Əliyevin və Azərbaycanın sıx
bağlı olan həyatının əsas
mərhələləri və taleyüklü
hadisələri barədə məlumat verdi. O,
öz çıxışında Azərbaycan xalqının
ümummilli liderinin fenomenal şəxsiyyətinə və
titanik fəaliyyətinə fəlsəfi-analitik
xarakteristikasını vermiş, Heydər Əliyevin
bioqrafiyasının əsas məqamlarından, onun
təkcə Azərbaycanın və keçmiş SSRİ-nin
tarixində deyil, dünya tarixində möhtəşəm
rolundan ətraflı söhbət açmışdır.
R.Mehdiyev vurğulamışdır ki, Heydər Əliyev
bütöv bir epoxa, böyük şəxsiyyət, suveren,
demokratik Azərbaycanın memarı və qurucusudur. O,
gələcək nəsillərə müstəqil,
özünü təmin edən bir dövlət miras
qoymuşdur. Azərbaycan xalqının ümummilli liderinin
adı Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Konrad Adenauer,
Vladimir Putin kimi görkəmli şəxsiyyətlərlə
yanaşı dünya tarixinə qızıl
hərflərlə yazılmışdır. R.Mehdiyev
demişdir: "Dövləti qoruyub saxlamaq
və gücləndirmək, xalqı
fəlakətlərdən xilas etmək və daim
dəyişməkdə olan qlobal proseslər
şəraitində onun yaşamaq hüququnu sübut etmək
yalnız Heydər Əliyev kimi, özlərini
Vətənə xidmətə həsr etmiş insanların
hünəridir". O, 1990-cı il
yanvarın 20-də Bakıda baş vermiş qanlı
hadisələrlə əlaqədar Heydər Əliyevin öz
vətəndaş mövqeyini cəsarətlə ifadə
etməsi, Azərbaycan paytaxtına qoşun
yeridilməsinə, günahsız, silahsız insanların
qətlə yetirilməsinə, mərkəzi hakimiyyət
orqanlarının insanlığa zidd siyasətinə
etiraz əlaməti olaraq, Sov.İKP
sıralarını tərk etməsi, xalqın
çağırışı ilə ulu öndərin
Vətənə qayıtması, bununla da ölkəmizin
səriştəsiz siyasətçilərdən və
parçalanmaq təhlükəsindən xilas olması
barədə ətraflı bəhs etmişdir.
Azərbaycan Prezidentinin İcra
Aparatının rəhbəri bildirmişdir ki, Heydər
Əliyev qısa müddətdə sabit Azərbaycan
dövləti formalaşdırmağa nail olmuş, onun xarici
siyasət prioritetlərini müəyyən etmiş,
Azərbaycanın qüdrətli və sarsılmaz, hazırda
dünya birliyində layiqli yerini tutmuş, böyük
nüfuza malik olan, bərabərhüquqlu və etibarlı
tərəfdaş kimi qəbul edilən dövlətə
çevrilməsinin təməlini qoymuşdur. Ramiz Mehdiyev
demişdir: "Biz yalnız Heydər Əliyevin
sayəsində dövlətçiliyimizi qoruyub saxlamağa
və bütün gözlənilməz hadisələrdən
uğurla ötüşməyə nail olduq, yetkinlik
imtahanından uğurla çıxdığımızı
sübut etdik. Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin qurucusudur, müstəqil, suveren
Azərbaycan isə onun abidəsidir". R.Mehdiyev
müasir Azərbaycan və onun uğurları barədə
ətraflı söhbət açaraq
vurğulamışdır ki, Azərbaycanın nüfuzunun
və beynəlxalq imicinin yüksəldilməsinə
yönəlmiş dövlətçiliyin
möhkəmləndirilməsi siyasəti Azərbaycanın
indiki Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və reallaşdırılır.
R.Mehdiyev daha sonra demişdir: "Son dörd
ildə İlham Əliyev Azərbaycanı iqtisadi
cəhətdən özünü təsdiqləmiş
ölkədən milli mənafelər və geosiyasi
xüsusiyyətlər nəzərə alınmaqla, demokratik
baxımdan özünü təsdiqləmiş
dövlətə çevirmişdir. İlham Əliyev
Azərbaycanın Cənubi Qafqazda liderliyini qoruyub saxlamaqla
yanaşı, Rusiya ilə strateji
tərəfdaşlığın
genişləndirilməsinə xüsusi əhəmiyyət
verir. Rusiyaya münasibətdə biz bütün
sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi,
genişləndirilməsi və inkişaf etdirilməsinin
zəruri olması mövqeyindən çıxış
edirik. Xalqlarımız çoxəsrlik dostluq və mehriban
qonşuluq ənənələrini yüksək
qiymətləndirirlər. Heydər Əliyev
Rusiya ilə münasibətlərə həmişə
xüsusi əhəmiyyət verirdi və bu
münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə qaldırmışdı, bu isə
Heydər Əliyev ilə Vladimir Putin arasında səmimi münasibətlər
sayəsində mümkün olmuşdu".
Ramiz Mehdiyev çıxışının
sonunda vurğulamışdır: "İndi Azərbaycan
Cənubi Qafqazda sabitlik və tərəqqi adasıdır, o,
günbəgün dəyişir və özünü
getdikcə inamlı hiss edir. Lakin biz bu böyük insanı
daim xatırlayacağıq, Azərbaycanda bu tərəqqi
məhz onun dövlət xadimi kimi müdrikliyi və
qətiyyəti sayəsində əldə edilmişdir. O,
qeyri-adi qabiliyyətlərə və istedadlara malik olan fenomenal
insan, tarixi özünə tabe etmiş şəxsiyyət
kimi daim qəlbimizdə yaşayacaqdır".
Sonra çıxış edən
İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko, Rusiya EA
vitse-prezidenti Nikolay Laverov, Tretyakov Qalereyasının baş
direktoru Valentin Rodionov, Rusiyanın xalq artisti Gennadi Xazanov
müasir tarixin ən böyük
şəxsiyyətlərindən biri adlandırdıqları
Heydər Əliyevlə görüşləri haqqında
səmimi xatirələrini bölüşdülər. Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu təntənəli gecənin bütün
təşkilatçılarına təşəkkür
edərək bildirmişdir ki, zəmanəmizin böyük
dövlət xadimi və siyasi xadim Heydər Əliyev həm
azərbaycanlılar, həm də rusiyalılar
üçün eyni dərəcədə əzizdir.
Heydər Əliyev böyük siyasətçi və öz
xalqının ulu öndəri kimi müasir tarixdə
əbədi qalacaqdır. Rəsmi
hissədən sonra Rusiyanın və Azərbaycanın
tanınmış artistlərinin iştirakı ilə konsert
olmuşdur. İosif Kobzon, Lev Leşşenko, Zurab Sotkilava,
Elçin Əzizov, Rusiyanın və Azərbaycanın
rəqs ansamblları, "Relikt" üçlüyü,
Özbəkistanın "Yalla" ansamblı, Pyatnitski
adına xor, Sankt-Peterburqun "Terem-kvartet" kollektivi və
başqaları Heydər Əliyevin xatirəsinə ithaf
etdikləri musiqi nömrələri ilə
çıxış etmişlər. Konsertdə
çıxış edən artistlər də ulu
öndər Heydər Əliyevin mədəniyyət və
incəsənət xadimlərinə ata kimi qayğıkeş
münasibətini xatırlayaraq bildirmişlər ki, o,
həmişə sənət adamlarının dostu və
dayağı olmuşdur.
İttifaqlar evinin Sütunlu salonunun foyesində
Heydər Əliyevə həsr olunmuş fotosərgi
təşkil edilmişdi. Təntənəli gecənin
iştirakçılarına İTAR-TASS agentliyi və
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış
"Heydər Əliyev: Qəlbimin bir hissəsi
Rusiyadadır..." fotoalbomu, Azərbaycan xalqının
ümummilli lideri haqqında maraqlı materiallar dərc
edilmiş "Baku" və "Exo planetı"
jurnalları paylanmışdır.
Səs.- 2008.- 16 may.- S. 3.