Ələkbərova
N.
Heydər
Əliyev və müstəqil Azərbaycanın
mədəniyyət siyasəti
ətən
məfkurəsini hər şeydən uca tutan, xalqın
döyünən ürəyini, düşünən beynini,
yanan qəlbini özündə əks etdirən,
dövlətimizin müdrik rəhbəri zirvəsinə
qədər yüksələn əsl lider Heydər Əliyev
bütün sahələrdə olduğu kimi,
mədəniyyət siyasəti sahəsində də
mühüm dəyişikliklər etmişdir. Daha dəqiq desək o, müstəqil
Azərbaycanın müasir tələblərə tam cavab
verən və milli köklər əsasında formalaşan
mədəniyyət siyasətinin strateji xəttinin
yaradıcısı kimi tarixə imza atmışdır.
Mədəniyyət siyasəti dövlətin
mədəniyyət sahəsində həyata keçirdiyi
siyasətdir. "Mədəniyyət siyasəti"
anlayışı BMT-nin elm, təhsil və
mədəniyyət məsələləri üzrə
təşkilatı tərəfindən 1960-cı
illərdə rəsmən dövriyyəyə gətirilib. YUNESKO-nun mədəni aksiyaları dövlət
siyasətinin ən mühüm məqsədlərindən
biri kimi açıq etiraf etmək
çağırışıyla hökumətlərə
müraciətindən sonra bunu dünya birliyi
addımbaaddım gerçəkləşdirir. 1982-ci ildə
Moskvada keçirilən mədəniyyət sahəsində
siyasət üzrə ümumdünya
konfransı, BMT-nin Baş Assambleyası tərəfindən
1987-ci ildə mədəniyyətin inkişafının
onilliyinin bəyan edilməsi, 1988-ci ildə BMT-nin bu
məsələylə bağlı bəyannaməsi, 1998-ci
ildə inkişaf məqsədi ilə keçirilən
hökumətlərarası Stokholm konfransı - bütün
bunlar artıq mədəniyyət siyasətinin müasir
dövlət və cəmiyyətlərdə çox
böyük əhəmiyyətə malik olmasından
xəbər verirdi. 1995-ci ildə Mədəniyyət və
İnkişaf üzrə Ümumdünya Komissiyası
özünün "Bizim yaradıcı
müxtəlifliyimiz" məruzəsində
mədəniyyət siyasətinin
gerçəkləşməsini incəsənətə
yardım və mədəni irsin qorunması ilə
yanaşı, mədəni azadlıqla da
əlaqələndirmişdir. Həmin
məruzədə irəli sürülən
"mədəni azadlığın mədəni müxtəlifliyə
hörmətdən və həm maddi, həm də qeyri-maddi
mədəni irsin qorunmasından
ayrılmazlığı" fikri bütün sivil
dövlətlər tərəfindən dəstəkləndi.
Şübhəsiz, ölkələrin
hər birində mədəniyyət siyasətinin modelləri
başqa-başqadır. Çünki hər bir dövlət
öz ənənələrinə, dəyərlərinə
münasib olan, üstün tutulan ənənəvi, estetik
və bədii normalardan irəli gələn bir strategiya
seçir. Lakin bütün demokratik
ölkələrdə vahid, universal mədəniyyət
siyasətinin olmamasına baxmayaraq, onlar üçün
YUNESKO tərəfindən keçirilən müşavirə
və konfranslarda daim irəli sürülən,
bəyənilən, qəbul edilən və
dəstəklənən ümumi məqsəd və prinsiplər
mövcuddur. Son dərəcə önəmlidir
ki, 1993-cü ilin ortalarından, yəni, Heydər Əliyevin
xalqın tələbi ilə yenidən hakimiyyətə
qayıdışı dövründən başlayaraq,
həmin ümumi məqsəd və prinsiplər
üzərində formalaşan, möhkəm elmi əsaslara
söykənən, qloballaşma şəraitində milli
özünəməxsusluğu qoruyan və eyni zamanda,
müsbət beynəlxalq təcrübəni nəzərə
alan yeni mədəniyyət siyasəti müstəqil
Azərbaycanda da həyata keçirilir. Məhz
o vaxtdan başlayaraq mədəniyyət
məsələlərinə müstəsna
əhəmiyyət verilməsi məmləkətimizin ən
sivil ölkələr sırasına qatılmasının
əsas səbəblərindən biri kimi
qiymətləndirilməlidir. Xalqımızın
əbədiyaşar lideri Heydər Əliyevin
çoxcəhətli və çoxşaxəli ictimai-siyasi
və dövlətçilik fəaliyyəti həmişə
mədəniyyətlə sıx bağlı olmuşdur. Daim elmə, mədəniyyətə,
adət-ənənələrə, incəsənətə
böyük qayğı, diqqət və maraq
göstərən bu dahi şəxsiyyətin rəhbərliyi
altında həmin sahədə yaradılan və həyata keçirilən
siyasəti bir tərəfdən milli mədəniyyətin
eyniyyətinin saxlanılması, digər tərəfdən
isə onun dünya mədəniyyətləri ilə
qarşılıqlı əlaqəsini təmin etdi.
Dövlətimizin yeni, demokratik tipli mədəniyyət
siyasətini layiqincə dəyərləndirmək
üçün yaxın keçmişə bir nəzər
salaq. Məsələn, sovet dövrünü
yada salanda görürük ki, hər bir totalitar
dövlətdə olduğu kimi, bu ittifaqda da
mədəniyyət əsasən hakim partiya - dövlət dəyərlərinin
insanların şüuruna yeridilməsi aləti kimi başa
düşülür, onun köməyi ilə mövcud
ictimai-siyasi quruluş möhkəmləndirilirdi. Bu cür münasibət kommunist-ideoloji meyar,
mədəni və bədii dəyərlərə sinfi
yanaşma, yaradıcılıq prosesinə bilavasitə
müdaxilə, mədəniyyət vasitəsilə
ümumxalq maraqlarının "inzibati amiranə",
yəni, məcburi metodlarla həyata keçirilməsi ilə
fərqlənən bir mədəniyyət siyasətinin
gerçəkləşməsinə səbəb olurdu.
Müstəqilliyimizin ilk çağlarında ölkəmizin
mədəni həyatında baş verən prosesləri
əsasən qatmaqarışıqlıq,
qeyri-müəyyənlik, bir çox mənfi meyillərin
baş alıb getməsi kimi xarakterizə etmək olar. Bir tərəfdən anarxiya kimi başa
düşülən azadlıq, digər tərəfdən
qeyri-peşəkar rəhbər şəxslərin
mədəniyyətə çox qəribə, hətta
primitiv yanaşması, məsələn, onlar
tərəfindən Qərb mədəniyyətinin,
incəsənətinin bizə guya tamamilə
yad olmasının və lazımsızlığının
bəyan edilməsi bu sahənin normal inkişafının
qarşısını alır, çağdaş
Azərbaycan mədəniyyətini ümumsivil məcradan
təcrid edərək ona böyük zərbələr
vururdu, beləliklə də, rəqabətə meylini
azaldırdı. Ümumiyyətlə demək olar ki, bu
mərhələdə düşünülmüş
mədəniyyət siyasəti yox dərəcəsində
idi. Nəhayət, ümummilli lider Heydər Əliyevin
1993-cü ildə rəhbərliyə yenidən
qayıtmasıyla vəziyyət köklü
şəkildə dəyişdi. Dövlətin və
cəmiyyətin düzgün istiqamətdə inkişafı
mədəniyyətin yeniləşməsini mühüm
vəzifə kimi qarşıya qoydu. Bu gün
qətiyyətlə deyə bilərik ki, yeni
mədəniyyət siyasətinin təşəkkül
tapması, onun məqsəd və prinsiplərinin
dəqiqləşməsi, müasir tələblərə
cavab verməsi bilavasitə ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Həmin
siyasət açıq demokratik cəmiyyət ideyasını
təbliğ edir və fəal surətdə həyata
keçirir. Onun işlənib
hazırlanmasında nüfuzlu beynəlxalq təşkilatlar
YUNESKO və Avropa Şurası tərəfindən bəyan
edilən və inkişaf etmiş ölkələrdə
artıq uzun illər ərzində həyata keçirilən
mədəniyyət siyasətinin ümumi məqsəd və
prinsipləri əsas götürülmüşdür.
Ümumi məqsədlərdən ikisini - hər bir
vətəndaşın mədəni həyatda sərbəst
iştirak etmək hüququnu
gerçəkləşdirmək üçün imkanların
yaradılmasını nəzərdə tutan sərbəst
iştirak məqsədini və mədəni inkişafın
ümumi (iqtisadi, sosial, texnoloji) inkişafla ayrılmaz
bağlılığını vurğulayan inkişaf
məqsədini qeyd etmək istərdim.
Aparıcı ümumi prinsiplər kimi
özünəməxsusluq, müstəqillik,
multikültür plüralizm, dəyərlilik, dünya
mədəniyyətlərinin qarşılıqlı
əlaqəsi və birliyi və buradan irəli gələn
beynəlxalq əməkdaşlıq prinsiplərini
göstərmək lazımdır. Azərbaycanın
yeni mədəniyyət siyasətinin həmin ümumi
məqsəd və prinsiplərdən irəli gələn
vəzifələri isə aşağıdakılardır:
- yeni şəraitdə bütün yaş qrupları
nəzərə alınmaqla insanların
mədəni-mənəvi və bədii-estetik inkişaf
sistemini yaratmaq və
gerçəkləşdirmək;
- hakimiyyət, mədəniyyət bölməsi və
vətəndaş cəmiyyəti arasında aparılan
mədəniyyət siyasətinin yeni münasibətlərini,
mədəniyyət menecmentinə açıq, demokratik
və şəffaf yanaşmanı dəstəkləmək;
- milli özünəməxsusluğun
qorunmasını və inkişafını, o
cümlədən, zəngin maddi və qeyri-maddi vətən
mədəni irsinin mühafizəsini təmin etmək
(xüsusilə, qəsbkar ermənilər tərəfindən
həyata keçirilən hərbi müdaxilə
nəticəsində Azərbaycan torpaqlarının 20
faizinin işğal olunması ilə əlaqədar
mədəniyyət sərvətlərinin qorunub
saxlanılması, zəbt olunmuş ərazilərdən
daşınan abidələrin qaytarılması, mühafizəsi
və bərpası məsələsini həll etmək);
- mədəniyyət və incəsənətlə
bağlı ixtisas təhsilinin bütöv çoxpilləli
sistemini qoruyub saxlamaq, onu inkişaf etdirərək
günün tələbləri səviyyəsinə
çatdırmaq;
- mədəniyyət sahəsində beynəlxalq
əlaqələri, bərabərhüquqlu
əməkdaşlığı inkişaf etdirmək,
ümumdünya miqyasında milli mədəniyyətimizin
nüfuzunu artırmaq;
- bir sıra Avropa ölkələrində
mədəniyyət siyasətinin sütunları sayılan
və demokratiya şəraitində son dərəcə vacib
olan mədəni fərdiliyin formalaşmasını və
möhkəmlənməsini, submədəniyyət
müxtəlifliyinə hörməti,
yaradıcılığın həvəsləndirilməsini
və mədəni həyatda iştirakı
təşviq etmək;
- vətəndaş cəmiyyətinin, onun ayrı-ayrı qrup
və laylarının mədəni fəaliyyəti
üçün geniş imkanlar yaratmaq;
- dünya klassik irsinin və müasir
incəsənətin (həm elitar, həm də qlobal
kütləvi mədəniyyətin) ali nümunələrinin
geniş təbliği və beynəlxalq standartlara cavab
verən milli-mədəni sənaye və kommersiyanın
sürətli inkişafı yollarını
müəyyənləşdirmək;
- mədəni turizm infrastrukturunun
yaradılması və gerçəkləşməsini
təmin etmək və s.
Əlbəttə, mədəniyyət siyasətinin qeyd olunan
məqsəd və prinsiplərini effektiv reallaşdırmaq
üçün ilk növbədə
düşünülmüş, hüquqi baxımdan
mükəmməl və müasir tələblərə cavab verən qanunlar tələb olunurdu.
Çox önəmlidir ki, müstəqillik
dövründə bu sahədə səmərəli iş
aparılıb və nəticədə 23 qanun qəbul edilib.
Ölkə qanunlarında mədəniyyət siyasəti
ilə bağlı bütün problemlərin hüquqi cəhətdən tənzimlənməsi Azərbaycanın
qoşulduğu mədəniyyətə dair 11 beynəlxalq
Konvensiyaya, həmçinin YUNESKO-nun və onun nəzdində
fəaliyyət göstərən beynəlxalq
təşkilatlar (İKOM, İKOMOS, İKKROM) və Avropa
Şurasının mədəniyyət siyasəti üzrə
departamenti daxil olmaqla digər beynəlxalq qurumların
müvafiq layihə və tövsiyələrinə uyğun
olaraq həll edilmişdir.
Beləliklə, Azərbaycan Respublikasında banisi Heydər
Əliyev olan yeni mədəniyyət siyasətinin
bütün parametrləri, demək olar ki, artıq
dəqiqləşdirilmişdir. Bu problemlə
bağlı bir çox məsələlər milli
ekspertlər tərəfindən Avropa Şurasının 2000-ci
ildə təklif etdiyi "STACE" layihəsi
çərçivəsində hazırlanan və 2002-ci
ildə Strasburqda Avropa Şurasının Mədəniyyət
üzrə Rəhbər Komitəsində təqdim olunan
Azərbaycanın mədəniyyət
siyasəti üzrə milli məruzəsində tam
əhatə olunub. 19 fəsildən ibarət olan
məruzədə milli mədəniyyət siyasətimizin
səciyyəvi xüsusiyyətləri açıqlanıb, o
cümlədən müvafiq sferada dövlət
idarəçiliyi, onun strateji inkişaf xətti, qanunvericilik
təminatı, mədəni irsin mühafizəsi,
yaradıcılığın dəstəklənməsi
və digər problemlərin geniş spektri
işıqlandırılıb. Beləliklə,
məruzədə ölkənin müasir mədəniyyət
siyasətinin bütün tərəfləri, həmçinin
mədəniyyət siyasətinin fəaliyyəti və inkişafının
bilavasitə asılı olduğu bir sıra amillər
ardıcıl olaraq açıqlanmışdır.
2001-ci ilin sonlarında Mədəniyyət Nazirliyi
tərəfindən yaxın 5 il üçün
"Azərbaycan mədəniyyətinin dövlət
inkişaf proqramı" işlənib hazırlanmışdır.
Proqram ölkədə dövlət mədəniyyət
siyasətinin strateji məqsədlərinə nail olunmasına
yönəlmiş və bununla bağlı əsas
prioritetləri irəli sürmüşdür.
Yuxarıda deyilənlərə yekun vuraraq,
belə bir faktı təsdiq etmək olar ki, Azərbaycanın
mədəniyyət sahəsində Heydər Əliyev
tərəfindən əsası qoyulan müasir siyasətin
və idarəçiliyin aparıcı istiqamətləri
keçmişi, milli-mədəni sərvətləri qoruyub
saxlamaq, indinin müsbət nailiyyətlərini
dəstəkləmək və inkişaf etdirmək,
gələcəyə inamla baxmaqdır. Cəmiyyətin
ardıcıl surətdə demokratikləşməsi,
mədəniyyətin bəşər inkişafının
ayrılmaz faktoru kimi dərk olunmasının və qəbul
edilməsinin getdikcə güclənməsi, bu sahənin
uğurlu inkişafı mədəniyyət siyasətinin
düzgün olmasını təsdiqləyir və nikbin
proqnozlar üçün inandırıcı əsas
yaradır.
Azərbaycan.- 2008.- 11 may.- S. 8.