Hacızadə A.
Elmira
Axundova: Azərbaycan nümayəndə heyətinin Moskvaya
səfəri çox uğurlu və səmərəli oldu
Azərbaycan Prezidentinin
İcra Aparatının rəhbəri Ramiz Mehdiyev başda
olmaqla nüfuzlu nümayəndə heyəti mayın
14-dən 16-dək Moskvada səfərdə olmuş,
görkəmli dövlət xadimi və siyasi xadim,
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 85 illik yubileyinə həsr olunmuş
təntənəli gecədə iştirak etmişdir.
Nümayəndə heyətinin üzvü, Milli Məclisin
deputatı Elmira Axundova Rusiya paytaxtına səfər
haqqında təəssüratlarını
bölüşərək demişdir: "Moskvada belə bir mühüm
tədbirdə iştirak etmək mənim üçün
böyük şərəf idi. Biz bu böyük
şəxsiyyətin anadan olmasının 85 illiyinin İttifaqlar
Evinin Sütunlu salonunda qeyd ediləcəyini bilirdik, lakin bu
hadisənin miqyasını aydın təsəvvür etmirdik.
Sütunlu salonda təşkil edilmiş fotosərgini,
Heydər Əliyev haqqında fotoalbomların, jurnalların,
kitabların çoxsaylı qonaqlara hədiyyə edildiyini
görəndə heyran olduq. Heydər Əliyevin
xatirəsinə ehtiramını bildirməyə gəlmiş
insanların sayı və iştirakçıların
səviyyəsi də qəlbimizdə qürur hissi
oyadırdı - orada gənclər, Moskva hökumətinin,
Moskva İcra Hakimiyyətinin, diplomatik missiyaların, ziyalıların,
Azərbaycan diasporunun nümayəndələri vardı.
Təsəvvür edin ki, 1200 nəfərlik salonda bir
dənə də boş yer yox idi. Azərbaycan Prezidentinin
İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin
sözlərinə görə, bu tədbir bizim
gözlədiyimizdən də yüksək
səviyyədə təşkil edilmişdi. Gecədə
çıxış edənlər arasında Rusiya Prezidenti
Administrasiyasının rəhbəri Sergey Narışkin,
Rusiya Prezidentinin köməkçisi Cahan Pollıyeva, Moskva
merinin birinci müavini və başqaları vardı".
Elmira Axundova daha sonra demişdir: "Hazırda mən
Heydər Əliyev haqqında üçüncü, onun
həyatının Moskva dövrünü əks etdirən
kitab üzərində işləyirəm. Mən bilirəm
ki, o, sovet dövründə elmin inkişafında çox
böyük rol oynamışdır. Tretyakov
Qalereyasının binasının yenidən qurulması
üçün bilavasitə onun göstərişi və
tapşırığı əsasında vəsait
buraxılmışdı. O, Gennadi Xazanovun teatrının
yaradılmasına kömək edənlərdən biri olmuş,
daha neçə-neçə faydalı işlər
görmüşdür. Demək istəyirəm ki,
gecədə çıxış edənlər
təsadüfi adamlar deyildi, onlar həyatda ucalmalarına
görə Heydər Əliyevə borclu insanlar idi.
Konsert də çox maraqlı
düşünülmüşdü. Orada da təsadüfi
adamlar deyil, Heydər Əliyevi şəxsən tanıyan
adamlar çıxış etdi, keçmiş Sovet
İttifaqının ən məşhur mədəniyyət
xadimləri - Rusiyadan, Gürcüstandan, Ukraynadan,
Özbəkistandan olan artistlər Heydər Əliyevə
məhəbbətlərini bildirdilər. Bütün bunlar
Heydər Əliyevin hərtərəfli nadir
şəxsiyyət olmasına dəlalət edir. O, sovet
səhiyyəsinə, elmə, mədəniyyət xadimlərinə
çox kömək etmişdir... Tədbirin
təşkilatçıları bütün bunları
başa düşərək, xatirə gecəsinin
rəsmiyyət naminə keçirilən ənənəvi
mərasim deyil, çox səmimi bir tədbir olmasına
çalışmış və bu işin
öhdəsindən gəlmişlər.
Açığını deyim ki, bu tədbirdən sonra
səfirliyimizin işçilərinə hörmətim
artdı, onlara ürəkdən təşəkkür
edirəm".
Elmira Axundova Azərbaycan nümayəndə heyətinin
Moskvada hər hansı görüşlər
keçirib-keçirmədiyi barədə sualı
şərh edərək demişdir ki, nümayəndə
heyətinin səfəri çox səmərəli və faydalı
olmuşdur. Onun sözlərinə görə, bütün
bunlar, ilk növbədə, ona görə mümkün
olmuşdur ki, Prezidentin İcra Aparatının rəhbəri
Ramiz Mehdiyevi Kremldə çox yaxşı qəbul
etdilər, çox maraqlı və faydalı
görüşlər keçirildi, müxtəlif
səviyyələrdə Azərbaycan-Rusiya
əməkdaşlığının perspektivləri
barədə ətraflı fikir mübadiləsi oldu.
Bu, çox vacib idi, çünki Rusiyada rəhbərlik
dəyişmişdir, buna görə də ölkənin yeni
rəhbərliyi ilə münasibətləri
tənzimləmək, Vladimir Putinin və İlham Əliyevin
dövründə həyata keçirilən xəttə
sadiqliyi təsdiq etmək çox vacib idi. Mən bilirəm
ki, Rusiya tərəfi siyasi xəttin varisliyinə sadiq
qalacağını bildirmişdir. Üstəlik, Rusiya
Prezidenti Dmitri Medvedev Azərbaycan Prezidentinin İcra
Aparatının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın Dostluq
ordeni ilə təltif edilməsi barədə fərman
imzalamışdır. Onu da qeyd edim ki, bu, Rusiyanın yeni
Prezidentinin təltif haqqında ilk fərmanıdır və
təltif edilən şəxs Ramiz Mehdiyev oldu.
E.Axundova Azərbaycan nümayəndə heyətinin
Rusiyanın iki ən böyük agentliyində - İTAR-TASS
və "RİA Novosti" agentliklərində də
olduğunu bildirərək demişdir ki, İTAR-TASS agentliyi
ulu öndər Heydər Əliyevin 85 illiyi münasibətilə
yubiley tədbirinin hazırlanmasında böyük rol
oynamış, bu münasibətlə nəfis
tərtibatlı fotoalbom və dəvətnamələr
çap etmişdir.
Azərbaycan.- 2008.- 17 may.- S. 3.