Hacızadə A.
Ramiz
Mehdiyev: Heydər Əliyevə ən yaxşı abidə
müstəqil və özünü təmin edə bilən
Azərbaycandır
Mayın 14-də
Moskvada, İttifaqlar evinin Sütunlu salonunda görkəmli
dövlət xadimi, Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə
həsr edilmiş təntənəli gecə
keçirilmişdir.
Gecə Rusiya Federasiyası hökuməti, Moskva meriyası,
Heydər Əliyev Fondu, İTAR-TASS agentliyi və
Azərbaycanın RF-dəki səfirliyi tərəfindən
təşkil olunmuşdu. Tədbirdə Azərbaycan
Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev,
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin,
RF Prezidentinin köməkçisi Cahan Pollıyeva, Moskva
merinin birinci müavini Lyudmila Şvetsova, Rusiya xarici
işlər nazirinin birinci müavini Andrey Denisov,
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko,
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana
Anodina, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Nikolay
Laverov, Tretyakov Qalereyasının baş direktoru Valentin
Rodionov, Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu, Rusiya ictimaiyyətinin və Moskvada
diplomatik missiyaların nümayəndələri, Azərbaycan
nümayəndə heyətinin üzvləri iştirak
edirdilər. Moskva merinin birinci müavini Lyudmila Şvetsova
təntənəli gecəni açaraq Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin parlaq
həyat yolu və çoxşaxəli
fəaliyyətindən danışmışdır. O
vurğulamışdır ki, Heydər Əliyevin şah
əsəri müasir müstəqil Azərbaycan və onun
dövlətçiliyidir. L.Şvetsova demişdir: "O,
dünyada ən müdrik siyasətçilərdən biridir
və Rusiya onun bu ölkə üçün etdiyi
yaxşılıqları yüksək
qiymətləndirir".
RF Prezidenti Administrasiyasının rəhbəri Sergey
Narışkin çıxışında
vurğulamışdır ki, bu tədbirə toplaşan
insanların hamısı bizim haqlı olaraq görkəmli
dövlət xadimi, müdrik vətəndaş və siyasi
xadim hesab etdiyimiz və bu gün də belə
düşündüyümüz böyük insana - Heydər
Əliyevə ehtiramımızı bildirməyə
gəlmişdir. Onun xatirəsi həm Rusiyada, həm
Azərbaycanda, həm də başqa ölkələrdə
ehtiramla yad edilir. S.Narışkin demişdir: "Heydər
Əliyev onilliklər boyu yüksək dövlət
vəzifələri tutmuşdur. Həm Rusiya, həm də
Azərbaycan iqtisadi və sosial sahələrdəki bir
çox uğurlarına görə ona borcludur". O
bildirmişdir ki, müasir Azərbaycanın
dövlətçiliyin təşəkkülü və
möhkəmlənməsində, əsaslı iqtisadi və
sosial islahatlar keçirilməsində qazandığı
uğurlar çox cəhətdən Heydər Əliyevin
xidmətidir. Rusiya Prezidenti Administrasiyasının
rəhbəri xüsusi vurğulamışdır ki, Heydər
Əliyevin rəhbərliyi altında respublikada davamlı
inkişafın və Azərbaycanın beynəlxalq
nüfuzunun artmasının möhkəm təməli
qoyulmuşdur.
Sergey Narışkin Azərbaycan və rus xalqları
arasında dostluğun və mehriban qonşuluğun
möhkəmlənməsinə Heydər Əliyevin çox
böyük şəxsi töhfə verdiyini də xatırlatmışdır.
O demişdir: "Rusiya ilə Azərbaycan arasında strateji
tərəfdaşlıq münasibətlərinin
formalaşması onun adı ilə bağlıdır. Məhz
Azərbaycan Respublikası liderinin qətiyyətli və
prinsipial mövqeyi bizim soydaşlarımıza ana dilinin və
milli mədəniyyətin inkişafı üçün yeni
imkanlar yaratdı. Buna görə də qanunauyğun haldır
ki, Heydər Əliyev Rusiya-Azərbaycan
münasibətlərinin möhkəmlənməsinə müstəsna
töhfələrinə görə Rusiyanın yüksək
dövlət mükafatına - Müqəddəs Apostol Andrey
Pervozvannı ordeninə layiq görülmüşdür".
Sergey Narışkin xüsusi olaraq vurğulamışdır
ki, Heydər Əliyeviç Əliyevin işini hazırda onun
oğlu - Azərbaycan Prezidenti İlham Əliyev
ləyaqətlə davam etdirir. Çox vacib məqam ondan
ibarətdir ki, İlham Əliyev də iki ölkənin
xalqları arasında tərəfdaşlıq və dostluq
münasibətlərinin qətiyyətli
tərəfdarıdır. Rusiya Prezidenti
Administrasiyasının rəhbəri demişdir:
"Heydər Əliyev hələ 1990-cı illərin
ortalarında vurğulayırdı ki, Azərbaycan və
Rusiyanın fəal əməkdaşlığa və dostluq
münasibətlərinə ehtiyacı var. Mən şadam ki,
biz birgə səylərimiz hesabına Heydər Əliyevin bu
vəsiyyətini yerinə yetirə bilirik. Son illərdə
bizim əlaqələr getdikcə möhkəmlənir və
daha məzmunlu olur. Ölkələrimizin rəhbərləri
daim konstruktiv siyasi dialoq aparırlar, əmtəə dövriyyəsi
durmadan artır, humanitar və mədəni əlaqələr
genişlənir. Lakin ən başlıcası odur ki, biz
qiymətli dostluq və qarşılıqlı etimad
ənənələrini həqiqətən yüksək
dəyərləndiririk. Rusiya ilə Azərbaycanın
tərəfdaşlığı, xalqlarımızın
bir-birinə daha da yaxınlaşması, regional və
beynəlxalq məsələlərdə konstruktiv
qarşılıqlı əlaqə bizim milli
mənafelərimizə tam uyğundur. Rusiyaya, xalqımıza
xoş münasibətinə görə biz Heydər
Əliyevə minnətdarıq".
Sergey Narışkin daha sonra bildirmişdir ki, RF Prezidenti
Dimitri Medvedev Rusiya ilə Azərbaycan arasında dostluq və
mehriban qonşuluq münasibətlərinin
möhkəmlənməsinə və inkişafına
böyük töhfələrinə görə Azərbaycan
Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin
Dostluq ordeni ilə təltif edilməsi haqqında fərman imzalamışdır.
Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri
akademik Ramiz Mehdiyev gecədə çıxış
edərək ulu öndər Heydər Əliyevin
xatirəsinə dərin ehtiramlarına görə tədbirin
təşkilatçılarına
təşəkkürünü bildirmişdir. O,
gecəyə toplaşanlara Azərbaycan Prezidenti İlham
Əliyevin salamlarını, tədbirin
təşkilatçılarına, o cümlədən
İTAR-TASS agentliyinin rəhbərliyinə bu
təşəbbüsə görə onun təşəkkürünü
çatdırmışdır.
Ramiz Mehdiyev çıxışında ulu öndər
Heydər Əliyevin və Azərbaycanın bir-birilə
sıx bağlı olan həyatının əsas
mərhələləri və taleyüklü
hadisələri barədə məlumat verdi. O, öz
çıxışında Azərbaycan xalqının
ümummilli liderinin fenomenal şəxsiyyətinə və
titanik fəaliyyətinə fəlsəfi-analitik
xarakteristikasını vermiş, Heydər Əliyevin
bioqrafiyasının əsas məqamlarından, onun
təkcə Azərbaycanın və keçmiş SSRİ-nin
tarixində deyil, dünya tarixində möhtəşəm
rolundan ətraflı söhbət açmışdır.
R.Mehdiyev vurğulamışdır ki, Heydər Əliyev
bütöv bir epoxa, böyük şəxsiyyət, suveren,
demokratik Azərbaycanın memarı və qurucusudur. O,
gələcək nəsillərə müstəqil,
özünü təmin edən bir dövlət miras
qoymuşdur. Azərbaycan xalqının ümummilli liderinin
adı Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Konrad Adenauer,
Vladimir Putin kimi görkəmli şəxsiyyətlərlə
yanaşı dünya tarixinə qızıl
hərflərlə yazılmışdır. R.Mehdiyev
demişdir: "Dövləti qoruyub saxlamaq və
gücləndirmək, xalqı fəlakətlərdən xilas
etmək və daim dəyişməkdə olan qlobal
proseslər şəraitində onun yaşamaq hüququnu
sübut etmək yalnız Heydər Əliyev kimi
özlərini vətənə xidmətə həsr etmiş
insanların hünəridir. O, 1990-cı il yanvarın
20-də Bakıda baş vermiş qanlı
hadisələrlə əlaqədar Heydər Əliyevin öz
vətəndaş mövqeyini cəsarətlə ifadə
etməsi, Azərbaycan paytaxtına qoşun
yeridilməsinə, günahsız, silahsız insanların
qətlə yetirilməsinə, mərkəzi hakimiyyət
orqanlarının insanlığa zidd siyasətinə etiraz
əlaməti olaraq Sov.İKP sıralarını tərk
etməsi, xalqın çağırışı ilə ulu
öndərin vətənə qayıtması, bununla da
ölkəmizin səriştəsiz
siyasətçilərdən və parçalanmaq
təhlükəsindən xilas olması barədə
ətraflı bəhs etmişdir.
Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri
bildirmişdir ki, Heydər Əliyev qısa müddətdə
sabit Azərbaycan dövləti formalaşdırmağa nail
olmuş, onun xarici siyasət prioritetlərini
müəyyən etmiş, Azərbaycanın qüdrətli
və sarsılmaz, hazırda dünya birliyində layiqli yerini
tutmuş, böyük nüfuza malik olan,
bərabərhüquqlu və etibarlı tərəfdaş
kimi qəbul edilən dövlətə çevrilməsinin
təməlini qoymuşdur. R.Mehdiyev demişdir: "Biz
yalnız Heydər Əliyevin sayəsində
dövlətçiliyimizi qoruyub saxlamağa və
bütün gözlənilməz hadisələrdən
uğurla ötüşməyə nail olduq, yetkinlik
imtahanından uğurla çıxdığımızı
sübut etdik. Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin qurucusudur, müstəqil, suveren
Azərbaycan isə onun abidəsidir". R.Mehdiyev müasir
Azərbaycan və onun uğurları barədə
ətraflı söhbət açaraq
vurğulamışdır ki, Azərbaycanın nüfuzunun
və beynəlxalq imicinin yüksəldilməsinə
yönəlmiş dövlətçiliyin
möhkəmləndirilməsi siyasəti Azərbaycanın
indiki Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir və reallaşdırılır.
R.Mehdiyev daha sonra demişdir: "Son dörd ildə İlham
Əliyev Azərbaycanı iqtisadi cəhətdən
özünü təsdiqləmiş ölkədən milli
mənafelər və geosiyasi xüsusiyyətlər
nəzərə alınmaqla demokratik baxımdan
özünü təsdiqləmiş dövlətə çevirmişdir.
İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda liderliyini
qoruyub saxlamaqla yanaşı, Rusiya ilə strateji
tərəfdaşlığın
genişləndirilməsinə xüsusi əhəmiyyət
verir. Rusiyaya münasibətdə biz bütün
sahələrdə əlaqələrin daha da
dərinləşdirilməsi, genişləndirilməsi və
inkişaf etdirilməsinin zəruri olması mövqeyindən
çıxış edirik. Xalqlarımız çoxəsrlik
dostluq və mehriban qonşuluq ənənələrini
yüksək qiymətləndirirlər. Heydər Əliyev
Rusiya ilə münasibətlərə həmişə
xüsusi əhəmiyyət verirdi və bu
münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə qaldırmışdı, bu isə
Heydər Əliyev ilə Vladimir Putin arasında səmimi
münasibətlər sayəsində mümkün olmuşdu".
Ramiz Mehdiyev çıxışının sonunda
vurğulamışdır: "İndi Azərbaycan Cənubi
Qafqazda sabitlik və tərəqqi adasıdır, o,
günbəgün dəyişir və özünü
getdikcə inamlı hiss edir. Lakin biz bu böyük insanı
daim xatırlayacağıq, Azərbaycanda bu tərəqqi
məhz onun dövlət xadimi kimi müdrikliyi və
qətiyyəti sayəsində əldə edilmişdir. O,
qeyri-adi qabiliyyətlərə və istedadlara malik olan
fenomenal insan, tarixi özünə tabe etmiş
şəxsiyyət kimi daim qəlbimizdə
yaşayacaqdır".
Sonra çıxış edən İTAR-TASS agentliyinin
baş direktoru Vitali İqnatenko, Rusiya EA-nın vitse-prezidenti
Nikolay Laverov, Tretyakov Qalereyasının baş direktoru Valentin
Rodionov, Rusiyanın xalq artisti Gennadi Xazanov müasir tarixin
ən böyük şəxsiyyətlərindən biri
adlandırdıqları Heydər Əliyevlə
görüşləri haqqında səmimi xatirələrini
bölüşdülər.
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu təntənəli gecənin bütün
təşkilatçılarına təşəkkür
edərək bildirmişdir ki, zəmanəmizin böyük
dövlət xadimi və siyasi xadim Heydər Əliyev həm
azərbaycanlılar, həm də rusiyalılar
üçün eyni dərəcədə əzizdir.
Heydər Əliyev böyük siyasətçi və öz
xalqının ulu öndəri kimi müasir tarixdə əbədi
qalacaqdır.
Rəsmi hissədən sonra Rusiyanın və
Azərbaycanın tanınmış artistlərinin
iştirakı ilə konsert olmuşdur. İosif Kobzon, Lev
Leşşenko, Zurab Sotkilava, Elçin Əzizov, Rusiyanın
və Azərbaycanın rəqs ansamblları, "Relikt"
üçlüyü, Özbəkistanın "Yalla"
ansamblı, Pyatnitski adına xor, Sankt-Peterburqun
"Terem-kvartet" kollektivi və başqaları Heydər
Əliyevin xatirəsinə ithaf etdikləri musiqi
nömrələri ilə çıxış
etmişlər. Konsertdə çıxış edən
artistlər də ulu öndər Heydər Əliyevin
mədəniyyət və incəsənət
xadimlərinə ata kimi qayğıkeş münasibətini
xatırlayaraq bildirmişlər ki, o, həmişə
sənət adamlarının dostu və dayağı
olmuşdur.
İttifaqlar evinin Sütunlu salonunun foyesində Heydər
Əliyevə həsr olunmuş fotosərgi təşkil
edilmişdi. Təntənəli gecənin iştirakçılarına
İTAR-TASS agentliyi və Heydər Əliyev Fondu
tərəfindən hazırlanmış "Heydər
Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır..."
fotoalbomu, Azərbaycan xalqının ümummilli lideri
haqqında maraqlı materiallar dərc edilmiş "Baku"
və "Exo planetı" jurnalları paylanmışdır.
Azərbaycan.- 2008.- 16 may.- S. 3