Mayın 10-da
Bakıda “Gülüstan” sarayında Azərbaycan
xalqının ümummilli lideri, müstəqil
dövlətçiliyimizin xilaskarı Heydər Əliyevin 85
illik yubileyinə həsr edilmiş xatirə gecəsi
keçirilmişdir. Xatirə gecəsində nitq
söyləyən Azərbaycan Respublikası Rabitə və
informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun
çıxışı:
Son illər ölkəmizdə ümummilli
liderimiz Heydər Əliyevin strateji inkişaf siyasətinin
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi
nəticəsində güclü sosial-iqtisadi inkişaf
müşahidə olunur və artıq “Azərbaycan inkişaf
dinamikasına görə öndə gedən
ölkələr sırasındadır”. Prezident
İ.Əliyevin təbii sərvətlərdən
yüksək texnologiyalara doğru aparan iqtisadiyyatın
transformasiyası siyasəti öz bəhrələrini
verməkdədir. Bunun nəticəsidir ki, son 3 ildə
qeyri-neft sektorunda artım tempi 11-13% olaraq, ümumdünya orta
iqtisadi artım tempini təqribən 2 dəfə
üstələyir.
Dünyanın qabaqcıl ölkələrinin
təcrübəsi sübut edir ki, elm, təhsil və
iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir
ölkənin davamlı və dayanıqlı
inkişafının başlıca təminatçısıdır.
Bu siyasətin aparıcı qüvvəsi olan
informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər
sürətlə inkişaf edərək bütün
sahələrdə və gündəlik həyatda insan
fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin
tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən
yeni nailiyyətləri idarəetmə, təhsil,
səhiyyə, biznes, turizm və bank xidməti kimi
sahələrdə tətbiq edilərək, cəmiyyətin
hər bir üzvünə mövcud imkanlardan faydalanmağa
şərait yaradır. Bu baxımdan yeni texnologiyalar
üzrə dövlət siyasəti cəmiyyətin ictimai
və siyasi təfəkkürünü qabaqlamalı,
yaxın onilliklər üçün bu istiqamətdə
görüləcək işlərin strateji xəttini
müəyyənləşdirməlidir. Azərbaycan
Respublikasında da İKT sahəsinin inkişaf etdirilməsi
üzrə dövlət siyasəti bu prinsip
üzərində qurulur və beynəlxalq
təcrübəyə əsaslanır.
Azərbaycanın inkişaf tarixinin son 40
ilinə nəzər salsaq, gələcəyə
istiqamətlənmiş, dayanıqlı inkişafı təmin
edən, elm və texnologiyaların inkişafını
şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun
davamlı inkişafına yönəlmiş və
cəmiyyətin hər bir üzvünün rifahına
xidmət edən müdrik siyasətin təzahürlərini
görərik. Bu siyasətin tərkib hissəsi kimi,
Azərbaycanda rabitənin, elektron avadanlıqlar və
informasiya texnologiyaları sektorunun inkişafının
geniş vüsət alması məhz ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın yaxın onilliklər
üçün inkişaf perspektivlərini biliklərə
əsaslanan iqtisadiyyatla birbaşa bağlı olduğunu
uzaqgörənliklə düşünən ümummilli lider
informasiya-kommunikasiya texnologiyaları sektorunun
inkişafının təməlini hələ 70-ci illərdə
qoymuşdur.
1970 - 80-ci illərdə Elmlər Akademiyasında,
universitetlərdə və sahə institutlarında
elektronika, avtomatika və hesablama texnikası üzrə
istedadlı alimlər və təcrübəli
mütəxəssislər yetişdirildi, elektron avadanlıq
istehsal edən zavodlar tikildi. Kibernetika
İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya -
Telekommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və s. kimi
elmi tədqiqat müəssisələri yaradıldı.
Möhtərəm Heydər Əliyevin birbaşa köməyi
ilə Azərbaycana ilk böyük elektron hesablama
maşını - BESM-6 gətirildi. Respublika
avtomatlaşdırılmış idarəetmə sistemləri
- RASU - “Azərbaycan”, respublika kompüter
şəbəkəsi, akademşəbəkə, bütün
SSRİ-də tanınan və istifadə olunan
avtomatlaşdırılmış neftçıxarma
idarəetmə sistemləri və kompleksləri işlənib
hazırlandı. “AZON”, “NORD” elm-istehsalat birlikləri,
Radiozavod, Elektron hesablama maşınları zavodu, “Peyk”,
“Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib
istifadəyə verildi. Sonralar Naxçıvanda,
Tərtərdə, Mingəçevirdə, Əli
Bayramlıda, Gəncədə, Sumqayıtda və Bakıda
30-dan artıq elektron və cihazqayırma zavodları
işə salındı. Beləliklə, respblikada yeni və
son dərəcə əlverişli bir sənaye sahəsi
təşkil olundu. Onun elmi təminatı
yaradıldı. Elmi-tədqiqat institutlarının
nəzdində “Kristal”, “Registr”, “Tellur”, “Kibernetika”, “Biotex”,
“Mikroelektronika”, “Kaskad” xüsusi konstruktor büroları fəaliyyət
göstərməyə başladı. Bakı Dövlət
Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki
Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt
Dövlət Universiteti, Lənkəran
Dövlət Universiteti, Naxçıvan Dövlət
Universiteti kimi ali təhsil müəssisələrində
İKT ixtisasları üzrə mütəxəssislər
hazırlanması üçün maddi-texniki baza
yaradıldı. Beləliklə, indi bütün dünya
tərəfindən qəbul edilmiş, müasir sosial-iqtisadi
tərəqqinin inkişaf sxemi olan
“Universitet-İqtisadiyyat və Hökumət” üçqat
spiral modelinin praktiki tətbiqini H.Əliyev 70-80-ci
illərdə artıq Azərbaycanda həyata
keçirmişdir.
Müstəqilliyimizin ilk illərində ümummilli lider
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
xüsusi diqqət yetirir və bu sahədə inkişafa nail
olmaq üçün daim səylər göstərirdi. Azərbaycanla Amerika qitəsi arasında birbaşa
rabitənin yaradılmasına imkan verən peyk-rabitə
sisteminin, «Baksell» və «Azərsell» birgə
müəssisələrinin yaradılması ilə
Azərbaycanda mobil rabitənin inkişafının
əsası qoyulmuş, ilk beynəlxalq Telefon
Stansiyasının yaradılması H.Əliyevin bu
istiqamətdə atdığı ilk və vacib
addımlar idi. Azərbaycanda rabitə sektoruna
ilk investisiyaların cəlb edilməsi də ümummilli
liderin səyləri nəticəsində mümkün
olmuşdur.
Ölkəmizin radio-televiziya yayımının müasir
tələblərə uyğun təşkili, milli televiziya
proqramının süni peyk vasitəsilə
yayımlanmağa başlanılması, Avropa və
Yaxın Şərq dövlətləri ilə yanaşı
blokada şəraitində olan Naxçıvan Muxtar
Respublikasının əhalisinin də Milli televiziya
proqramlarını seyr etmək imkanı qazanması məhz
ümummilli lider H.Əliyevin adı ilə bağlıdır.
Bütün bu qeyd olunanların məntiqi nəticəsidir ki,
regionun ən dinamik inkişaf edən ölkəsi kimi
Azərbaycan bu gün informasiya- kommunikasiya texnologiyaları
sahəsinin genişləndirilməsi üçün
böyük imkanlara malikdir. Bizim cəmiyyətimiz bu imkanlardan
maksimum bəhrələnərək, dünya birliyinə
inteqrasiyanı özünün ən başlıca vəzifəsi
kimi görür. Bu vəzifənin yerinə
yetirilməsi üçün 2003-cü ildə ümummilli
liderimiz Heydər Əliyev tərəfindən böyük
uzaqgörənliklə imzalanmış və bu
məqsədlərə çatmağın həlli
istiqamətlərini müəyyənləşdirən
“Azərbaycan Respublikasının inkişafı naminə
İnformasiya və Kommunikasiya Texnologiyaları Üzrə
Milli Strategiya”sı çox
düşünülmüş və proqramlı
şəkildə həyata keçirilir. Azərbaycan
Respublikası Cənubi Qafqazda bu sahə üzrə Milli
Strategiya qəbul edən ilk ölkə olmuşdur.
2003-cü ilin 15 oktyabrında İlham Əliyevin xalqın
əksəriyyətinin etimadını qazanaraq prezident
seçilməsi ilə Azərbaycanın inkişafında
yeni bir mərhələ başlandı.
İqtisadiyyatımızın davamlı və dayanıqlı
inkişafı, ictimai-siyasi sabitliyin daha da
möhkəmləndirilməsi, yeni iş yerlərinin
açılması, əmək haqlarının və
pensiyaların bir neçə dəfə artırılması,
ünvanlı sosial yardımlar, yoxsulluğun azaldılması,
regionların sosial-iqtisadi inkişafı, beynəlxalq qurumlarla
qarşılıqlı etimad əsasında sıx
əməkdaşlıq və digər bu kimi
nailiyyətlər ötən illər ərzində Prezident
İlham Əliyevin həyata keçirdiyi islahatların
təkzibolunmaz uğurlarındandır. Qısa müddət
ərzində Azərbaycanda informasiya və kommunikasiya
texnologiyaları sektorunun inkişafı üçün
mühüm addımlar atıldı. Azərbaycan İKT
üzrə beynəlxalq tədbirlərin fəal
iştirakçısına və
təşkilatçısına çevrildi. Artıq bu
gün informasiya-kommunikasiya texnologiyalarının inkişaf
etdirilməsi Azərbaycan Respublikasının dövlət
siyasətinin əsas prioritet istiqamətlərindən
birinə çevrilmişdir. Təsadüfi deyildir ki,
Azərbaycan Respublikasının Prezidenti seçildikdən
sonra cənab İlham Əliyevin ilk beynəlxalq səfəri
2003-cü il dekabrın 12-də keçirilmiş
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində
iştirak etmək üçün Cenevrəyə oldu.
Sammitdə “Qara qızılı insan qızılına
çevirək” tezisini səsləndirməklə, cənab
Prezident ölkə iqtisadiyyatında yeni inkişaf
mərhələsinin əsasının qoyulduğunu
bütün dünyaya bəyan etdi.
Son zamanlar dünyanın ən böyük kommunikasiya
şirkətləri Azərbaycana böyük maraq
göstərirlər. Böyük
şirkətlərin rəhbərlərinin respublikamıza
səfərləri və 2007 və 2008-ci ilin yanvar ayında
Davosda keçirilmiş ənənəvi iqtisadi forumda
dünyanın aparıcı informasiya-kommunikasiya
texnologiyaları şirkətlərinin (Microsoft, Cisco və
İntel) prezidentlərinin təşəbbüsü ilə
cənab Prezident İlham Əliyevlə görüşlər bir daha göstərir ki, Azərbaycanın İKT
sektoru potensial investorların diqqət mərkəzindədir
və bu imkanlardan səmərəli istifadə olunur.
2007-ci il fevral ayının 13-də “Regionların sosial-iqtisadi
inkişafı üzrə (2004-2008-ci illər) Dövlət
Proqramı”nın üç illiyi münasibətilə
keçirilmiş Konfransda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev “...
mən informasiya-kommunikasiya texnologiyalarının
Azərbaycanda tətbiqini prioritet məsələ elan
edirəm” tezisini səsləndirməklə
informasiya-kommunikasiya texnologiyaları sahəsinin
inkişafı və müasir texnologiyaların Azərbaycanda
tətbiqi üçün yeni mərhələnin
başlandığını elan etdi. Azərbaycana
yeni investisiyalar gəlməsində, texnoparklar
yaradılmasında maraqlı olduğunu söyləyən
dövlət başçısı ölkədə çox
güclü informasiya-kommunikasiya mərkəzinin
yaradılmasının labüdlüyünü,
Azərbaycanın yaxın gələcəkdə
informasiya-kommunikasiya texnologiyaları üçün
cəlbedici ölkəyə çevriləcəyini də
vurğuladı.
Microsoft şirkətinin rəhbəri Bill Qeytsin Bakıda
keçirilmiş “Bakutel-2006” XII beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisinə
göndərdiyi məktubunda da bu məqam xüsusi olaraq
vurğulandı: “Microsoft şirkəti Azərbaycanın
dünyanın ən dinamik inkişaf edən
ölkələrindən birinə çevrilməsini
böyük maraqla izləyir. Sürətli iqtisadi inkişaf hökumətinizin
iqtisadi artım ilə bağlı qəbul etdiyi strateji
qərarların düzgün olduğunu göstərir.
Prezident İlham Əliyevin informasiya texnologiyalarının
əhəmiyyətini vurğulaması böyük
önəm kəsb etmişdir. Onun bu sahədə
dəstəyi bir çox beynəlxalq biznes dairələrini
Azərbaycana gələcək investisiyalar üçün
böyük potensiala malik olan ölkə kimi baxmağa
təşviq edir. Mən Azərbaycan
hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafı ilə bağlı gördüyü
işlərdən heyrətlənir və müasir
texnologiyalar, elmi və texniki tərəqqi, təhsil və
insan ehtiyatları sahəsinə investisiya qoymaq
qərarını alqışlayıram. Azərbaycan
özünün təhsilli və bacarıqlı
işçi qüvvəsi ilə elm, texnologiya,
mühəndislik və digər sahələrdə
böyük potensiala malik olduğunu açıq
şəkildə göstərir”.
Azərbaycanın ümumi sosial-iqtisadi
inkişafı üzrə dövlət siyasətinin tərkib
hissəsi olaraq İKT sahəsində aparılmış
fəaliyyətin nəticəsində son 3 ildə sahə
üzrə gəlirlərin artım tempi ümumdünya
inkişaf tempini 2,7 dəfə qabaqlayaraq hər il
üçün orta hesabla 30-35% təşkil etmiş və
bu sektorun yeni bir prioritet sahə kimi inkişafına,
elmi-texnoloji tutumlu innovasiya layihələrinin həyata
keçirilməsinə əlverişli şərait
yaratmışdır. Bunun nəticəsidir ki, Ümumdünya
İqtisadi Forumun 2007-ci ildə İKT-dən istifadə səviyyəsinə
dair 126 qabaqcıl ölkə üzrə reytinq
cədvəlində irəliləyərək 67-ci yeri, MDB
ölkələri sırasında isə 1-ci yeri tutmuşdur.
Yaxın gələcəkdə
Azərbaycanı yüksək texnologiyaların
mərkəzinə çevirmək,
iqtisadiyyatımızın neftdən
asılılığını minimuma çatdırmaqla,
innovasiya yönümlü məhsul və xidmətlərin
istehsalçı və ixracatçısına
çevirmək üçün dövlət
başçısının tapşırığı
ilə bir sıra layihələr hazırlanmış
və mərhələlərlə həyata
keçirilməkdədir. Bu layihələrin
əsasını “Regional İnnovasiya Zonası” modeli tutur ki,
bu da texnoloji tutumlu məhsulların istehsalı
üçün ölkədə xüsusi iqtisadi mühitin
yaradılmasıdır. Zona İKT
sahəsində güzəştli fiskal, manitar, tarif və
investisiya siyasətinin həyata keçirilməsini
nəzərdə tutur və iqtisadiyyatın müxtəlif
sahələrində yeni texnologiyaların tətbiqinə,
kiçik və orta sahibkarlığın inkişafına,
xarici şirkətlərin və potensial investorların
ölkənin İKT sektoruna cəlb edilməsinə,
insan resurslarının inkişafına, respublikada elektron
avadanlıqların və proqram təminatının istehsalına
və ixracatına əlverişli şərait yaradacaq və
ölkənin ümumi rəqabətlilik qabiliyyətini
artırmağa imkan verəcəkdir.
Aparılan işlərin bir istiqaməti də
ölkədə güclü elektron şəbəkə
infrastrukturunun qurulmasına yönəlmişdir. Müasir cəmiyyət üçün çox vacib
olan bu telekommunikasiya şəbəkəsi təkcə
rabitə və informasiya mübadiləsi yox, həmçinin
çoxlu sayda digər xidmətlərin və sosial-iqtisadi
fəaliyyət növlərinin, o cümlədən elektron
KİV-nin yayımı, bank və kommersiya, təhsil və
tibb, loqistika və yeni tipli xidmətlərin və
qeyri-maddi rəqəmləşdirilmiş
əmtəələrin istehsalı, saxlanılması və
çatdırılması kimi funksiyalarını yerinə
yetirir. Həmçinin qeyd edilməlidir ki,
ölkə başçısı iqtisadiyyatımızda yeni
sektorun- kosmik sənayenin inkişafı üçün
də uyğun tədbirlər həyata keçirir. İlk
mərhələdə məqsəd Azərbaycanın milli
telekommunikasiya süni peykinin orbitə
çıxarılması və bununla ölkəmizin bu
sahəyə olan daxili tələbatını
ödəmək və beynəlxalq kosmik bazara
çıxarmaqla yanaşı, ölkəmizin
qərb-şərq informasiya dəhlizində
səmərəli seqmentə çevrilməsini təmin
etməkdir.
İKT sahəsində həmçinin digər
layihələrin həyata keçirilməsi,
məsələn, “Xalq kompüteri”, “Tranzit informasiya
mərkəzi”, “Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası
ilə birlikdə həyata keçirilməsi nəzərdə
tutulan Beynəlxalq Universitetin və Elmi-Tədqiqat
Mərkəzlərinin yaradılması Azərbaycanı
yeni bir transmilli təşəbbüslə
çıxış etməyə imkan vermişdir. Təşəbbüs yüksək elektron informasiya
potensialına malik olan qərblə, Sakit okean
hövzəsində yerləşən inkişaf etmiş
Şərqi Asiya ölkələri arasında
yerləşən və qeyd olunan ölkələrlə
müqayisədə İKT sahəsində kifayət
qədər geri qalan böyük regionda super informasiya
magistralının qurulmasını nəzərdə
tutur. Layihə təxminən 20-25 ölkəni əhatə
edir, əgər uğurla həyata keçirilərsə, bu
ölkələrdə təkcə texnoloji yox,
həmçinin digər sahələrin də
inkişafına güclü təkan verəcəkdir.
Layihə artıq bir çox ölkələr, Beynəlxalq
Telekommunikasiya İttifaqı və ABŞ-ın Ticarət
və İnkişaf Agentliyinin dəstəyini
almışdır.
Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının inkişaf dinamikası, uğurla
həyata keçirilən neft strategiyası
nəticəsində ölkəyə olan inamın artması,
beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq
nümunələri, yüksək texnologiyaya əsaslanan
iqtisadiyyatın formalaşması üzrə qarşıya
qoyduğumuz vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib
hissəsi kimi İKT sahəsinə göstərilən
böyük diqqət və qayğı, ölkəmizin
yaxın gələcəkdə yüksək texnologiyalar
sahəsində nəinki regionda, həmçinin
dünyanın aparıcı ölkələrinin ön sırasında
olacağına böyük zəmanət
verir.
Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin əziz
xatirəsi daim rabitə və informasiya texnologiyaları
sahəsində çalışanların qəlbində
yaşayacaq, onun ideyalarının
gerçəkləşməsi istiqamətində cənab
Prezident İlham Əliyevin apardığı daxili və
xarici siyasətdə üzərlərinə düşən
vəzifələri bundan sonra da ləyaqətlə
yerinə yetirəcəklər.
Rabitə dünyası.-
2008.- 15 may.- S. 3.