Heydər Əliyevmultimedia diski Səsjurnalı hazırlanmışdır

 

“Səs” qəzeti müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin zəngin və mənalı həyat yolundan bəhs edən multimedia diski və “Səs” jurnalı hazırlamışdır.
Layihənin məsləhətçisi “Azərbaycan” nəşriyyatının baş direktoru, YAP Siyasi Şurasının üzvü Ağabəy Əsgərov, müəllifi “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
Nəfis tərtib olunmuş, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış multimedia diski informasiya texnologiyalarının ən son nailiyyətlərinə əsaslanır. Beş bölmədən ibarət diskdə Heydər Əliyevin həyatının bütün mərhələləri haqqında konkret məlumatlar öz əksini tapmışdır. “HƏYATI” bölməsində ümummilli liderimizin tərcümeyi-halı, ailə üzvləri haqqında məlumatlar, “RƏHBƏR” bölməsində Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti, Azərbaycan KP MK-nın birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışarkən həyata keçirdiyi işlərdən bəhs olunur. Ümummilli liderimizin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Azərbaycanın qurtuluşu və nicatı uğrunda həyata keçirdiyi böyük siyasət barədə istifadəçilərə “NAXÇIVAN” bölməsində məlumat verilir. Bu bölmədə Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri kimi həyata keçirdiyi işlər, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılması barədə materiallar öz əksini tapmışdır. Diskin “QURTULUŞ” bölməsində isə Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya tarixi qayıdışı, Ali Sovetin sədri kimi respublikada ictimai-siyasi sabitliyin bərqərar olunması yolunda həyata keçirdiyi işlər təsvir olunur. “PREZİDENT” bölməsində isə ümummilli liderin Prezidentliyi dövründə həyata keçirilmiş demokratik və iqtisadi islahatlar, xarici siyasət kursu, neft strategiyası və ordu quruculuğu barədə söz açılır.
Hər bölmədə dünyanın tanınmış ictimai-siyasi və dövlət xadimlərinin Heydər Əliyev barədə kəlamları da verilmişdir. İstifadəçilər Heydər Əliyevin həyat yolunu əks etdirən zəngin fotoqalereya və 10 dəqiqəlik filmlə də tanış ola biləcəklər.
Qeyd edək ki, “Səs” qəzeti bundan əvvəl Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətindən bəhs edən “Xoş məramlar elçisi” və Yeni Azərbaycan Partiyasının 15 illik yubleyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası” multimedia disklərini hazırlamışdır.
Ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə “Səs” qəzetinin hazırladığı və şəkillərlə zəngin “Səs” jurnalında isə ümummilli liderin həyatını əks etdirən materiallar verilmişdir. İnanırıq ki, “Əbədiyaşar lider”, “Müstəqil Azərbaycanın qurucusu”, “Milli təhlükəsizliyin keşiyində”, “Birinci katib”, “SSRİ Nazirlər Soveti sədrinin birinci müavini”, “Heydər Əliyev - milyonların qəlbində yaşayan lider”, “Naxçıvan dövrü”, “Yeni Azərbaycan Partiyası”, “Tarixi qayıdış”, “Ali Sovetin sədri”, “Demokratik islahatlar”, “İqtisadi siyasət”, “Neft strategiyası”, “Xarici siyasət” məqalələri oxucuların marağına səbəb olacaqdır.

 

Xalq qəzeti.- 2008.- 6 may.- S. 3.