Xəlilzadə F.

 

Yadda qalan tarixi məqamlar

 

Azərbaycanın tarixində əbədi qalmasına imza atan ümummilli lider Heydər Əliyev mədəniyyətə həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Bu, faktdır ki, Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində qədim ənənələrə, zəngin milli-mənəvi dəyərlərə malik olan xalqımız yenidən ayağa qalxaraq bütün təzyiqlərə, çətinliklərə qələbə çaldı, iqtisadi cəhətdən dağılmışları bərpa etmək o qədər də çətin deyildi. Mədəniyyəti sıradan çıxmış bir xalqın yenidən dirçəlməsi, özünü təsdiq etməsi isə müşkül məsələdir. Yaxşı ki, Heydər Əliyev cəmiyyətdə baş verən aşınmaların qarşısını məharətlə ala bildi. "Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı" müdrik fikrin bir şaxəsi də məhz mədəniyyətimizlə bağlıdır.
Ulu öndərin zəkasının işığında sahmanı pozulmuş məmləkətimizin bütün sahələrində olduğu kimi, mənəviyyat və mədəniyyətində də nizamlanma aparıldı. Uzun illər ölkə rəhbəri olmaq, onun bütün problemlərini həll etmək, bütün əyrilikləri düzlüklə kəsmək, zülmətə işıq gətirmək, bütövlükdə xalqı fəlakətdən çıxarmaq - bu qüdrət ancaq Heydər Əliyevə məxsus idi. Müasir Azərbaycanın banisi Heydər Əliyev hələ sovet illərində ölkəmizdə yüksəlişin təməlini qoydu. Xüsusilə də mədəniyyətlə bağlı sahələrdə elə önəmli hadisələr, tarixi məqamlar var ki, onlar birbaşa məhz Heydər Əliyevin adı, işıqlı əməlləri, vətən sevgisi, milli təəssübkeşliyi və cəsarəti ilə bağlıdır. Bu faktı illərdir ki, etiraf etməkdən həm qürur duyur, həm də təkrarlamaqdan zövq alırıq. Böyük sovet imperiyasının tərkibində kiçik bir respublika sayılan Azərbaycan Sosialist Əməyi Qəhrəmanlarının (xüsusilə də, incəsənət və mədəniyyət xadimləri ilə bağlı) sayına görə öncül sıralarda gedirdi. Milli yaradıcılıqla məşğul olan mədəniyyət xadiminin, muğam oxuyan xanəndənin, Azərbaycan dilində yazıb-yaratmış yazıçının yüksək, şərəfli ada layiq görülməsi təbii ki, həmin şəxslərin xidmətləri ilə ölçülə bilməz. Bu təltiflərin verilməsində, Azərbaycan mədəniyyətinə dünya şöhrəti qazandırılmasında Heydər Əliyevin xidməti misilsizdir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində tarixin bir çox məqamlarını yaddaşımızda unudulmaz hadisələrlə əbədiləşdirdi. Azərbaycanın incəsənət ustalarının, yazıçı və şairlərinin, rəssamlarının səsi təkcə keçmiş SSRİ respublikalarından deyil, dünyanın möhtəşəm konsert salonlarından, teatrlarından gəlirdi. Rəşid Behbudovun səsi dünyanın 50-dən artıq ölkəsində eşidilirdi. Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun opera və baletləri dünya musiqisevərlərinin ürəyini fəth etmişdi. Yalnız Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən müğənnilər nəinki respublikanın, SSRİ-nin ən ali mükafatına, fəxri adına layiq görülürdü. Ümummilli liderin həmişə işlətdiyi bir fikir - "yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək" - bu gün də əməli fəaliyyətin əsas xəttidir.
Quruluşlar dəyişir, zaman öz hökmünü verir. İstər tarixin, istərsə də xalqın yaddaşında dəyişməyən, əbədi qalan onun mənəviyyatıdır. Bu səbəbdən də ötən əsrdən başlayaraq Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu məhz Heydər Əliyevin himayəsi altında davam etmişdir.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra milli-mənəvi dəyərlərə diqqət, mədəniyyətə qayğı daha da artırıldı. Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra mədəniyyətlə bağlı ilk imzaladığı sərəncam xalq şairi Məmməd Arazın 60 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi oldu. Ümummilli lider ədəbiyyat, mədəniyyət, bir sözlə, sənət adamlarına xüsusi diqqət göstərirdi. Tez-tez onların yaradıcı əməyini müxtəlif yönümdən qiymətləndirirdi. Dövlətin ən ali mükafatı sayılan "İstiqlal" ordeni ilkin olaraq üç xalq şairinə - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk (ölümündən sonra) və Məmməd Araza verildi. Bir qədər sonra isə xalq şairi Mirvarid Dilbazi də "İstiqlal" ordeni ilə təltif edildi. 1998-ci ildə xalq şairinin 85 illiyi münasibətilə Respublika sarayında təntənəli gecə keçirildi. O mərasimdə Heydər Əliyevin çıxışı hamını heyran etdi. Həmişəki kimi bədahətən söylədiyi nitqində ulu öndər Azərbaycan ədəbiyyatına, xüsusilə də qadın sənətkarların yaradıcılığına müxtəsər icmal verdi. Şair olmağın müəyyən problemlərinə münasibətini bildirən Heydər Əliyev deyirdi: "Şair olmaq asan deyilE Bütün xalqların tarixində şair, yazıçı və alimlər adətən kişilər olublar. Ancaq qadın şairlər xüsusi hörmətə malikdirlər. Onlar gərək nə qədər yüksək istedada malik olsunlar ki, kişilərlə bərabər səviyyəyə, bəlkə onlardan da üstün cəhətlərə qalxıb öz şeirləri ilə böyük şairlər dəstəsinə qoşula bilsinlər". Bu mənada ümummilli lider Mirvarid Dilbazi sənətini, şəxsiyyətini Azərbaycan ədəbiyyatının nadir hadisəsi adlandırırdı. Onu Məhsəti Gəncəvi, Ağabəyim ağa, Heyran xanım, Aşıq Bəsti, Xurşud Banu Natəvan, Nigar Rəfibəyli, Mədinə GülgünE kimi sənətkarların sırasında ləyaqətlə dayanan şərəfli qadın-şairə ömrü yaşayan şəxsiyyət kimi dəyərləndirdi.
1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd edildi.
Akademik Ramiz Mehdiyevin fikrincə, Heydər Əliyevin bu yubileyi keçirməkdə ən böyük xidməti bundan ibarətdir ki, Füzuli ilk dəfə Azərbaycan xalqı qarşısında bütün əzəməti ilə ideoloji qəliblərdən azad olunmuş şəkildə dayandı. Bu həqiqətin dərki çox mətləblərdən xəbər verir.
Eləcə də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin ümummilli liderin şəxsi təşəbbüsü və böyük səyləri nəticəsində həyata keçirilməsi əlamətdar bir hadisə kimi tarixə düşdü. Bu eposun yubileyi, əslində milli ideologiyamızın həqiqi təntənəsi demək idi. Heydər Əliyevin müdrik siyasətinin bir mənası var idi ki, biz tarixi keçmişimizi həm unutmamalıyıq, həm də gələcək nəsillərə yaxşı tanıtdırmalıyıq. "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposunun 1300 illik yubileyinin müxtəlif ölkələrdə təntənə ilə qeyd edilməsi təkcə millətlər və ölkələr arasında mənəvi körpülər qurmaqdan ibarət deyildi. Heydər Əliyevə məxsus fikirdir: "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposudur, özü də təkcə bir cəngavər, bir igid haqqında deyil, bütövlükdə bir xalqın qəhrəmanlığı haqqında eposdurE" Fikir aydındır. Belə bir eposu yaradan millətin də ən azı 500 illik ədəbi-bədii, mənəvi hazırlığı olmalı idi. Beləliklə, tarixə, qədim dastanımıza bu müdrik baxış bütöv bir nəslin ruhunu qaldırmaq idi. Belə bir qədim torpağa, adət-ənənəyə, qəhrəmanlığa malik xalq heç vaxt işğal altında inləyə bilməz.
Heydər Əliyev həmişə mədəniyyət və incəsənət xadimlərinin əməklərinin dəyərləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirirdi. Ən yaxşı tamaşalara, onların yaradıcı kollektivinə dövlət mükafatları, ayrı-ayrı sənətkarlara fəxri adlar verilirdi. Ulu öndər milli düşüncəni, milli dəyəri əks etdirən yaradıcılıq nümunələrinə, istedadlı insanlara daha yüksək qiymət verirdi. Yaradıcılıq sahəsində təkcə orta və yaşlı nəslə deyil, gələcəyinə böyük ümidlər bəslənən uşaqlara, gənclərə də diqqət artırıldı. Onların adları xüsusi kitablara qeyd olundu. Prezidentin fəxri mükafatları təsis edildi. Hərtərəfli fəaliyyət göstərmələri üçün şərait yaradıldı. Bəlkə də dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər mədəniyyət işçilərinə həssas münasibət və diqqət göstərilmir.
Heydər Əliyevin bir amalı var idi: "Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki mədəniyyət hər şeydən üstündür".
Unudulmaz rəhbər mədəniyyət işçilərinə təkcə maddi və mənəvi yardım etmirdi. Ulu öndər həm də yeni, gözəl, maraqlı və mükəmməl əsərlərin yaradılması üçün şərait yaradırdı, müzakirələr aparırdı. Təqdim olunan hər bir yaradıcı əməyin bəhrəsi haqqında öz sözünü deyirdi. Bu gün də bəstəkarlar, musiqiçilər, yazıçılar, tənqidçilər etiraf edirlər ki, Heydər Əliyev hər bir sənət haqqında onun yaradıcısı, peşəkar nəzəriyyəçisi kimi mükəmməl, dəqiq və əsaslı fikir söyləyirdi. Bəstəkarla, yazıçı ilə, rəssamla söhbət edərkən heyrətlənməyə bilmirdin. İnsan nə qədər dərin zəkaya, hərtərəfli biliyə malik ola bilərmiş.
Bu gün Azərbaycanda Heydər Əliyevin xatirəsini anmaq üçün təkcə onun Bakıda yaratdığı abidələrin önünə çi
çək qoymaq kifayət edər. Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Hüseyn Cavid, Puşkin, Yesenin və başqalarının abidələrinin Bakıda ucaldılması məhz Heydər Əliyevin xidmətləri olmuşdur.
Ulu öndərin himayəsi nəticəsində mədəniyyət ocaqları, teatrlar yenidən qurularaq təmir edilmişdi. Az qala uçub-dağılmaq təhlükəsində qalan Dövlət Filarmoniyası ulu öndərin xüsusi sərəncamı ilə yenidən tikildi.
Bu məqamda bir xiffətli, amma qürur doğuracaq məqamı da xatırlamaq yerinə düşür. Heydər Əliyevin sərəncamı ilə Respublika sarayında görkəmli şəxsiyyətlərin, bəstəkar və şairlərin, yazıçıların, elm adamlarının yubileyləri keçirilərdi. Qurultaylar, simpoziumlar, müxtəlif toplantılar düzənlənən bu sarayda Heydər Əliyev dəfələrlə dəyərli nitqlər söyləmişdi. Əsl İnsanın, əsl Rəhbərin hansı mənəvi keyfiyyətlərə, böyüklüyə, qüdrətə, cəsarətə, düşüncəyə, ağıla, zəkaya malik olacağını da son dəfə bu sarayda 2003-cü ilin aprelində məhz yenə də Heydər Əliyev nümayiş etdirdi. Heydər Əliyevin öz doğma xalqı ilə son vida görüşü də məhz bu sarayda oldu. Görünür, bu da tale yazısıdır. Ulu öndər həmişə insanlarla ən çox bu ünvanda görüşürdüE
Ulu öndərin həyata keçirdiyi və keçirmədiyi arzular çox idi. Onlar bir-birinin davamı kimi yerinə yetirilirdi. Bir vətəndaş olaraq qürur hissi keçiririk ki, ulu öndərin 85 illik yubileyini fəxarətlə qeyd edirik. Çətinliklə, lakin şərəflə saldığı mədəni quruculuq ləyaqətlə, əzmlə davam etməkdədir. Ölkə Prezidenti İlham Əliyev bu missiyanın ardıcıl şəkildə həyata keçməsində fədakarlıq göstərir. Yenə də mədəniyyət xadimlərinə diqqət və qayğı əvvəlki tək müxtəlif sərəncamlarda əks olunur. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ümummilli liderin ideyalarına sadiqliyini əməli fəaliyyətində parlaq şəkildə nümayiş etdirir. Bir tərəfdən mədəniyyət ocaqları, teatrlar dünya standartları səviyyəsində fəaliyyət göstərməsi üçün təmirə dayanır, yeni texniki avadanlıqlarla təchiz edilir, digər tərəfdən də mədəniyyət ocaqları tikilir, muğam mərkəzi yaradılır, parklar, xiyabanlar salınır. Çalışılır ki, hər şey insanın mənəvi zövqünü oxşasın.
Heydər Əliyev Azərbaycan mənəviyyatının əsl mənada himayədarı idi. 2001-ci ilin avqustunda milli dəyərlərlə bağlı verdiyi məşhur bəyanat bu gün hər birimizin fəaliyyətinə işıq salmaqdadır. Əslində, bu bəyanat əbədi proqramdır. Onun ayrı-ayrı maddələrinin həyata keçirilməsi vacibdir. Çünki milli-mənəvi dəyərlərin qorunması ulu öndər tərəfindən əsas şərt hesab edilirdi: "İnsanı yüksəldən, insanı ucaldan, əsl vətəndaş edən onun mənəviyyatıdır". Biz bu mənəviyyata nəinki malik olmalı, həm də onu qorumağı, başqalarını da mənəvi dəyərlərə söykənməyə, milli adət-ənənələrə sadiq olmağa çağırmalıyıq!

Azərbaycan
.- 2008.- 11 may.- S. 8.