İstanbul şəhərində ulu öndər Heydər Əliyevin yu­bi­leyinə həsr edilmiş möhtəşəm konsert

 

“PALMALİ” Şirkətlər Qrupunun sponsorluğu ilə İstanbulda ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi şərəfinə möhtəşəm klassik musiqi gecəsi keçirilmişdir.
Şirkətin Bakı ofisinin mətbuat xidmətindən bildirmişlər ki, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi istər Azərbaycanda, istərsə ölkə hüdudlarından kənarda möhtəşəm mədəniyyət tədbirləri ilə qeyd edilir. Yubiley tədbirləri çərçivəsində şirkətin sponsorluğu ilə İstanbulun ən nüfuzlu konsert salonlarından birində Azərbaycan piano məktəbinin istedadlı nümayəndələrindən biri, respublikanın əməkdar artisti Yeganə Axundovanın konserti keçirilmişdir.
Tədbir ulu öndərin həyat fəaliyyətindən söhbət açan videofilmin nümayişi ilə başlamışdır.
Sonra Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Yeganə Axundovanın İstanbul Dövlət opera balet orkestri ilə verdiyi konsert salona toplaşan musiqisevərlərin böyük marağına səbəb olmuşdur. Konserti dinləyənlər arasında Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, türkiyəli azərbaycanlı ziyalılar, incəsənət xadimləri, dövlət adamları, xarici qonaqlar nüfuzlu adamları Yeganə Axundovanın ifasını dəfələrlə ayaq üstə alqışlamışlar.
Konsertdə dahi Üzeyir Hacıbəyovun, Qara Qarayevin əsərləri ilə yanaşı, Sergey Raxmaninovun fortepiano orkestr üçün 2 nömrəli konserti səslənmişdir.

Xalq qəzeti.- 2008.- 21 may.- S. 7.