Anar, Fuad Poladov, İvan Draça və Vladimir Yavorivski

"Nizami Gəncəvi adına" mükafatla birləşdilər

 

Aprelin 29-da Ukrayna Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu Atatürk mərkəzində mətbuat konfransı keçirdi. Çıxışına mayda Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun GUAM gənc yazıçılarını Bakıya toplayacağı ilə başlayan "Dünya ədəbiyyatı" dərgisinin redaktoru Səlim Babullaoğlu sözügedən layihənin iki hissədən ibarət olduğunu bildirdi.

"Layihə çərçivəsində Azərbaycan yazıçılarının əsərlərindən ibarət antologiyanın ukrayna dilində nəşri və Azərbaycan yazıçılarından ibarət qrupun Kiyev şəhərində təqdimetmə mərasimində iştirakı və GUAM ölkələri gənc yazıçılarının əsərlərindən ibarət antologiyanın Azərbaycan dilində nəşri və yazıçıların Bakıya dəvət olunması nəzərdə tutulurdu". Qeyd edək ki, layihənin birinci hissəsi uğurla başa çatıb. Belə ki, aprelin 21-24 arası xalq yazıçısı Anar, Siyavuş Məmmədzadə, Rəşad Məcid, Səlim Babullaoğlu, Rafiq Həşimov, Elçin Hüseynbəyli, Vaqif Bəhmənli, xalq artisti Fuad Poladov Kiyev şəhərində keçirilən tədbirdən geri dönüblər. Həmçinin Kiyevdə baş redaktoru tanınmış nasir və naşir Dmitro Stus olan 1000 tirajla nəşr olunan "Kiyevskaya Rus" jurnalı bir sayını bütünlüklə Azərbaycan ədəbiyyatına (nəsrinə, şeirinə, tənqidinə) həsr edib. Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu jurnalın həmin sayına daxil edilən əsərlərin tərcüməsi və nəşri işini öz boynuna götürüb. Jurnalın tərtibçisi "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Səlim Babullaoğludur. Qeyd edək ki, həmin saya Azərbaycanın bir çox görkəmli yazıçı və şairləri, habelə ədəbiyyatımızın yeni nümayəndələrinin əsərləri daxildir. Həmin nəşrə nasirlərdən - Anar, Elçin, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Kamal Abdulla, Çingiz Abdullayev, Seyran Səxavət, Hüseynbala Mirələmov, Həsən Quliyev, Rafiq Həşimov, Elçin Hüseynbəyli, Rəşad Məcid, İlqar Fəhmi, Məqsəd Nur, Sara Nəzirova, Afaq Məsud, Günel Anarqızı, Bəsti Əlibəyli, şairlərdən - Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Hidayət, Əjdər Ol, Siyavuş Məmmədzadə, Mənsur Vəkilov, Adil Şirin, Ədalət Əsgəroğlu, Elxan Zal, Salam, Səlim Babullaoğlu, Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Murad Köhnəqala, Zahir Əzəmət, Nicat, Firuzə Məmmədli və Günel Mövludun əsərləri daxil edilib. Bundan başqa fondun təsis etdiyi "Nizami Gəncəvi adına" mükafat Azərbaycan mədəniyyətinə xidmətinə görə xalq yazıçısı Anara və xalq artisti Fuad Poladova, Ukrayna tərəfindən isə görkəmli Ukrayna şairi İvan Draça və Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Yavorivsikyə təqdim olunub. Daha sonra çıxış edən Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini qeyd etdi. Fondun gördüyü işləri xatırladan İ.Abbasov bildirdi ki, görülən işi xalqımıza xidmət niyyəti ilə görürük. "Ümid edirik ki, sizlər də bunu məhz belə qiymətləndirəcəksiniz. Mərkəzi Kiyev şəhərində yerləşən bizim fondun fəaliyyətinin məqsədi ölkələrimiz arasında mövcud dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli liderimiz Heydər Əliyev tərəfindən strateji məcraya salınan və onun davamçısı prezidentimiz hörmətli İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ukrayna-Azərbaycan münasibətlərinə vətəndaş töhfəmizi verməkdir. Biz indiyə qədər bu istiqamətdə bir sıra işlər görmüşük. Bundan sonra da görəcəyik. Biz istəyirik bizim xalqımızı bütün dünyada olduğu kimi Ukraynada da qədim mədəniyyətə sahib xalq kimi tanısınlar". Daha sonra o, layihə çərçivəsində fondla əməkdaşlıq edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə və nazir Əbülfəs Qarayevə, Ukraynadakı səfirliyimizə və səfir Tələt Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycanı dünyaya tanıtmağın hazırkı dövrdə vacib amil olduğunu bildirən xalq yazıçısı Anar da sözügedən layihəni yüksək qiymətləndirdiyini söylədi.

Məlumat üçün bildirək ki, ötən il yaranan Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun təsisçisi və prezidenti Ukraynada yaşayan həmvətənimiz İlqar Abbasovdur. İlqar Abbasov artıq 3 ildir ki, öz qardaşları - İlham Abbasov və Azər Abbasovla birlikdə bütün Ukraynada məşhur olan Polissyia şirkətinə başçılıq edir. Yüksək istehsalat nizam-intizamı mövcud olan şirkət həm də çox böyük xeyriyyəçilik işləri görmüş və görməkdədir. Şirkət yerləşdiyi rayonun məktəbəqədər təhsil müəssisələri və orta məktəblərinə, idman klubları və komandalara, əlillərə və yaşlılara daimi yardım edən aktiv sosial yönlü işlər görür.

 

Paritet.- 2008.- 1-2 may.- S. 16.