Kiyevdə çıxan “Den”
qəzetində ulu öndərHeydər Əliyev haqqında
analitik məqalə dərc edilmişdir
Kiyevdə
çıxan gündəlik “Den” qəzetinin 6 may tarixli
nömrəsində “Millət üçün dirijor
lazımdır” sərlövhəli məqalə dərc
edilmişdir. Ukraynanın tanınmış
jurnalistlərindən olan İqor Slisarenko bu analitik materialda
ulu öndər Heydər Əliyevin fəaliyyətindən
bəhs edir.
Müəllif yazır ki, həqiqi lider
orkestrin dirijoruna bənzəyir. O, hansı əsəri və
necə ifa etmək lazım olduğunu bilməklə
yanaşı, həm də ahəngdar və ustalıqla
fəaliyyət göstərən komanda təşkil
etməyi bacarır.
Həqiqətən,
peşəkar dirijor öz komandasına, hətta bəzi
şəxsi keyfiyyətləri xoşuna gəlməsə
belə, yalnız istedadlı və çalışqan musiqiçiləri
cəlb edəcəkdir. Pis
skripkaçıya violonçel və ya truba
çalmağı tapşırmayacaqdır. Nəhayət,
dirijor musiqiçilərə simfoniyanı öyrənmək
barədə tapşırıq verib, özü
çıxıb gedə bilməz ki, bir də yalnız
konsert vaxtı gəlsin...
İ.Slisarenko
xatırladır ki, 1990-cı illərin birinci yarısında
şaxələndirmə və enerji təchizatı
baxımından müstəqillik anlayışlarına
hələ əhəmiyyət verilməyən vaxtlarda
Azərbaycan Prezidenti Heydər Əliyev enerji
daşıyıcılarının dünya bazarına
sürətlə çıxarılması üçün
iki boru kəmərindən – Bakı-Novorossiysk və
Bakı-Tbilisi-Ceyhan marşrutlarından istifadə
edilməsini qərara alır. Hazırda
terminalı Türkiyənin Ceyhan şəhərində
yerləşən və Heydər Əliyevin adını
daşıyan BTC-ni XXI əsrin ən iri layihəsi
adlandırırlar. Bu kəmər bütün dünyanın
energetika xəritəsində mühüm
dəyişikliklərə səbəb olmuşdur. Halbuki, ilk
vaxtlar bu planı əfsanə adlandırırdılar, ona
qarşı aşkar və xüsusən gizli müqavimət
göstərirdilər.
Yaşasaydı, bu il mayın 10-da Heydər Əliyevin 85
yaşı tamam olardı. Vəfatından sonra onun
ümummilli lider adlanması tamamilə təbii qəbul edilir.
Lakin təxminən 15 il bundan əvvəl Azərbaycan
xalqının çoxsaylı xahişlərini
nəzərə alan Heydər Əliyev Bakıya qayıdaraq
Azərbaycan parlamentinin sədri, sonra isə ümumxalq
seçkilərində ölkənin Prezidenti
seçiləndə kimsə bunu qabaqcadan sezə bilərdimi?
Məqalədə daha sonra deyilir ki,
sələflərindən ona qalmış irsi indi
dəbdə olan “çağırışlar” sözü
ilə adlandırmağa adamın dili də gəlmir.
Respublika vətəndaş müharibəsi həddində idi.
Barışmaz siyasi rəqiblərin hakimiyyət uğrunda
daim çəkişməsi silahlı qiyamlar
dərəcəsinə çatmışdı. Nizami ordu yox
idi. Amma siyasi partiyaların hərbiləşdirilmiş qruplaşmaları
vardı. Özü də elə bir vaxtda ki, ölkə
Ermənistanla müharibə vəziyyətində idi,
Azərbaycanın ərazisinin xeyli hissəsi işğal
edilmişdi. Demək olar ki, bütün əhali yoxsulluq
həddindən aşağı səviyyədə
yaşayırdı, üstəlik bir milyon qaçqın və
məcburi köçkün var idi. İlk baxışda,
çox ümidsiz bir vəziyyət yaranmışdı.
Xarici xüsusi xidmət orqanlarının fəaliyyəti dövlətçiliyin
iflasına təkan verirdi, onlar bu və ya digər siyasi
qruplaşmaları özlərinin “beşinci
dəstəsi”nə çevirirdilər. ABŞ Konqresi
Azərbaycanı Ermənistanı blokadaya almaqda
günahlandıraraq, onun hər hansı humanitar yardımdan
məhrum olunması barədə qərar qəbul
etmişdi...
İ.Slisarenko
yazır ki, Heydər Əliyevin Bakıya qayıtmasını
milli ziyalılar xahiş etmişdi. Əslində,
bu ziyalılar dəstəsi hələ 1970-ci illərdə
sovet Azərbaycanında Heydər Əliyevin özü
tərəfindən yaradılmışdı. O vaxt, respublika
Kommunist Partiyasının birinci katibi olarkən
yüzlərlə istedadlı gənci İttifaqın ən
yaxşı ali məktəblərində təhsil almağa
göndərirdi. Həmin illərdə respublika
İttifaqın aqrar monokultur xammal bazasından sənaye-aqrar kompleksinə
çevrilmiş, mənzil və sosial infrastruktur obyektləri
tikintisi kütləvi miqyas almışdı. Bundan
əlavə, Heydər Əliyev Azərbaycan
ədəbiyyatının və kinosunun inkişafı, milli
teatrlar yaradılması, Bakının mədəni
meqapolisə çevrilməsi və hətta indi dünya
səviyyəli klassiklərdən olan Qara Qarayevin musiqidə
avanqard axtarışlarını və milli cazı
dəstəkləməklə məşğul idi... Hətta
Əliyevin düşmənləri də özlərinin iflasa
uğramasını etiraf edərək, onun qayıtmasına
razılıq verməyə məcbur idilər (həmin
illərdə çəkilmiş fotoşəkillərdə
deputat Əliyevin parlament sessiyasında gedən davanı
qüssə ilə müşahidə edərək mikrofonla
çıxış etmək üçün
növbədə gözlədiyini görmək olar).
Heydər Əliyevin andiçmə mərasimindəki
nitqində bəyan etdiyi fəaliyyət proqramı çox
sadə idi: “Dövlət müstəqilliyinin
möhkəmləndirilməsi, dövlət hakimiyyətinin
təşkil edilməsi, tam ərazi
bütövlüyünün təmin olunması, hərbi
əməliyyatların dayandırılması,
vətəndaşların həyat şəraitinin
yaxşılaşdırılması”. O, həmin proqramı
sözdə deyil, əməli işdə yerinə yetirirdi.
Bir ildən
sonra isə zəngin neft ehtiyatlarının taleyi
sınağa çəkildi.
Məqalənin müəllifi
yazır ki, Heydər Əliyev hakimiyyətə qayıdandan
dərhal sonra o vaxta qədər Qərb şirkətləri
ilə imzalanmaq üçün hazırlanmış
sazişi ləğv etdi və açıq bəyan etdi ki,
həmin saziş Azərbaycanın təbii
sərvətlərinin talan olunmasına şərait
yaradır. Danışıqlar büsbütün yenidən
başlandı. Ən gərgin dövrü isə 1994-cü
ilə təsadüf etdi, o vaxt rəsmi Bakı
danışıqları iki dəfə, sadəcə,
dayandırmışdı. Azərbaycanın indiki Prezidenti, o
vaxt ARDNŞ-in vitse-prezidenti olan İlham Əliyev həmin
dövrü xatırlayaraq deyirdi: “Biz xarici
şirkətlərə deyirdik ki, siz şirkətlərin
mənafelərini müdafiə edirsiniz, biz isə
Azərbaycan xalqının mənafeyini. Buna görə də
bizim səhv etməyə haqqımız yoxdur”.
Nəticədə sonradan “Əsrin müqaviləsi” adlanan
saziş imzalandı.
Heydər
Əliyevin hakimiyyəti dövründə Azərbaycan Avropa
Şurasına qəbul edildi. Azərbaycan
bu quruma daxil olarkən bəziləri buna istehza ilə
yanaşırdısa, indi bu ölkənin Avropanın ilk
demokratiyalar klubunda iştirak etməsi tamamilə təbii hal
kimi görünür. Hər halda, Ukraynada olduğu kimi,
Azərbaycanda da demokratik normalara riayət edilməsi
baxımından monitorinq keçirən bu
təşkilatın iradlarının həcminə
görə hələlik Kiyev irəlidədir. Bundan
əlavə, “Ukrayna məsələsi” AŞPA-nın
leksikonuna möhkəm daxil olmuş bir anlayışdırsa,
“Azərbaycan məsələsi” ümumiyyətlə yoxdur.
Bəziləri
paxıllıqdan deyirlər ki, Azərbaycanın
uğurları neft ehtiyatları sayəsində təmin
edilmişdir. Belələrinə
İlham Əliyev bu cür cavab vermişdir: “Biz
başqalarının təcrübəsinə əsasən
bilirik ki, neft və qaz heç də həmişə
xoşbəxtlik, firavanlıq və ədalət gətirmir.
Bəzi ölkələrdə kiçik qruplar varlanır,
əksəriyyət isə yalnız yoxsullaşır. Biz
başqaları kimi neftlə zəngin, amma əhalisi yoxsul
ölkə olmayacağıq”. İndi respublika neft
dollarlarından necə istifadə etməyi sürətlə
və yaxşı öyrənir. Söhbət bayağı
“yeməkdən” getmir. Ölkə büdcəsinin
üçdə bir hissəsi, ilk növbədə, regionlarda
infrastrukturun inkişafına, orada müasir məktəblər,
xəstəxanalar, mədəniyyət
müəssisələri tikintisinə sərf edilir. Cəmi
üç il bundan əvvəl əhalinin təqribən
yarısı yoxsulluq həddindən aşağı
vəziyyətdə idisə, indi belə insanların sayı
üç dəfə azalmışdır.
Məqalə müəllifi vurğulayır ki, ölkə
Prezidentinin iş cədvəli də
ürəkaçandır – İlham Əliyev paytaxtda, iş
otağında az olur, o, rayonlara səfərlər etməyi,
tikinti meydançalarında müşavirələr
keçirməyi üstün tutur.
Xalq qəzeti.- 2008.- 9 may.- S. 4.