Qarabağlı S.
Mədəniyyətimizin
yorulmaz himayədarı olan ümummilli lider Heydər
Əliyevin Azərbaycan musiqi mədəniyyətinin sütunu,
dünya şöhrətli dahi bəstəkar, musiqişünas,
publisist, dramaturq, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir
bəy Hacıbəyova xüsusi sevgisi və
rəğbəti vardı. Mədəniyyət və incəsənətlə,
mətbuatla bağlı
çıxışlarında hökmən Ü.Hacıbəyovun
adını çəkər,
ondan misallar gətirərdi. Hətta ulu öndər
tərəfindən 18 iyun
2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"
imzalanmış fərmanda
da ana dilinin
qorunmasında, tədrisində,
inkişafında xüsusi
xidmətləri olan qabaqcıl maarifçilər,
ziyalılar arasında
Üzeyir bəy Hacıbəyovun adı iki dəfə
çəkilmişdir. Fərmanda
deyilir: "EAna
dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir,
Üzeyir Hacıbəyov,
Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad
ünsirlərdən qorunması
uğrunda fədakarcasına
mübarizə aparırdılar".
Azərbaycan mədəniyyətini və incəsənətini
dərindən bilən,
inkişafına çalışan
böyük siyasi və dövlət xadimi Heydər Əliyev keçən əsrin 70-ci illərindən
başlayaraq Bakıda,
həmçinin digər
şəhərlərdə görkəmli, dahi şəxsiyyətlərimizin ev-muzeylərinin açılmasına göstəriş
vermişdir.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun ev-muzeyinin
açılması da
məhz həmin dövrə təsadüf
etmişdir. Bu məbədin yaranması ümummilli liderin adı ilə bağlıdır.
Doğrudur, bəstəkar
vəfat etdikdən üç ay sonra Azərbaycan hökuməti Üzeyir bəy Hacıbəyovun adının əbədiləşdirilməsi
ilə əlaqədar
1949-cu il fevral ayının 16-da xüsusi
qərar qəbul etmişdir. Orada bir çox
dəyərli müddəalarla
yanaşı, böyük
sənətkarın Şuşada
və Bakıda ev-muzeylərinin yaranmasına da yer ayırmışdır.
1959-cu ildə Şuşada
Ü.Hacıbəyovun ev-muzeyi
açıldı. Bakıda
isə bu məsələ düz 26
il həyata keçməmiş qaldı.
Bəzi ixtiyar sahibi olan məmurlar deyirdilər ki, "ölülər gözləyə
bilərlər. Bu məsələlər çox
da vacib deyildir" və s. Ona görə
də Ü.Hacıbəyovun
ev-muzeyi təşkil olunmurdu.
Nəhayət, böyük öndər
Heydər Əliyevin respublikaya rəhbərliyi
dövründə bu məsələ reallaşdı.
Onun tapşırığı
və yaxından köməyi sayəsində
1949-cu il qərarının
bu maddəsinin yerinə yetirilməsi baş tutdu. 20 noyabr 1975-ci ildə Bakıda Üzeyir bəyin 27 il
(1915-1942) yaşadığı evi muzeyə çevirmək mümkün
oldu. Bu barədə Heydər
Əliyev 1995-ci ilin sentyabrında dahi sənətkar Üzeyir bəy Hacıbəyovun anadan olmasının 110 illik yubileyindəki çox dəyərli məruzəsində belə
demişdir: "1975-ci ildə
biz Üzeyir Hacıbəyovun 90 illik yubileyini hazırladıq, təntənə ilə həm Azərbaycanda, o vaxt imkan
dairəsində Sovet İttifaqının həm
paytaxtında, başqa
respublikalarında, dünyada
qeyd edə bildik. Azərbaycanda, Bakıda mədəniyyət
xadimlərindən ilk
dəfə Üzeyir Hacıbəyovun yaşadığı
ev onun ev-muzeyinə çevrildi.
1975-ci ildə, 20 il bundan əvvəl Üzeyir Hacıbəyovun
ev-muzeyi açıldı.
Biz hamımız çox məmnunuq ki, bu ev-muzey
20 ildir Azərbaycan xalqının, mədəniyyətinin
inkişafına, yüksəlməsinə
xidmət edir".
1975-ci ildə böyük
dövlət xadimi Heydər Əliyev özü şəxsən
muzeyin açılışında
iştirak etmiş və demişdir ki, bu muzey
Ü.Hacıbəyov kimi
dahi sənətkar üçün çox darısqaldır, onu qonşu evlərin hesabına genişləndirmək lazımdır. Ulu öndərin uzaqgörənliklə söylədiyi
bu fikirlər 1985-ci ildə dahi bəstəkarın 100 illik
yubileyində gerçəkləşdi.
Muzeyə bitişik binalardan on ailə
köçürüldü. Onlara təzə evlər verildi. Və bu mənzillər
də muzeyə əlavə olundu. Lakin sonuncu dəfə 1985-ci ildə təmir olunan muzey 2005-ci ilə qədər əl vurulmamış qaldı. 2005-ci il fevral ayının 28-də möhtərəm Prezident İlham Əliyev Üzeyir Hacıbəyovun ev-muzeyinin
əsaslı təmir
olunması ilə bağlı xüsusi sərəncam imzaladı.
Buna görə Prezident İlham Əliyevə bir daha dərin təşəkkürümü bildirirəm.
Ümummilli lider Heydər Əliyev Üzeyir bəy Hacıbəyov fenomenini qiymətləndirə bilən
bir dövlət xadimi idi. O, mədəniyyətlə, incəsənətlə,
hətta ədəbiyyat
və publisistika ilə bağlı çıxışlarında dahi
Üzeyir bəyi xatırlayır, ona istinad edir, bütün
sahələrdə onun
dahi olduğunu dönə-dönə vurğulayırdı.
Böyük öndərin
Ü.Hacıbəyovun anadan
olmasının 110 illik
yubileyinə həsr edilmiş tədbirdə söylədiyi dahi sənətkar haqqındakı
məruzəsi bu gün də yaddaşlarda yaşayır.
Bənzərsiz natiq olan Heydər Əliyev Üzeyir bəyin həyat və fəaliyyətini o qədər gözəl təhlil etdi ki, musiqişünas
alimləri kölgədə
qoydu. O, dahi
şəxsiyyətin həm
publisistikasından, həm
dramaturgiyasından, həm
pedaqoji fəaliyyətindən,
həm alimlik məharətindən, həm
Azərbaycanın ictimai-siyasi
həyatındakı xidmətlərindən,
həm də ictimai xadim kimi
gördüyü işlərdən
dolğun məlumat verərək dinləyiciləri valeh etdi.
Natiq həmçinin Ü.Hacıbəyovun
operalarından, operettalarından,
digər musiqi əsərlərindən, onun
üç hakimiyyət
- çar Rusiyasının
hakim olduğu dövr, Azərbaycan Demokratik Respublikasının
dövrü və Azərbaycanda sovetlər dövründə yaşadığını
qeyd etmiş, bununla yanaşı, onun vətənpərvərliyini
xüsusilə vurğulamışdır. Bu
barədə Heydər
Əliyev demişdir:
"Üzeyir Hacıbəyovun
yaradıcılığı həmişə insanları
vətənpərvərliyə çağırdığı kimi, bu gün
də Azərbaycan vətəndaşlarını vətənpərvərliyə
dəvət edir. Biz bu gün Üzeyir
Hacıbəyovun xatirəsini
yad ediriksə, onun yaradıcılığını
bir daha yüksək qiymətləndiririksə,
bu yaradıcılığın
ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini
özümüzdə daha
da artırmalıyıq,
daha da inkişaf
etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq".
Üzeyir bəy Hacıbəyov irsini dərindən bilən, bütün söhbətlərində,
çıxışlarında dahi sənətkarın bənzərsiz dühasından
söz açan ümummilli liderimizə jurnalistlər sual verəndə ki, "sizin ən sevimli bəstəkarınız
kimdir?" Heydər Əliyev "Üzeyir Hacıbəyov, - demişdi,
- Üzeyir Hacıbəyov
irsinin yaşaması naminə, mədəniyyətimizin,
mənəviyyatımızın yaşaması naminə sizin hamınızı şücaətə, qəhrəmanlığa,
vətənpərvərliyə dəvət edirəm".
Unudulmaz siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi bütün xalqımız tərəfindən
qeyd edilir. Onun fəaliyyətinin bütün sahələri
araşdırılaraq xalqa
çatdırılır. Bu
böyük insanın
keçdiyi həyat yolu ilə tanış
olduqca, onun nəhəngliyinin bir daha şahidinə çevrilirik. Böyük
insanlar heç zaman ölmürlər, onlar gözəl əməlləri ilə yaddaşlarda, tarixdə əbədi yaşayırlar.
Dahi Üzeyir bəy Hacıbəyov hələ 1910-cu ildə özünün nəşr
etdiyi "Həqiqət"
qəzetində belə
yazırdı: "Bəşəriyyət
tarixində elə şəxslər var ki, onlar özləri
üçün anadan
olmayıblar, bəlkə
bütün xalqa və hətta ümuminsaniyyətə xeyir
gətirmək və tərəqqisinə səbəb
olmaq üçün
yaranıblar. Bu cür adamlar nəinki sağlığında,
bəlkə öləndən
sonra da camaata mənfəət verirlər".
Böyük fəhmlə,
dahiyanə deyilmiş
bu kəlamlar həm ümummilli lider Heydər Əliyevə, həm də elə cahanşümul dahi sənətkarımız Üzeyir
bəy Hacıbəyovun
özünə şamil
edilməlidir.
Bəli, bu böyük insanlar dünyalarını dəyişdikdən
sonra da öz əməlləri ilə doğma vətənə, sevimli xalqımıza uğur və şərəf gətirirlər. Belə dahiləri olan millət böyükdür,
xoşbəxtdir, yenilməzdir.
Azərabyacan.- 2008.- 9
may.- S. 9.