Qarayev Ə.
Heydər Əliyev Azərbaycan
mədəniyyətinin böyük hamisi idi
Azərbaycan xalqının dünya
şöhrətli ümummilli lideri Heydər Əlirza oğlu
Əliyev dahi insan, böyük dövlət xadimi kimi misilsiz
xidmətləri ilə tarixi şəxsiyyətlər
panteonunda öz yeri və mövqeyi olan siyasət
nəhənglərindəndir.
May ayının 10-da ümummilli
liderimizin anadan olmasının 85 illiyi dünya miqyasında
qeyd ediləcək. Ulu öndərin
şah əsəri olan müstəqil Azərbaycanda isə
yubiley tədbirləri, şənliklər, elmi konfranslar,
simpoziumlar, təqdimatlar, toplantılar, konsert proqramları bir
aydan çoxdur ki, davam edir. Mənim üçün
qiymətli olan budur ki, təşəbbüslərin
böyük əksəriyyəti yerlərdən qaynaqlanır.
Təşkilatlar, kollektivlər, ayrı-ayrı
insanlar, kütləvi informasiya vasitələri, hökumət
və qeyri-hökumət qurumları təbii bir istəklə
Heydər Əliyevə bəslədikləri dərin
məhəbbəti ifadə etmək üçün
təşəbbüs göstərirlər. Bu bir daha onu
göstərir ki, həqiqətən də
xalqımızın ulu öndərimizə
məhəbbəti, sevgisi sonsuzdur.
Azərbaycanın tarixində görkəmli
şəxsiyyətlər, qəhrəmanlar, dövlət
xadimləri çox olmuşdur. Onların hər birinin öz
yeri, öz çəkisi var. Lakin Heydər
Əliyev tariximizin ən uğurlu təcrübələrini,
milli-mənəvi dəyərlərimizi müdrik bir
həssaslıqla birləşdirərək millətimizin
və xalqımızın keçib gəldiyi yolu
bütövləşdirmiş, ən ali milli sərvətin -
müstəqil Azərbaycan dövlətinin banisi
olmuşdur. Heydər Əliyevin dövlətçilik
amalı XX yüzilliyin 90-cı illərində dəyəri
heç bir tarixi hadisə ilə müqayisəyə
gəlməyən nəticə vermişdir.
Heydər Əliyev milli varlığımızı, tariximizi
bütövləşdirmiş, yaxın və uzaq
gələcəkdə uğur qazanmağın,
Azərbaycanı inkişaf etdirməyin aydın
yollarını göstərmiş, ən dəqiq taktika
və strategiyanı müəyyən etmişdir.
Ağıllı insanlar, əslində bütün
xalqımız bu unikal dəyəri zaman-zaman dərk
etdiyinə görə millətimizin Heydər Əliyevə
sevgisi və ehtiramı ildən-ilə artır.
Heydər Əliyev ölkəmizdə vətəndaş
cəmiyyətini inkişaf etdirməyin əsaslarını
yaratmış bir şəxsiyyətdir. O,
Azərbaycan mühitində xalqın, millətin
tərəqqisində tarixi, milli-mədəni
köklərə bağlılıq, qarşılıqlı
anlaşma, milli birlik, yaradıcı münasibət,
çağdaşlıq və dünyanı dərk
edərək yaşamaq, qanunçuluğa və demokratik
dəyərlərə sayğı və digər
təməl meyarları reallaşdırmağın
mümkünlüyü haqqında düşüncə
sistemi yaratmışdır. Bu sistemin bütün
cəhətləri canlı, dinamik həyatla,
gerçəkliklə, gündəlik işlə
bağlıdır.
Heydər Əliyevin varlığını təcəssüm
etdirən qısaca xülasədən çıxan nəticə
budur ki, xalqın ona bəslədiyi sonsuz məhəbbət
dahi bir şəxsiyyətin halal haqqının
qarşılığıdır. Başqa sözlə,
ümumxalq sevgisi ulu öndərimizin halal haqqıdır. Mən inanıram ki, xalqımız Heydər
Əliyevə bəslədiyi sevgi işığında daha
da yüksələcək, Azərbaycan dövləti
bütün humanist məqsədlərini reallaşdıracaq,
dünyanın ən azad, ən demokratik, maddi və
mənəvi baxımdan ən zəngin dövlətləri
sırasında öz layiqli yerini tutacaqdır.
Azərbaycan dövlətinə və
xalqımıza ümummilli liderimizin rəhbərlik etdiyi 35
illik bir dövrdə siyasi, iqtisadi, sosial və mədəni
sahələrin hər birində görülən
işlər, əldə edilən nailiyyətlər o
qədər çoxşaxəli və tutumludur ki, hər bir
istiqamət üzrə günlərlə
danışmaq, geniş təhlillər aparmaq, kitablar yazmaq
olar. Əslində cəmiyyətimiz Heydər Əliyev irsini
dəyərləndirməkdə davam edir.
Heydər Əliyevin hakimiyyətdə olduğu
bütün dövrlərdə sadə xalq kütləsi halal
əmək sərf edərək gün-güzəran,
dolanışıq sahibi olmuşdur. Ölkənin kənd
təsərrüfatı, sənaye, tikinti-abadlıq sferası
ildən-ilə yüksəlmiş, iqtisadi uğurlar xalqın
həyat səviyyəsinə davamlı təsir
göstərmişdir. Əlbəttə bütün
bunları araşdırmaq bu sahələrə bələd
olan mütəxəssislərin işidir.
Bu yubiley günlərində ölkəmizin
bütün yaradıcı şəxslərini, ziyalı
insanlarını qürurlandıran budur ki, ulu öndərimiz
xalqın yüksəlişində iqtisadi, siyasi, sosial
münasibətlərlə bir sırada elm və təhsilin,
mədəniyyətin, milli şüuru formalaşdıran bütün
digər əsas faktorların rolunu az qala bazis
səviyyəsində dəyərləndirmiş, məhz bu
yanaşma nəticəsində müstəqil
dövlətçilik ideyası elmi əsaslar
qazanmışdır.
Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin
bugünkü səviyyəsi də ulu öndərimizin
adı ilə bağlıdır. Heydər Əliyev
mədəniyyəti xalqın böyük sərvəti hesab
edirdi. Elə buna görə də o,
mədəni-mənəvi dəyərlərin qorunması,
təbliği və yeni estetik düşüncəyə
məxsus əsərlərin yaradılması
üçün nəinki mümkün olanları, hətta
mümkün olmayanları da edirdi.
Azərbaycan mədəniyyətində mövcud olan
böyük simalar və onların yaratdığı
ölməz əsərlər tariximizin heç bir
mərhələsində Heydər Əliyev zamanında
olduğu qədər yüksək
qiymətləndirilməmişdir. “Kitabi -
Dədə Qorqud” dastanları, xalq
yaradıcılığının parlaq nümunələri
və simaları, Xaqani, Nizami dühası, Əcəmi
Naxçıvaninin “Mömünə Xatun” möcüzəsi,
“Qobustan”, “İçərişəhər”, “Atəşgah”
abidə kompleksləri, Nəsimi, Füzuli, Vaqif, Cavid,
Mirzə Cəlil, Müşfiq, Vurğunun
ədəbi-bədii düşüncəsi,
Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadənin
rəng düzümü, Üzeyir Hacıbəyov, Qara Qarayev,
Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Müslüm Maqomayevin
musiqi dünyası - bütün bu dəyərli irs
xəzinəsi ulu öndərimizin diqqət və
qayğısı sayəsində xalqımızın
dərk olunmuş dünya duyumuna çevrilmiş, dünyada
Azərbaycan düşüncəsinin zənginliyini
nümayiş etdirmişdir.
Heydər Əliyev dahi idi, buna görə də
xalqımızın dahi sənətkarlarını və
onların yaratdığı dahiyanə əsərləri
heç kim onun qədər böyük
məhəbbətlə, qədirbilənliklə
dəyərləndirə bilməzdi. Heydər Əliyevin
xalqın müdrik yetirmələrinə sonsuz
məhəbbəti Azərbaycana, Vətəninə
nəhayətsiz sevgisindən qaynaqlanırdı. Heydər
Əliyev böyük yaradıcı şəxsiyyətdir. O,
yer üzündə yaşayan 40 milyonluq bir xalq
üçün “Fəxr edirəm ki, mən
azərbaycanlıyam ” amalını yaratmışdır. Bu
sözlər xalqımızın, millətimizin ruhunun adı
və ünvanıdır. Heydər Əliyev müasir
Azərbaycan xalqının ruhunun yaradıcısıdır.
Dahi insanlar olub, var, yenə də olacaqlar. Amma, tariximizdə
xalq ruhunu Heydər Əliyev qüdrətində
formalaşdıran, səfərbər edən ikinci bir
şəxsiyyəti bəyan etmək
mümkünsüzdür.
Heydər Əliyev Azərbaycanın sivil
dünya ilə inteqrasiyasına, xalqların iqtisadi, siyasi,
humanitar yaxınlaşmasına dövlətçiliyi
möhkəmləndirən, xalqı inkişaf etdirən
ən vacib vasitələrdən biri kimi baxırdı. Və
bu zaman dünya ilə dil tapmağın ən
sınanmış və optimal yollarından
biri olaraq mədəni dəyərlərin
qarşılıqlı dərkini və təbliğini
əsas götürürdü.
Heydər Əliyevin sayəsində Azərbaycan
ədəbiyyatı, musiqisi, rəngkarlığı, xalq
sənətkarlığı, kino və teatr sənəti
dünya şöhrəti qazanmış, xalqımızı
ləyaqətlə təmsil etmişdir.
Çox fərəhlidir ki, bu yubiley günlərində
xalqımız, o cümlədən yaradıcı insanlar,
sənət adamları, turizm ictimaiyyəti ulu öndərin
mədəniyyətin inkişafı naminə
gördüyü saysız-hesabsız işləri böyük
bir minnətdarlıq duyğusu ilə yenidən
xatırlayır, Heydər Əliyevin ruhu qarşısında
hesabat verirlər.
Artıq bir aydan çoxdur ki,
mədəniyyət və turizm ictimaiyyəti -
yazıçılar, şairlər, rəssamlar,
musiqiçilər, teatr və kino xadimləri Heydər
Əliyev tərəfindən yaradılmış, ondan yadigar
qalan mədəniyyət saraylarında, konsert, sərgi
salonlarında, tamaşa zallarında xalqla
görüşərək ulu öndərə
ehtiramlarını yaradıcılığın dili ilə
ifadə edirlər. Tədbirlərimiz çoxdur,
sərgilər, konsert, tamaşa proqramları, poeziya
məclisləri, kitab təqdimatları, elmi toplantılar... Bu
günlər Heydər Əliyevin dühasından ilham alan
sənətkarlarımız xalqımızın ulu
öndərimizə bəslədiyi məhəbbətlə
üzbəüzdürlər. Məncə, bu
mənəvi birlik ümumən Azərbaycan
mədəniyyətinin təntənəsi
sayılmalıdır.
Ümummilli liderimizin yüksəliş yolunu böyük
uğurla yeni nailiyyətlərə doğru aparan
möhtərəm Prezidentimiz İlham Əliyevin
mədəniyyət və turizm sahəsində
hərtərəfli inkişafı üçün
göstərdiyi diqqət və qayğı, bu sahədə
qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, Heydər
Əliyevin milli-mədəni intibah amalı bu gün də
yaşayır, ümummilli təkamülə təminat
yaradır.
Heydər Əliyevin mənalı həyatı, böyük
xidmətləri və zəngin irsi gələcək
nəsillərımızə milli düşüncə
məktəbi olmuşdur. Bu gün hər bir
Azərbaycan vətəndaşının Heydər Əliyev
siyasi məktəbinin yetirməsi və onun layiqli
davamçısı olan cənab İlham Əliyevin
ətrafında sıx birləşməsi, onun siyasi
xəttini müdafiə etməsi təsadüfi deyildir.
Heydər Əliyev mənalı ömür
yolunda tarixi şəxsiyyət, böyük dövlət
xadimi kimi xalqın tale yükünü
çiyinlərində daşımış, onun müstəqilliyə,
azadlığa və xoşbəxtliyə qovuşması
uğrunda fədai mübarizəsi aparmış, doğma
Azərbaycanı bir dövlət kimi zamanın
ağır sınaqlarından, tufanlarından
çıxartmış, dünya tarixində bir lider kimi
tanınmışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın dediyi kimi Heydər Əliyev
“...30 ildən artıq Azərbaycanın məsuliyyətini
öz çiyinlərində daşıyan, onu bir
dövlət və millət kimi tarixin sınaqlarından çıxaran
vətəndaş, şəxsiyyət, lider olmuşdur”.
ABŞ prezidenti Corc Buş “Heydər Əliyev kimi liderlə
işləmək şansı əldə etməsini”
minnətdarlıqla xatırlayarkən demişdir: “Heydər
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində
ən əsas şəxsiyyət olmuşdur... Amerika
Birləşmiş Ştatları ilə
bəhrələndiyi dostluq əlaqələrinin
qurulmasında, Azərbaycan müstəqilliyinin qorunmasında
onun şəxsi səyləri həyati əhəmiyyət
daşımışdır”.
Heydər Əliyevin ölkə daxilində və xaricdə
dərin inam və qətiyyətlə,
məqsədyönlü və ardıcıl
şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı
siyasət inkişaf etmiş ölkələrlə sıx
əməkdaşlığın qarantı olmuşdur.
Heydər Əliyev incəsənət xadimləri ilə
görüşlərinin birində demişdir:
“Xalqımızın incəsənət, mədəniyyət
sahəsindəki nailiyyətləri Vətənini,
millətini sevən hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir. Mən bununla daim
fəxr etmişəm”.
Bu tarixi nailiyyətlərin, xalqımızın
həyatında baş verən misilsiz yeniliklərin
təşkilatçısı və himayədarı
Heydər Əliyev idi. Köhnə libasını
dəyişən, qədim milli mədəniyyətimizin
kökləri üstündə
çiçəklənən yeni Azərbaycan
mədəniyyəti Heydər Əliyev dühasının
bəhrəsi idi.
Heydər Əliyev demişdir:
“Ədəbiyyatımızın, incəsənətimizin,
mədəniyyətimizin ən böyük və
fərqləndirici xüsusiyyətlərindən biri də
odur ki, zaman-zaman istedadlı insanlar
mədəniyyətimizdə yeni yollar, yeni cığırlar
açırlar, yeni formalar meydana gətirirlər”. Müasir ədəbiyyatımızın,
incəsənətimizin və mədəniyyətimizin
bəşəri arenada öz nadir inciləri ilə
dünyanı heyran qoyması, ölkəmizin şöhrətini
qaldırması, xalqımızın qədim
mədəniyyətə malik olması bu müdrik fikri
təsdiq edirdi.
Heydər Əliyevin 85 illik yubileyi böyük
bayramımızdır. Bu bayram münasibəti ilə
bütün xalqımızı təbrik edirəm!
Xalq qəzeti- 2008.- 8 may.- S. 14.