"Heydər Əliyev Azərbaycanın musiqi mədəniyyəti"

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bakı Musiqi Akademiyası ilə birlikdə muzeydə ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirdi.
Muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açaraq ulu öndərin mədəniyyətin bütün sahələrinə diqqət və qayğısından danışdı. Qədim Musiqi Alətləri Muzeyinin bədii rəhbəri, əməkdar artist Məcnun Kərimov ulu öndərlə bağlı xatirələri yada saldı. Mədəniyyətimizə, muzey işinə Heydər Əliyevin yüksək qayğısının olduğunu və bu gün həmin qayğının nəticəsi olaraq Azərbaycan musiqisinin layiqli səviyyədə inkişaf etdiyini vurğuladı.
Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkar, xalq artisti Musa Mirzəyev, muzeyin elmi işlər üzrə müavini Təranə Qurbanova və başqaları ulu öndərlə bağlı xatirələr söylədilər.
Tədbirdə ümummilli liderin sevdiyi musiqilər, Opera və Balet Teatrının solistləri, əməkdar artistlər Həsən Enaminin, Samir Cəfərovun, Fəridə Məmmədovanın və Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında səsləndi. MTN-nin nəzdində 11 illik orta ixtisas musiqi məktəbinin şagirdləri klassik əsərlərdən ibarət musiqi nömrələri təqdim etdilər.
Muzeyin foyesində muzeyin materialları əsasında hazırlanmış "Heydər Əliyev və Azərbaycanın musiqi mədəniyyəti" sərgisi nümayiş etdirildi.

 

Azərbaycan.- 2008.- 6 may.- S. 9.