Qurbanqızı Z.
"Heydər Əliyev
və İçərişəhər"
Ulu öndər
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr
ümumilikdə respublikamızın, eləcə də
mədəniyyətimizin intibah dövrü kimi
dəyərləndirilir. "Hər bir xalq öz
mədəniyyətinə görə tanınır" - deyən
ümummilli lider bu sahəyə xüsusi diqqət yetirirdi. Tarixi
abidələrimizin qorunub saxlanılması, onların
gələcək nəsillərə çatdırılması
ulu öndəri daim düşündürən, narahat
edən məsələlərdən biri idi. "İçərişəhər"ə
daha çox qayğı ilə yanaşan əbədi liderimiz
deyirdi: "Azərbaycan xalqının milli sərvəti olan
İçərişəhər tarix memarlıq qoruğunun
qorunub saxlanılması, geniş təbliğ edilməsi
və gələcək nəşillərə
çatdırılması Azərbaycan dövlətinin,
hər bir Azərbaycan vətəndaşının
müqəddəs borcudur".
Azərbaycan
Respublikası Prezidentinin "Bakı şəhərində
İçərişəhər Tarix Memarlıq Qoruğunun
mühafizəsi və bərpası ilə bağlı
bəzi tədbirlər haqqında" 17 fevral 2003-cü il
tarixli sərəncamında 2000-ci il dekabrın 2-də
YUNESKO-nun "Dünya İrs Siyahısı"na daxil
edilmiş İçərişəhərin təkcə Azərbaycanın
deyil, bütövlükdə dünya şəhərsalma
sənətinin nadir nümunəsi olduğu göstərilir.
Ümummilli lider
Heydər Əliyevin 85 illik yubileyi münasibətilə
Nazirlər Kabineti yanında İçərişəhər
Dövlət Tarix Memarlıq Qoruğu idarəsi
tərəfindən buraxılmış "Heydər
Əliyev və İçərişəhər" adlı
fotoalmanaxında ulu öndərin respublikaya rəhbərliyinin
bütün dövrlərində bu kompleksdə keçirdiyi
görüşlər, onun mədəniyyətimizlə
bağlı fikirləri öz əksini tapmışdır.
Muğam Teatrında
keçirilən təqdimat mərasimini
İçərişəhər Dövlət Tarix Memarlıq
Qoruğu idarəsinin rəisi, professor Kamran İmanov
açaraq ulu öndərin Azərbaycan
mədəniyyətinin inkişafı sahəsində
xidmətlərindən danışdı. Qeyd etdi ki,
Azərbaycan tarixinin yarım əsrə qədər bir
dövrü, bu dövrdəki nailiyyətlər Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu öndər
tariximizə, milli-mənəvi dəyərlərimizə
həssaslıqla yanaşır, onun qorunub
saxlanılmasını tövsiyə edirdi. Əbədi lider
deyirdi: "Biz azərbaycanlıları birləşdirən
milli mənsubiyyətimizdir, milli-mənəvi
dəyərlərimizdir. Milli mədəniyyətimiz,
ədəbiyyatımız, incəsənətimiz, musiqimiz,
şeirlərimiz, mahnılarımız, folklorumuz, bir
sözlə, xalqımıza mənsub olan adət-ənənələrimizdir".
Ulu öndər İçərişəhəri xalqın
daş yaddaşı, açıq səma altında muzey
adlandırır, onun qorunması üçün fərman
və sərəncamlar imzalayırdı. Biz əbədi
liderimizin tövsiyələrinə bundan sonra da əməl
edəcək, İçərişəhər tarixi
kompleksinin qorunub saxlanması üçün əlimizdən
gələni edəcəyik.
Sonra AMEA-nın
müxbir üzvü, tarix elmləri doktoru, professor
Məşədixanım Nemət, İçərişəhərdə
yerləşən "Miniatür Kitab Muzeyi"nin
yaradıcısı Zərifə Salahova, Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşı
general-mayor Fərhad Vahabov və başqaları
çıxış edərək ümummilli liderin xalqı
qarşısında xidmətlərindən, Azərbaycan
mədəniyyətinin inkişafı üçün
gördüyü işlərdən danışdılar,
ölkə başçısı cənab İlham
Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın milli mədəniyyətimizin dünya
miqyasında tanınması naminə gördüyü
işlərə yüksək dəyər verdilər. Eyni
zamanda "Heydər Əliyev və İçərişəhər"
adlı fotoalmanaxının mədəniyyətimizin
qorunması və onun gələcək nəsillərə
çatdırılması baxımından ulu öndərin
əbədi xatirəsinə dəyərli töhfə
olduğunu vurğuladılar.
Respublika.- 2008.- 11 may.- S. 15.