"Mədəniyyət"
kataloqunun təqdimatı
keçirilmişdir
Ulu
öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi
respublikamızda, dünyanın bir çox
ölkəsində təntənə ilə qeyd edildi.
Tədbirlərdə vurğulandı ki, ümummilli lider
doğma xalqının inkişafı, tərəqqisi
uğrunda daim mübarizə aparmış, milli
ədəbiyyat, incəsənət xadimlərinin qayğısına
qalmışdır. Muzey Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin ulu öndərin
yubileyinə hədiyyə etdiyi "Mədəniyyət"
kataloqunun təqdimat mərasimində də bu barədə
ətraflı danışılmışdır. Tədbiri
giriş sözü ilə açan respublika
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
demişdir:
- Ümummilli
lider Heydər Əliyevin uğurlu siyasəti bu gün də
yüksək səviyyədə davam etdirilir. Xalqımız
müstəqillik dövrunu yaşayır, incəsənət,
mədəniyyət sahələri inkişaf edir, dünyada
tanınır. Xarici turizm şirkətlərinin ölkəmizə
maraqları günbəgün artır.
Milli
Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami
Cəfərov isə fikrini belə bildirdi: "Ulu
öndərin siyasətinin prinsipləri - tarixi
mədəniyyətimizin qorunub saxlanılması,
keçmiş və müasir mədəniyyətimizin
dünya miqyasında tanıtdırılması və
yaradıcı şəxsiyyətlərin
qiymətləndirilməsi uğurla davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamları qənaətimin sübutudur.
Mədəniyyət və Turizm Nazirliyinin
təşəbbüsü sayəsində işıq
üzü görən "Mədəniyyət" toplusunu
ürəkdən bəyənir və onun əziyyətini
çəkənlərə təşəkkürümü
bildirirəm".
Kataloqda
dərc olunan materiallar Azərbaycan, rus, ingilis
dillərindədir. 320 səhifəlik rəngli,
illüstrasiyalarla zəngin olan nəşr müxtəlif
bölmələrə, rubrikalara ayrılıb,
mədəniyyətimizin dünənini, bugününü
göz önündə canlandırır. Topluda teatr, kino,
musiqi, rəngkarlıq, ədəbiyyat mövzusunda yazılar
peşəkarlıqla təqdim olunub. Xalq şairi Fikrət
Qoca, teatrşünas, professor Məryəm Əlizadə,
Dövlət Film Fondunun direktoru, əməkdar
incəsənət xadimi Cəmil Quliyev kataloqun nəşrinin
ölkəmizin mədəniyyət siyasətinin, qazanılan
uğurların təbliği baxımından əhəmiyyətini
xüsusi qeyd etdilər. Onun təşkilatçılarına
və yaradıcılarına minnətdarlıqlarını
bildirdilər.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin yekun
çıxışı tədbir
iştirakçıları tərəfindən
alqışlarla qarşılandı:
- Biz bu toplunu ulu öndərimizin şanlı yubileyinə
hədiyyə etmişik. O, özündən sonraya
əbədi iz qoyub. Zaman ötüb keçəcək, lakin
dahi şəxsiyyət heç vaxt unudulmayacaq, milli
mədəniyyətimizin inkişafında yaşayacaq, ehtiramla
xatırlanacaqdır.
"Mədəniyyət"də
eyni zamanda xarici ölkələrdə təşkil edilmiş
konsert və sərgilər, modelyer Fəxriyyə
Xələfovanın yaradıcılığını
əks etdirən fotolar, məqalələr dərc olunub.
Nəfis tərtibatla işıq üzü görmüş
topluda Azərbaycanın ən yaxşı
fotoqraflarının çəkdikləri şəkillər
də yer alıb. Mədəniyyətimizi, turizm zonalarını
canlandıran fotolar kataloqu daha da maraqlı, baxımlı edib.
Azərbaycan.- 2008.- 16 may.- S. 6.