Mürvətqızı S.

 

Heydər Əliyev Cəfər Cabbarlı irsinə hər zaman həssaslıqla yanaşıb

 

Dünən C.Cabbarlının ev muzeyində mərhum prezident Heydər Əliyevin anadan olmasının 85 illiyilə bağlı tədbir keçirilib. Tədbirin aparıcısı, dramaturqun nəvəsi ev muzeyinin elmi işçisi Qəmər Seyfəddinqızı çıxışında Heydər Əliyevin mədəniyyətimizin inkişafı naminə gördüyü işləri önə çəkərək, onun xatirəsinin hər zaman ehtiramla anılacağına inamını ifadə edib. Mərhum liderin bir sıra ədəbiyyat adamlarına, o cümlədən C.Cabbarlının mənəvi irsinə dərin hörmətlə yanaşdığını bildirən Q.Seyfəddinqızı dramaturqun ev muzeyinin açılmasında heykəlinin qoyulmasında H.Əliyevin müstəsna rolunu qeyd edib.
   "Heydər Əliyev ilk övladının adını Sevil qoymaqla Cabbarlı irsinə qədər məhəbbətlə yanaşdığını sübut edib". Bu fikri söyləyən tədqiqatçı alim Asif Rüstəmli H.Əliyevin mədəniyyət ədəbiyyat sahəsinə, ədiblərə göstərdiyi böyük qayğının əhəmiyyətini vurğulayıb. O, ümummilli liderin sənət adamlarına, xüsusən Cabbarlı irsinə hər zaman həssaslıqla yanaşdığını dilə gətirib.
   C.Cabbarlının 28 may metrostansiyası yaxınlığında yerləşən heykəlinin müəllifi Mirəli Mirqasımovun həyat yoldaşı Gültəkin Mirqasımova həmin abidənin ucaldılması barədə H.Əliyevin şəxsən göstəriş verdiyini bu işi daima diqqətdə saxladığını bildirib.
   Filologiya elmləri namizədi Xədicə Murad H.Əliyevin xatirəsinə həsr etdiyi "O İlahi işıq, o Tanrı nuru" kitabından bir hissəni tədbirə toplaşanların nəzərinə çatdırıb nəşrin bir nüsxəsini C.Cabbarlının ev muzeyinə bağışlayıb.
   C.Cabbarlının ev muzeyinin direktoru, ədibin qızı Gülarə Cabbarlı çıxışında 1982-ci ildə atasının ev muzeyinin açılması ilə bağlı H.Əliyevin gördüyü işlərin bu yöndə müstəsna rol oynadığını dilə gətirib.
   

525-ci qəzet.- 2008.- 3 may.- S. 26.