Heydər Əliyevin 85 illiyi Teatr Xadimləri İttifaqında qeyd edilib
Dünən Teatr Xadimləri
İttifaqında ümummilli
liderin 85 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan teatrı"
adlı elmi-praktiki konfrans keçirilib. Tədbirin aparıcısı,
qurumun sədri Azər Paşa Nemət anım mərasiminə toplaşanların
diqqətinə çatdırıb
ki, Heydər Əliyev hər zaman mədəniyyət təəssübkeşi olması
ilə seçilib.
A.P.Nemət respublikada
və dünyanın müxtəlif yerlərində
təşkil olunan silsilə yubiley tədbirlərindən birinin
məhz Teatr Xadimləri İttifaqında
keçirilməsinin təsadüfi
olmadığını vurğulayıb.
O, bunun teatr adamları üçün
mənəvi borc olduğunu dilə gətirib.
"Heydər Əliyevin mədəniyyət
və incəsənətə
qayğı göstərdiyi,
dayaq olduğu illər həmin sahələrin intibah dövrü adlandırıla
bilər". Bu fikri konfransda "Heydər Əliyev və Azərbaycan teatrı" adlı məruzə ilə çıxış edən
professor Məryəm Əlizadə səsləndirib.
H.Əliyevi teatr sənətinə bağlı
insan kimi səciyyələndirən M.Əlizadə
onun hər zaman mədəniyyət və incəsənət xadimlərinə xüsusi
diqqət göstərdiyini
bildirib.
Sənətşünaslıq doktoru İlham
Rəhimli çıxışında
H.Əliyevin teatr vurğunu olduğunu və dövlət rəhbəri kimi həmişə sənət
adamlarının işinə
təkan verdiyini, onların problemlərinin həlli üçün çalışdığını, hər kəsi diqqətdə saxladığını
qeyd edib.
Xalq artistləri
Amaliya Pənahova, Ramiz Məlikov, Nurəddin Mehdixanlı H.Əliyevlə bağlı
xatirələrini danışaraq,
onun sənətə olan hörmətindən söz açıblar.
Tədbir çərçivəsində
Teatr Xadimləri İttifaqında H.Əliyevin
müxtəlif illərdə
sənət adamları
ilə çəkdirdiyi
fotostend nümayiş
etdirilib.
525-ci
qəzet.- 2008.- 6 may.- S. 7.