Rüstəmov B.
Ulu öndər
Heydər Əliyevin 85 illik yubileyi günlərində
maraqlı sərgi Azərbaycanın dilbər
güşəsi olan Balakəndə
açılmışdır. Burada Elnur Rəsulovun rəngkarlıq,
qrafika əsərləri nümayiş etdirilir. Sərgi rayon
Tarix və diyarşünaslıq müzeyində təşkil
olunmuşdur. Muzeyə gələnlər əlvan boyalarla
zəngin olan rənglər aləminin cazibəsinə
düşür, gözəllikdən zövq alırlar.
Müəllif təkcə doğulub boya-başa
çatdığı Balakənin füsunkar təbiətini
kətan üzərinə köçürməklə
kifayətlənməyib. O, bir-birindən maraqlı
portretlər də yaradıb. "Lənkəranlı
qız", "Nigar", "Nərminə",
"Kəbirə", "Dünya" və
digərləri bu qəbildəndir.
Tamaşaçını düşünməyə vadar
edən tablolardan biri "Şəhidlər bulağı"
adlanır. Bu tabloda əsasən qırmızı
rəngdən istifadə olunub. Bu da təsadüfi deyildir.
Qırmızı rəng həm də şəhid qanının
rəmzi çalarıdır.
Ümumiyyətlə, Elnur Rəsulov kiçik
çərçivəyə bir aləm gözəllik
yerləşdirə bilir. "Yuxu" əsəri buna misal ola
bilər. Körpəsini yatırtmaq istəyən gənc
ananın qucağında nadinc uşağın
bəxtəvərliklə sakit uyumasına baxmaqdan göz
yorulmur. "Fındıqlıq", "Eldar
şamı", "Ağcaqayınlar" və digər
tablolar da tamaşaçını
düşündürür. Rəssamın akvarel, pastel,
kömür və karandaşla yaratdığı tablolarda
özünəməxsus gözəllik vardır.
Elə buna görə də sərgiyə gələnlər
gənc rəssamın yaradıcılığını
yüksək qiymətləndirirlər. Bu da onu deməyə
əsas verir ki, gənc rəssamı qarşıda daha
böyük uğurlar gözləyir.
Azərbaycan.- 2008.- 4 may.- S. 12.