Sadıqov Ə.

 

Nəsillərə örnək olan dahi şəxsiyyət

 

Nizami rayon mərkəzləşdirilmiş kitabxana sisteminin mərkəzi kitabxanasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “Nəsillərə örnək olan böyük şəxsiyyət” mövzusunda tədbir keçirildi. Tədbirdə mərkəzi kitabxananın müdiri Şəhla Qəmbərova çıxış edərək ulu öndərimiz Heydər Əliyevin müasir tariximizdəki müstəsna rolundan, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxt yaşaması naminə gördüyü mühüm əhəmiyyətli işlərdən danışdı. Ümummilli liderimizin milli mədəniyyətimizin, elmimizin, təhsilimizin tərəqqisindəki böyük xidmətlərini önə çəkdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev tarixi keçmişimizi yaşatmaqla, milli-mənəvi irsimizin cəmiyyətdə tam bərqərar olmasına, inkişafına, dünyada təbliğinə nail olmaqla müasir, müstəqil Azərbaycan dövlətinin təməlini qoyub.

Şəhla Qəmbərova ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi otuz ildən artıq bir dövrü xarakterizə edərək tariximizin bu şanlı səhifəsinin ayrı-ayrı mərhələləri barədə söhbət açdı. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında 11 mart 2008-ci il tarixli sərəncamının ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılandığını, bu sərəncamdan irəli gələn tədbirlərin coşğun ruh yüksəkliyi ilə həyata keçirildiyini vurğuladı. Q qeyd etdi ki, Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.

Tədbirdə çıxış edənlər, Nizami RİH-in nümayəndəsi Bəhman Hüseynov, Ömər Ağayev, 272 saylı məktəbin tarix müəllimi Təranə Əliyeva, "Mədəni-maarif jurnalının baş redaktoru Yaşar Vəliyev, Sevil Nağıyeva çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı həyat yolunun gələcək nəsillərə örnək olduğunu, bu dahi şəxsiyyətin irsinin daim öyrəniləcəyini bildirdilər. Bu gün onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs cəmiyyətimizdə tam dəstəklənir. Odur ki, əminliklə söyləmək olar ki, bu ilin prezident seçkilərində də xalqımızın məhz İlham Əliyevə səs verərək, onu ikinci müddətə dövlətimizin başçısı seçəcəkdir.

Sonda ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlı film göstərildi və məktəb şagirdləri ümummilli liderimizlə bağlı şeirlərini dilə gətirdilər.

 

Respublika.- 2008.- 10 may.- S. 22.