Tahirov K.
Heydər
Əliyev çağdaş kitabxana quruculuğunun banisidir
Azərbaycan
xalqının böyük oğlu, türk
dünyasının tanınmış lideri, ulu
öndərimiz Heydər Əliyev bütün şüurlu
ömrünü dünyalar qədər sevdiyi
Azərbaycanın inkişafına, onun
çiçəklənməsinə həsr etmişdir. Azərbaycanlı olduğu
ilə həmişə fəxr edən ümummilli liderimiz
iqtisadiyyatın, elmin, mədəniyyətin və sosial
həyatımızın bütün sahələrində
sürətli inkişafı təmin edən kompleks
tədbirlərin həyata keçirilməsinin öndəri
olmuş və onun diqqət və qayğısı sayəsində müstəqil
Azərbaycanın dünyanın inkişaf etmiş
ölkələri sırasına çıxmasına
əlverişli şərait yaranmışdır.
Bütün sahələrdə olduğu kimi
mədəniyyət sahəsində də sürətli
inkişaf və çiçəklənmə prosesi məhz
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrdə başlanmışdır. Ulu öndərimizin
mədəniyyətimizə, mədəni
dəyərlərimizə və mədəniyyət
işçilərinə xüsusi diqqət və
qayğısı danılmazdır. Müstəqil
Azərbaycanda mədəni quruculuq işlərinin memarı
olan Heydər Əliyev üçün bu sahə
həmişə prioritet sahə olmuşdu. Bu
gün biz fəxrlə qeyd edə bilərik ki, Azərbaycan
mədəniyyətinin inkişafına və mədəni
sərvətlərimizin mühafizə olunaraq
gələcək nəsillərə
çatdırılmasına böyük diqqət və
qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda
çağdaş kitabxana quruculuğunun da banisidir. Tam
məsuliyyətlə demək olar olar ki, müasir
dövrdə böyük vüsət alan çağdaş
kitabxana quruculuğunun özülü məhz 70-ci illərin
əvvəllərində ulu öndərimiz birinci dəfə
Azərbaycana rəhbərlik etməyə
başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra
şəhərlərdə və rayon
mərkəzlərində yeni kitabxana binalarının
tikilməsi, respublika kitabxana şəbəkəsinin
sürətli inkişafı, kitabxanaçı kadrların
hazırlanması sahəsində səmərəli
tədbirlərin həyata keçirilməsi, kitabxanaların
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində möhtəşəm işlərin
görülməsi buna əyani sübutdur.
Həmin dövrdə Azərbaycanda kitabxana binalarının
məhz ayrı-ayrı kolxoz və sovxozların vəsaiti
hesabına inşa olunması daha çox
yayılmışdı və bu iş ulu öndərimizin
şəxsi nəzarəti altında həyata keçirilirdi.
Astarada, Bərdədə, Salyanda, Dəvəçidə,
Qusarda, İsmayıllıda və respublikamızın
digər şəhər və rayon mərkəzlərində
rayon və şəhər mərkəzi kitabxanalarının
yerləşdiyi müasir tipli binalar məhz həmin
dövrdə tikilmişdir.
Müasir dövrdə müstəqil
Azərbaycanda kitabxana quruculuğunda mühüm amil olan
mərkəzləşdirilmiş kitabxana sistemləri 70-ci
illərdə təşkil olunmuşdur. 1974-cü ildə ulu
öndərin imzaladığı qərəra əsasən
yaradılan mərkəzləşdirilmiş kitabxana
sistemləri həmin dövr üçün ən
mütərəqqi bir iş üsulu idi və 70-80-ci
illərdə Azərbaycanda kitabxana işinin inkişafında
yeni bir mərhələ olmuşdur. Heydər Əliyevin
iradəsi ilə respublikada bu çox vacib iş
keçmiş SSRİ-də ön yerlərdə həyata
keçirilmişdi. Bu gün mövcud olan
Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil
Nazirliyinin, AMEA-nın, həmkarlar ittifaqları
təşkilatlarının kitabxana
şəbəkələri məhz həmin dövrdə
bitkin bir sistem kimi formalaşmışdır. İndi
ölkəmizdə uğurla fəaliyyət göstərən
mərkəzləşdirilmiş kitabxana sistemləri
də məhz həmin dövrdə yaranmışdır.
Bu dövrdə respublikamızda kitabxana
şəbəkələrinin inkişafı və
formalaşması istiqamətində xeyli işlər
görülmüş, ayrı-ayrı nazirliklərin kitabxana
şəbəkələri formalaşmış, kənd kitabxana
şəbəkəsi xeyli genişlənmişdir. Faktlara müracət etsək görərik ki,
əgər 1970-ci ildə Azərbaycanda bütün idarə
və sistemlərin kitabxana şəbəkəsinə
cəmi 7,5 min kitabxana daxil idisə, 1981-ci ildə onların
sayı 9 minə çatmışdı. Kitabxana
fondlarının formalaşdırılması
istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində
kitabxana fondlarının həcmi də xeyli artaraq 1970-ci
ildəki 54,3 min nüsxədən xeyli artaraq 1981-ci ildə
93,0 min nüsxəyə çatmışdı.
90-cı illərin əvvəllərində respublikada yaranan
xaos və səriştəsizlik şəraitində
Azərbaycan ərazisində kitabxanalar da böyük
təhlükələrlə üzləşmişdi. Elmin,
mədəniyyətin inkişafında və mədəni
sərvətlərimizin mühafizəsində
buraxılmış səhvlər təbii ki, ölkə
kitabxana şəbəkələrini də dağılmaq
təhlükəsi ilə üz-üzə qoymuşdu.
Məhz bu dövrdə ulu öndərimizin
xalqın tələbi ilə yenidən Azərbaycana
rəhbərlik etməyə başlaması
bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə
dağılmaqdan xilas etdiyi kimi, kitabxana
şəbəkələrinin də məhvinin
qarşısını almış oldu. Ulu
öndərin qətiyyəti nəticəsində bir çox
keçmiş sovet respublikalarından fərqli olaraq,
Azərbaycanda kitabxana şəbəkələri nəinki
dağıldı və ixtisara düşdü, əksinə
qismən də olsa inkişaf etdi, möhkəmləndi, ən
başlıcası isə onlar mühafizə olunaraq
saxlanıldı.
Bu gün böyük fəxrlə
demək olar ki, hazırda özünün sürətli
və möhtəşəm yenidənquruculuq və
modenrnləşmə dövrünü yaşayan M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasının sürətli
inkişafı konsepsiyasının əsası da 90-cı
illərin ortalarında ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulmuşdur.
Ulu öndərimiz ikinci dəfə
Azərbaycana rəhbərlik etməyə
başladığı ilk illərdə yəni 1995-1997-ci
illərdə 4 dəfə Milli Kitabxanaya baş çəkmişdir.
- 1995-ci ilin iyunun 3-də Azərbaycan Qadınları Milli
Komitəsinin, Respublika “Kitab” Cəmiyyətinin və
ABŞ-ın “Stark enterprauz” firmasının
təşəbbüsü ilə çap olunan
“Vətənə, dövlətə, xalqa sədaqət
andı” kitabının təqdimat mərasimində iştirak
etmişdir.
- 1996-cı il mart ayının 5-də İsraildə
çıxan “Heydər Əliyev: Siyasi portretin
cizgiləri» kitabının təqdimat mərasimində
iştirak etmişdir.
- 1997-ci il noyabrın 5-də “Azərbaycan
qaçqınları» fotoalbomunun təqdimat mərasimində
iştirak etmişdir.
- 1997-ci il noyabrın 20-də Amerikada nəşr edilən
“Azərbaycan interneşnl» jurnalının 5 illiyinə
həsr olunmuş təqdimat mərasimində iştirak
etmişdir.
Azərbaycan xalqının dünyaya
bəxş etdiyi dahi şəxsiyyətin bu kitabxanaya hər
bir gəlişi bu möhtəşəm elm və
mədəniyyət, ocağının inkişafında
mühüm rol oynamış və onun gələcək
inkişafı perspektivlərinin müəyyən
olunmasında ən vacib amilə çevrilmişdir.
Belə ki, 1995-ci ilin iyununda “Vətənə,
xalqa, dövlətə sədaqət andı» kitabının
təqdimatı mərasimində iştirak etmək
üçün M.F.Axundov adına Milli Kitabxanaya gələn
ulu öndərimiz bu mədəniyyət məbədinin
qayğıları ilə yaxından maraqlanmış və
onun fondlarında köhnə nəşrlərin daha
çoxluq təşkil etdiyini xüsusilə
vurğulamışdır.
Bu amili nəzərə alan ulu öndərimiz Milli Kitabxanaya
öz şəxsi kitabxanasından 400-ə qədər yeni
kitab hədiyyə etmiş və hamını bu
mədəniyyət məbədinə kömək
etməyə çağırmışdır: “Mən indi
kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm
ki, bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz
üçün çox gərəkli olan ayrı-ayrı
mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim
özümün deyil, müxtəlif müəlliflərin
kitablarıdır və kitabxananın böyük
xəzinəsində öz yerini tutarlar. Zənnimcə,
gələcəkdə bu təşəbbüs də davam
edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar
kitabxanamızı zənginləşdirmək
üçün yəqin ki, ona kitab bağışlayacaqlar”.
Xalqımızın böyük oğlunun “Bu
kitabxanaya kömək etmək hamının borcudur” kimi
müdrik fikrinə diqqətlə yanaşan ölkəmizin
ziyalıları, alimləri, yazıçı və şairləri
bir-birinin ardınca Milli Kitabxanaya yeni-yeni kitab kolleksiyaları
hədiyyə etməyə başladılar və tezliklə
kitabxanamızın fondu əhəmiyyətli
dərəcədə yeni kitablarla
zənginləşməyə başladı.
Təkcə, 1995-ci ildə M.F.Axundov adına kitabxananın
fonduna 11,5 min nüsxə yeni ədəbiyyat daxil olmuşdu. Milli Kitabxanaya öz şəxsi kitabxanasından kitablar
hədiyyə edən müəlliflərdən xalq
yazıçısı Elçinin, xalq şairi Bəxtiyar
Vahabzadənin, xalq yazıçısı Çingiz
Abdullayevin, akademik Ziya Bünyadovun və digər
yazıçı və şairlərimizin, alim və
ziyalılarımızın adlarını çəkmək
olar.
90-cı illərin ortalarında respublikamızın Dövlət büdcəsinin nə
qədər məhdud olması, təbii ki, hamının
xatirindədir və ciddi çətinliklərə baxmayaraq,
Milli Kitabxananın problemlərinə böyük qayğı
ilə yanaşan ulu öndərimiz ikinci dəfə bu
kitabxanaya səfər edərkən bu elm ocağının ehtiyaclarını diqqətlə dinləyərək xarici
ölkələrdə çap olunan ədəbiyyatın
və dövrü mətbuatın alınması
məqsədilə əlavə məqsədli vəsaitin
ayrılmasını vacib hesab edərək yerindəcə
Nazirlər Kabinetinə müvafiq göstəriş
vermişdir.
Ulu öndərin bu göstərişinə
müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti müvafiq qərar qəbul etmiş və həmin
ildən başlayaraq hər il M.F.Axundov adına kitabxanaya
xarici ədəbiyyat və dövrü nəşrlər almaq
üçün 5000 ABŞ dolları valyuta vəsaiti ayrılmışdır.
O dövrün çətinliklərini yaşayan hər
kəs 1995-1996-cı illərdə bu vəsaitin necə
böyük bir məbləğ olduğunu daha yaxşı
hiss edirlər. Müqayisə üçün
bildirmək istəyirəm ki, o dövrdə heç həmin
kitabxananın büdcəsi bütövlükdə 5000
ABŞ dolları qədər deyildi.
Ümummilli liderimiz Milli Kitabxanaya baş
çəkərkən çox böyük nostalji
hissləri yaşadığını
söyləyərək və öz
çıxışlarında Milli Kitabxananın
fəaliyyətini yüksək qiymətləndirərək
onu respublikamızın ən əhəmiyyətli
mədəniyyət mərkəzlərindən biri hesab edirdi
və burada çalışan insanların əməyini
çox yüksək qiymətləndirirdi: “Bu gün biz buraya
- Azərbaycan Respublikasının mədəniyyət
mərkəzlərindən biri olan Mirzə Fətəli
Axundov adına Dövlət Kitabxanasına gəlmişik.
Mən vaxtilə bu kitabxanaya dəfələrlə
gəlmişəm. Amma bu gün kitabxananın astanasından
keçərkən çox böyük hörmət və
ehtiram hissi duyuram. Bu kitabxanaya, buruda çalışan
insanlara hörmət və ehtiramımı bildirmək
istəyirəm”.
Ulu öndərin kitabxana işinə hədsiz
qayğısının ən bariz nümunəsi 1998-ci
ildə Milli Məclis tərəfindən qəbul olunmuş
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının
Qanunu olmuşdur. Bütövlükdə Azərbaycanda
kitabxana quruculuğu tarixində tamamilə yeni bir
mərhələ olan bu qanun müstəqil Azərbaycanda
kitabxana qanunvericiliyinin və quruculuğunun əsasını
qoymuşdur.
MDB ölkələrində kitabxana işinə
dair qəbul olunan qanunlar içərisində ən
mükəmməl qanunlardan biri olan Azərbaycan
Respublikasının “Kitabxana işi haqqında» Qanunu
Dövlət Kitabxana Şəbəkəsinin
formalaşdırılması, kitabxana sahəsinə dair
normativ-hüquqi bazanın yaradılmasında, kitabxana
işçilərinin sosial müdafiəsinin
möhkəmləndirilməsində mühüm rol
oynamışdır.
Ulu öndərin imzası ilə
qüvvəyə minən bu qanunun Milli Kitabxananın statusunun
formalaşmasında, onun qiymətli fondlarının
dövlət tərəfindən xüsusi əhəmiyyətli
mədəniyyət sərvətləri kimi etibarlı
mühafizəsində, bina və əmlakının toxunulmaz
olduğunun təsbit olunmasında, Milli Kitabxananın
ləğvinin qadağan olunmasının qanunvericilik
qaydasında təsdiq olunmasında əvəzsiz
əhəmiyyəti olmuşdur.
“Kitabxana işi haqqında” Qanunun bütöv bir
bölməsinin Milli Kitabxanaya və onun
məsələlərinə həsr olunması
xüsusilə diqqətəlayiqdir. Burada Milli Kitabxananın
fəaliyyətinin bütün sahələri tam
şəkildə əhatə olunmuş, onun
inkişafının prioritetləri
müəyyənləşdirilmişdir. Məhz bu qanunun
müddəalarına müvafiq olaraq 2000-ci ilin mayında
Azərbaycan Respublikasının Nazirlər Kabineti
“Azərbaycan Respublikasının Milli Kitabxanasının
Əsasnaməsinin təsdiq olunması barədə” qərar
qəbul etmişdir.
Nəhayət, 2005-ci ildə bu qanunvericiliyin
tələbləri əsasında M.F.Axundov adına
Dövlət Kitabxanasına “Milli Kitabxana” statusu verilmişdir.
Ümummilli liderimizin xüsusi tapşırığı
əsasında hazırlanmış və qanunvericilik
təşəbbüsü qaydasında onun
tərəfindən Milli Məclisə təqdim olunmuş
“Kitabxana işi haqqında” qanun və onun
qüvvəyə minməsi barədə ulu öndərin
imzaladığı 12 mart 1999-cu il tarixli sərəncam
ölkəmizdə kitabxana şəbəkələrinin yenidən
qurulması, onların yeni tələblərə uyğun
fəaliyyətinin təkmilləşdirilməsi və
maddi-texniki bazasının möhkəmləndirilməsi işində
mühüm rol oynamışdır.
Təsadüfi deyildir ki, ondan sonra qəbul edilmiş heç
bir qanunun qüvvəyə minməsi barədə
sərəncamlar belə əhatəli və
hərtərəfli olmamışdır. Bu
sərəncamı müstəqil Azərbaycanda kitabxana
quruculuğunun proqram sənədi də adlandırmaq olar.
Bu gün böyük cəsarətlə
demək olar ki, ölkəmizdə kitabxana işi
sahəsində uğurla aparılan möhtəşəm
quruculuq işləri—Milli Kitabxananın tamamilə yenidən
qurulması, təchizatı və modernləşdirilməsi
işləri, Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramının təsdiq
olunması istiqamətində görülən işlər
də bu siyasətin məntiqi davamıdır. Ulu
öndərimizin Milli Kitabxanamıza xüsusi
qayğısının bariz nümunələrindən biri
2000-ci ildə kitabxanamızın binasında əsaslı
yenidənqurma işlərinin aparılması və texniki
təchizatının gücləndirilməsi barədə
verdiyi tapşırıq olmuşdur. 2000-ci ilin may ayında
Nazirlər Kabinetində bu sətirlərin
müəllifinin iştirakilə keçirilən
müşavirədə Avropa Şurasının ayırdığı
dövlət qrantı hesabına Ərazilərin
Bərpası və Yenidən Qurulması Agentliyinin xətti
ilə bərpa olunması nəzərdə tutulan 3 ən
mühüm müəssisə seçilərək ulu
öndərə təqdim olunarkən ulu öndər
“M.F.Axundov adına Dövlət Kitabxanasını
götürün, Azərenerji və Bakı Şəhər
İcra Hakimiyyəti özləri vəsait taparlar» dedi. Bu gün Milli Kitabxanada oxucular üçün
yaradılan bu gözəl şərait, kitabxanamızın
saytının, elektron kataloqunun, elektron kitabxanasının
yaradılması və onun virtual rejimdə bütün
dünyaya yayılması məhz ulu öndərin kitabxanaya
qayğı və diqqətinin nəticəsi hesab oluna
bilər.
Ulu öndərin ideyalarını layiqincə davam və
inkişaf etdirən Prezidentimiz cənab İlham Əliyevin
ölkədə kitabxana işinə qayğısından
danışmamaq mümkün deyil. Hörmətli
Prezidentimizin 2004-cü ildə imzaladığı
“Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında» sərəncamı Azərbaycanda kitabxana işinin
inkişafında xüsusi rol oynadı. Hətta mən
deyərdim ki, bu sərəncamla kitabların 25 min
nüsxə tirajla çap olunması
və bütün kitabxanalara hörmətli Prezidentimizin
hədiyyəsi kimi verilməsi oxucuların yenidən
kitabxanalara qayıtması üçün real şərait
yaratdı.
Bu gün artıq 300 addan çox kitab çap olunaraq
bütün kitabxanalara, o cümlədən kənd
kitabxanalarına da göndərilmişdir. Bu da
kitabxanalarımızın fondlarının əsas
özəyini təşkil edir. Xüsusilə qeyd etmək
lazımdır ki, bu dünya miqyasında analoqu olmayan bir
hümanitar aksiyadır və kitabxana ictimaiyyəti
tərəfindən çox yüksək
qiymətləndirilir.
Son 3 ay ərzində hörmətli Prezidentimizin
mədəniyyətimizin inkişafına diqqətini və
qayğısını sübut edən onlarla sərəncam
imzalaması və bunlardan birinin Azərbaycanda kitabxana
fəaliyyətinin yaxşılaşdırılması
haqqında olması dövlət rəhbərimizin Heydər
Əliyev siyasətini ləyaqətlə davam etdirdiyinin
bariz nümunəsidir.
Bu sərəncamda Milli Kitabxananın
inkişafına xüsusi diqqət yetirilməsi, onun
modernləşdirilməsi, texniki təchizatının
gücləndirilməsi və maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində xüsusi
tədbirlərin işlənib hazırlanması və
həyata keçirilməsi barədə verdiyi
göstəriş tezliklə bizim Milli Kitabxananın
dünyanın ən modern kitabxanaları səviyyəsinə
qalxması və burada oxucular üçün hər cür
şəraitin yaradılması ilə
nəticələnəcəkdir.
Xalq qəzeti.- 2008.- 4 may.- S. 6.