Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasında
Heydər Əliyevin büstünün açılışı
olmuşdur
Aprelin 30-da
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasında (TQDK) "Milli qiymətləndirmə sistemi
Heydər Əliyev siyasətinin nəticəsidir"
mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransdan əvvəl TQDK-nın foyesində Milli Məclisin
deputatlarının, alimlərin, ali məktəb
rektorlarının iştirakı ilə ümummilli lider
Heydər Əliyevin büstünün
açılışı olmuşdur. Büstün
müəllifi tanınmış heykəltəraş, xalq
rəssamı Ömər Eldarovdur. AMEA-nın müxbir
üzvü Rəfiqə Əliyeva və TQDK-nın sədri
Məleykə Abbaszadə büstün üzərindəki
örtüyü götürmüşlər.
Sonra çıxış edən TQDK-nın sədri
M.Abbaszadə Heydər Əliyevin milli təhsilin inkişafında
misilsiz rolunu vurğulamışdır.Tədbirin sonunda
konfrans iştirakçıları abidənin önünə
güllər qoymuşlar.
"Abituriyent" jurnalının ümummilli liderin yubileyi
münasibətilə buraxılan xüsusi nömrəsi
tədbir iştirakçılarına təqdim olunmuşdur.
Konfransda nümayiş etdirilən sənədli filmdə
görkəmli dövlət xadiminin
tələbələrlə görüşləri zamanı
tarixi çıxışlarından parçalar, gənclərin
təhsilinin ölkənin gələcəyi üçün
əhəmiyyəti ilə bağlı dəyərli
fikirlər yer almışdır.
TQDK-nın sədri təhsilin, elmin və
mədəniyyətin inkişafında Heydər Əliyevin
rolundan danışaraq bildirmişdir ki, ulu öndərin
Azərbaycanda bu sahəyə daim diqqət və
qayğısı sayəsində ölkəmiz keçmiş
sovet respublikaları arasında ilk olaraq tələbə
qəbulunda test sisteminə keçmiş, abituriyentlərin
sənədlərinin qəbulu zamanı kompyuter
texnologiyalarının tətbiqi sahəsində də
birincilər sırasında olmuşdur. Ümummilli lider
Heydər Əliyevin sərəncamı ilə dövlət
xidmətinə işə qəbul zamanı da test
imtahanlarının keçirilməsi haqda qərar qəbul
edilmişdir. Təhsil sistemində dünya
standartlarının tətbiqinə tərəfdar olan
ümummilli liderin tövsiyəsi ilə TQDK Təhsilin
Qiymətləndirilməsi üzrə Beynəlxalq
Assosiasiyanın (TQBA)üzvü olmuş, Amerikanın
"Təhsildə test xidməti" ilə
əməkdaşlıq əlaqələri qurmuşdur. TQBA
keçmiş ittifaq ölkələri arasında
Azərbaycanın biliklərin qiymətləndirilməsinin
yeni sisteminə birinci olaraq keçməsini və bu
sahədə əldə olunan təcrübəni
nəzərə alaraq 33-cü konfransını ötən il
Bakıda keçirmişdir.
Ulu öndər Heydər Əliyevin savadlı və
hərtərəfli inkişaf etmiş gənc nəslin
yetişdirilməsi ilə bağlı ideyaları hazırda
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
həyata keçirilir.
Konfrans iştirakçıları
çıxışlarında ümummilli lider Heydər
Əliyevin təhsil sahəsində uzaqgörən
siyasətinin müxtəlif cəhətlərindən
danışmışlar.
Azərbaycan.- 2008.- 2 may.- S. 5.