Ulu öndər
Heydər Əliyevin
85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Mayın
17-də Azərbaycan Turizm İnstitutunda (ATİ) ümummilli
lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş
"Azərbaycan turizmi: bu gün və sabah" mövzusunda
II respublika elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə çıxış edən institutun rektoru
Cəfər Cəfərov tədbirin mahiyyəti və
əhəmiyyətindən danışaraq bildirmişdir ki,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
ölkəmizdə bütün sahələrdə olduğu
kimi, turizm sektorunda da geniş islahatlar aparılmış, turizm
sahəsi inkişaf yoluna qədəm qoymuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
vurğulamışdır ki, ölkə iqtisadiyyatında neft
sektoru ilə yanaşı, qeyri-neft sektoruna da dövlət
tərəfindən xüsusi diqqət göstərilməsi
lazımi nəticələr verməkdədir. Son
illərdə prioritet sahə kimi turizmin inkişafı
üçün müxtəlif istiqamətlərdə
müvafiq işlər görülmüşdür.
Nazir bildirmişdir ki, Azərbaycan dünyada bütün
sahələrdə inkişaf etmiş bir ölkə kimi
tanınır. Yeni islahatlar əcnəbilərin diqqətini
vətənimizə yönəltmişdir.
Azərbaycan dövlətinin turizmə münasibətinin
Dünya Turizm Təşkilatı tərəfindən
yüksək qiymətləndirildiyini deyən nazir,
təşkilatın dünyada turizmin inkişafına
nəzarət məqsədilə 8 nəfərdən
ibarət xüsusi qrup yaratdığını diqqətə
çatdırmışdır. Mədəniyyət və
turizm naziri də bu qrupda Azərbaycanı təmsil
edəcəkdir.
Ə.Qarayev Azərbaycanda turizmi müasir beynəlxalq
standartlara uyğunlaşdırmaq üçün müasir
texnologiyalardan istifadənin və turizm informasiya
mərkəzlərinin fəaliyyətinin
təkmilləşdirilməsinin zəruriliyini
vurğulamışdır.
Konfrans iki bölmə üzrə sessiyalarla davam etmişdir.
"Azərbaycan turizminin inkişaf
xüsusiyyətləri" adlı bölmədə
"Turizm tələbinə təsir edən amillər",
"Azərbaycanda turizmin inkişafında informasiya
texnologiyalarının rolu", "Beynəlxalq turizmin
Azərbaycan iqtisadiyyatındakı rolu", "Turizm
sahəsində reklam", "Azərbaycanda turizmin
maliyyələşdirmə yolları", "Azərbaycan
Respublikasının inkişafında turizmin yeri" və s.
mövzular müzakirə edilmişdir.
"Regionların turizm ehtiyatları" adlı ikinci
bölmədə isə "Qəbələdə turizmin
inkişaf perspektivləri", "Abşeron
yarımadasında müalicəvi turizmin təşkili",
"Qusar rayonunun tarixi-mədəni abidələri turizm
obyekti kimi", "Naxçıvan Muxtar Respublikasının
mineral ehtiyatları və onların keyfiyyətinin təmin
edilməsinin əsasları" mözularında
məruzələr dinlənilmişdir.
Azərbaycan.- 2008.- 18 may.- S. 6.