Ulu öndər Heydər Əliyevin xatirəsinə

 

Bayram günü - mayın 9-da Azərbaycan Milli Məclisinin deputatları, Bakı ictimaiyyətinin nümayəndələri və jurnalistlər Miniatür Kitab muzeyinə toplaşmışdılar. Burada "Kitab" Cəmiyyəti tərəfindən buraxılmış, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı daha bir miniatür kitabın təqdimatı keçirildi. Belə miniatür kitabların sayı 30-dan çoxdur. Onların arasında "Azərbaycan Respublikasının Konstitusiyası", "Azərbaycan Prezidenti Heydər Əliyevin andiçmə mərasimində nitqi", "Heydər Əliyev - Əsrin müqaviləsi" - kontraktın imzalanması mərasimində Azərbaycan dövləti başçısının çıxışı, ulu öndərin və ölkəmizin həyatının ən mühüm məqamlarını əks etdirən başqa nəşrlər vardır.

Təqdimatı keçirilən yeni nəşr ulu öndərin - anadan olmasının 85 illiyini bizim xalqla bərabər onu tanıyanların hamısının qeyd etdiyi görkəmli siyasi xadim və dövlət xadiminin xatirəsinə həsr edilmişdir. Bu nəşr iki gözəl insanın - istedadlı jurnalist, yazıçı və ictimai xadim Elmira Axundovanın və istedadlı ictimai xadim və təşkilatçı Zərifə Salahovanın əzmkarlığı və təşəbbüsü sayəsində işıq üzü görmüşdür. Nəşrin cildi üzərində qızılı rənglə həkk olunmuş, dəfnə budaqları ilə haşiyələnmiş "85" rəqəmi dərhal diqqəti cəlb edir. Kitabın forzasında Azərbaycanın tarixi və mədəni abidələrinin xəritəsi verilmişdir.

55x60 mm formatlı bu miniatür nəşrin adı yığcam, lakin çox sanballıdır: "Lider". Burada Elmira Axundovanın 2003-cü ilin sentyabr ayında "İzvestiya" qəzetində çap edilmiş "Prezidentin işi - Heydər Əliyev postsovet lideri kimi nəyə nail olmuşdur" və 2004-cü ilin yanvar ayında "Bakinski raboçi" qəzetinin oxucularına təqdim olunmuş "Sənin adın müqəddəsdir" məqalələri toplanmışdır. Müəllifə xas olan səmimi dillə yazılmış bu məqalələr miniatür kitaba daxil edilməklə daha böyük dəyər kəsb etmişlər. Onları oxuduqca Vətənimizin dünya xəritəsindən silinmək təhlükəsinin qarşısını almağa, onu müstəqil dövlət kimi qoruyub saxlamağa nail olmuş Prezident Heydər Əliyevin həyat yolunun nə qədər enişli-yoxuşlu olmasını bir daha dərk edirsən. Yeni miniatür kitabın işıq üzü görməsi üçün gərgin əmək sərf etmiş insanlar, ilk növbədə böyük vətənpərvər, öz işini həmişə ürəkdən görən ağıllı naşir Zərifə Salahova hər cür təşəkkürə layiqdir.

Təqdimat mərasimində çıxış edənlər - Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Hidayət Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı Asim Mollazadə, "Qadın dünyası" jurnalının baş redaktoru Lalə Abbasova və başqaları məhz bu məqamları qeyd etdilər. Zərifə Salahova və Elmira Axundova da onların həyatında bu mühüm hadisə ilə bağlı fikirlərini və duyğularını bölüşdülər.

"Kitab" cəmiyyətinin yeni nəşrinin sponsoru Dövlət İqtisad Universitetidir. Yüksək poliqrafik səviyyədə tərtib edilmiş, Azərbaycan və rus dillərində buraxılmış bu nəşrə daxil edilmiş 17 rəngli və ağ-qara fotoşəkil Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti və Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc tərəfindən təqdim edilmişdir.

 

Respublika.- 2008.- 10 may.- S. 21.