Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi xarici ölkələrdə geniş qeyd olunmuşdur

 

Türkiyə

 

Ümummilli lider Heydər Əliyevin 85 illiyi münasibətilə Türkiyə paytaxtında ulu öndərin adını daşıyan parkda Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, siyasi partiyaların nümayəndələri, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə anma mərasimi keçirilmişdir.
Mərasimdə, həmçinin Türkiyə Odalar və Birjalar Birliyinin dəvəti ilə Ankarada səfərdə olan bir sıra ölkələrin iş adamları, qeyr
i-hökumət təşkilatlarının təmsilçiləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, paytaxtdakı Heydər Əliyev məktəbinin şagirdləri iştirak etmişlər.
Ulu öndərin əzəmətli heykəlinin qarşısına Azərbaycanın Ankaradakı səfirliyi və müxtəlif qurumların adından əklil qoyulmuşdur.
Daha sonra Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov diplomatik missiyanın ulu öndərin adını daşıyan məktəbin şagirdləri arasında “Heydər Əliyev və müstəqillik” mövzusunda təşkil etdiyi rəsm müsabqəsinin qaliblərinə fəxri diplomlar və hədiyyələr təqdim etmişdir.
Ulu öndərin yubileyi Türkiyənin İzmir şəhərində də qeyd edilmişdir. Konak rayonu bələdiyyəsinin mədəniyyət mərkəzində Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə “Heydər Əliyev İzmirdə” fotosərgisi və anma mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin 1992-ci ilin iyununda Naxçıvan Ali Məclisinin sədri olarkən İzmirə səfərindən, 1997-ci ilin mayında isə Azərbaycan Respublikasının Prezidenti kimi burada keçirdiyi görüşlərdən ətraflı bəhs edilmişdir.
Oqtay Bayramov,AzərTAc-ın xüsusi müxbiri
Ankara

Almaniya

Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, mayın 8-də Azərbaycanın Almaniyadakı səfirliyi Almaniya Bundestaqında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycanın memarı” mövzusunda
təntənəli mərasim keçirmişdir.
Mərasimdə Almaniya hökumətinin, o cümlədən Almaniya Kansler Aparatının, XİN-in yüksək səviyyəli nümayəndələri, Almaniya Bundestaqının üzvləri, bu ölkədə akkreditə olunmuş səfirliklərin, qeyri-hökumət təşkilatlarının, beyin mərkəzlərinin, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Tədbirin giriş hissəsində ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov mərasim iştirakçılarını salamlamış və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq tədbirə gələnlərə təşəkkür etmişdir. Sonra səfir ümummilli liderin zəngin həyat yolundan, uzun illər Azərbaycanın inkişafı naminə yürütdüyü siyasətdən, o cümlədən regionun tərəqqisi üçün əvəzedilməz xidmətlərindən geniş bəhs etmişdir. Səfir dövlətçiliyimizin banisi Heydər Əliyevin əsas məqsədlərindən birinin ölkədə hüquqi dövlət qurulmasının olduğunu qeyd edərək, müasir müstəqil Azərbaycanın ulu öndərin əsəri olduğunu vurğulamışdır.
Sonra 90-cı illərdə Almaniyanın ATƏT-in Minsk qrupunda nümayəndəsi və Heydər Əliyevlə o vaxtlar sıx təmasda olmuş doktor Frank Lambax çıxış etmişdir. F.Lambax Heydər Əliyevlə bağlı xatirələrindən bəhs etmiş, onun yüksək diplomatik bacarığının, praqmatik və real siyasətçi kimi ustalığının dəfələrlə şahidi olduğunu vurğulamışdır.
Daha sonra Almaniyanın keçmiş dövlət katibi və Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer çıxış edərək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması yolundakı xidmətlərinin misilsiz olduğunu diqqətə çatdırmışdır. Natiq yaxın tarixdən məlum olduğu kimi, Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu bildirmişdir. O.Hauzer Heydər Əliyevin misilsiz xidmətləri ilə dünyanın ən böyük, ən mahir siyasətçiləri cərgəsində olmasını Azərbaycan üçün fəxr sayıldığını bildirmişdir.
Mərasimdə Azərbaycan Dövlət Kamera Kvartetinin musiqiçiləri bəstəkarlardan Üzeyir Hacıbəyov, Qara Qarayev, Aqşin Əlizadə və Soltan Hacıbəyovun əsərlərini yüksək ustalıqla ifa etmişlər.
Sonda qonaqlara ziyafət verilmişdir.
Almaniyada Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş daha bir tədbir mayın 10-da Maqdeburq şəhərində keçirilmişdir. Burada səfirliyin dəstəyi ilə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş boks turniri təşkil olunmuşdur. Maqdeburqda yaşayan soydaşımız Yaşar Niftəliyevin rəhbərliyi altında fəaliyyət göstərən “LNB Maqdeburq” boks studiyasının təşəbbüsü ilə turnirdə Azərbaycan, Almaniya, Rusiya və digər ölkələrdən idmançılar qüvvələrini sınamışlar.
Elgün Niftəliyev,AzərTAc-ın xüsusi müxbiri
Vyana

Rumıniya

Azərbaycanın Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar Buxarestdə yubiley tədbirləri keçirilmişdir
.
Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbirdə Rumıniya Prezidenti Aparatının və hökumətin, parlament və senatın nümayəndələri, ictimai təşkilatların rəhbərləri, diplomatlar, Heydər Əliyev Fondu Rumıniya Nümayəndəliyinin və ARDNŞ-in Rumıniya Nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya–Azərbaycan Ticarət Palatası, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası, Türkiyə-Rumıniya Ticarət Palatası, Türkiyə İş Adamları Dərnəyi, Rumıniya Türk-Tatar Demokrat Birliyinin üzvləri, Buxarestdə yaşayan, işləyən, təhsil alan həmyerlilərimiz, o cümlədən hərbçi kursantlarımız iştirak etmişlər.
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açmış, ulu öndərin ölkəmizin müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda gördüyü işləri qeyd etmişdir.
Möhkəm köklərə malik Azərbaycan ilə Rumıniya münasibətlərinin müasir şəraitdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Heydər Əliyevin xüsusi rolu vurğulanmışdır.
Yubiley tədbirində Buxarest şəhəri 2-ci sektorunun meri Nikolae Ontsanu və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi, akademik İon Pop de Popa çıxış edərək, Heydər Əliyev şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə, regional və qlobal miqyasda dəyərləndirilməsinin vacibliyini nəzərə çatdırmışlar.
Sonra ümummilli liderin büstünün önünə əklillər və tər çiçəklər qoyulmuş, ulu öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiram ifadə edilmişdir.
Tədbirdə Buxarest şəhərinin 50 nömrəli orta məktəbinin şagirdləri Azərbaycan və rumın dillərində mahnılar ifa etmişlər.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin binasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuş, ulu öndərə həsr olunmuş sənədli filmə baxmışlar.

İspaniya

Mayın 10-da Azərbaycanın İspaniyadakı səfirliyində ümummilli lider Heyd
ər Əliyevin 85 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin səfirlikdəki büstünün önünə gül dəstələri düzmüş, ehtiramla yad etmişlər.
Səfir Məmməd Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaranmasında və möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışmış, ümummilli liderin 1969-cu ildən başlayaraq Azərbaycanın inkişaf tarixindəki rolu, müstəqillik dövründə demokratik, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Ulu öndərimizin rəhbərliyi dövründə Azərbaycanın sürətlə inkişaf etdiyini, ictimai-siyasi sabitliyin bərqərar olduğunu faktlarla əsaslandıran səfir vurğulamışdır ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində xalqımızın taleyüklü problemlərinin həllində bu dahi şəxsiyyət əvəzedilməz rol oynamışdır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını və sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğunu diqqətə çatdıran M.Əliyev qeyd etmişdir ki, hazırda ümummilli liderimizin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Türkiyənin, Rusiyanın, Gürcüstanın, Qazaxıstanın və Ukraynanın İspaniyadakı səfirləri yekdilliklə vurğulamışlar ki, bu gün Azərbaycan ilə təmsil etdikləri ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Sonda ulu öndərin həyat yolundan bəhs edən film və onun fəaliyyəti ilə bağlı fotostend nümayiş etdirilmişdir.

Pakistan

Azərbaycanın Pakistandakı səfirliyi mayın 10-da İslamabadın “Marriott” mehmanxanasında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə konfrans keçirmişdir.
Səfirlikdən verilən məlumatda bildirilir ki, Pakistanın dövlət rəsmilərinin, siyasi partiya rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, diplomatların, jurnalistlərin iştirak etdikləri tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli müasir Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, dünya miqyaslı strateji layihələrin işlənib hazırlanması və həyata keçirilməsində ulu öndərin gördüyü işlərdən bəhs etmişdir.
“Heydər Əliyev - İslam dünyasının görkəmli liderlərindən biri kimi” mövzusunda çıxış edən “Pakistan Observer” qəzetinin baş redaktoru Zahid Malik dahi şəxsiyyət Heydər Əliyevin müsəlman dünyası arasında əlaqələrin inkişafında rolundan danışmış, məhz ulu öndərin yeritdiyi uzaqgörən siyasətin nəticəsində Azərbaycanın dünyada tanındığını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttini davam etdirməsi nəticəsində 2005-ci ildə “Azərbaycan ən yaxşı idarə olunan müsəlman ölkəsi” mükafatına layiq görüldüyünü diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərini yada salan Z.Malik Bakıda Heydər Əliyev Fondunda sərgilənən eksponatlar barədə heyrətlə danışmışdır.
“Heydər Əliyev - bir millət, iki dövlət konsepsiyası” mövzusunda çıxış edən Türkiyənin Pakistandakı səfiri Engin Soysal Heydər Əliyevin nəinki türk xalqlarının lideri, hətta dünyanın dahi şəxsiyyətlərindən biri olduğunu qeyd etmişdir. Diplomat Azərbaycanın türkdilli dövlətlər və Pakistanla siyasi-iqtisadi əlaqələrinin dərinləşməsində, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində göstərdiyi əvəzsiz xidmətlərdən danışmışdır. Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” prinsipi ilə daha da sıx birləşməsinin təməlini qoyan ulu öndərin türk xalqı və dövləti tərəfindən daim yad edildiyini, bu gün Türkiyənin hər yerində Heydər Əliyevin 85 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğulamış, onun Azərbaycan tarixindəki rolunu Mustafa Kamal Atatürkün Türkiyədə fəaliyyəti qədər çox dəyərli olduğunu bildirmişdir.
Heydər Əliyevi keçmiş SSRİ-nin nüfuzlu liderlərindən biri kimi xarakterizə edən Rusiyanın Pakistandakı səfiri Sergey Peskov bu dahi şəxsiyyəti digərlərindən fərqləndirən və səciyyələndirən cəhətlərdən bəhs etmiş, onu bacarıqlı, qabiliyyətli, savadlı, dünya görüşlü, insanpərvər bir dövlət xadimi kimi təqdim etmişdir. Heydər Əliyevi bir dövlət xadimi kimi səciyyələndirən və bir çoxlarında olmayan cəhətlərdən birinin məhz vaxtında və anında lazımı qərarları qəbul etməsi olduğunu bildirən S.Peskov buna misal olaraq, Çernobıl faciəsi zamanı insanların həyatının xilas edilməsi, tikintisi yarımçıq qalmış Baykal-Amur magistralı layihəsinin həyata keçirilməsi və digərlərini göstərmişdir. Vaxtilə Bakıda yaşadığını xatırlayan səfir ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşmüşdür.
Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Xalid Mahmud ölkələrimizin əlaqələrindən danışmış, iki dost və qardaş dövlət arasında münasibətlərin bugünkü həsəd aparılacaq bir səviyyəyə çatmasında Heydər Əliyevin böyük rolu olduğunu bildirmişdir.
Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri, senator Müşahid Hüseyn Seyid bugünkü dünyanın özəl dayaqlarının - istər siyasi, istərsə də iqtisadi və mədəni dayaqlarının məhz Heydər Əliyev dühasında olan şəxslərin mövcudluğuna söykəndiyini, onların həyat və fəaliyyətlərindən, əldə etdikləri dövlətçilik təcrübələri və bacarıqlarından bir çox dövlət rəhbərləri və siyasi xadimlərin indi də faydalandığını qeyd etmişdir. Natiq Heydər Əliyevin Azərbaycanda qoyduğu dövlətçilik təməlinin bütün region xalqları və dövlətləri üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

***


Həmin gün “Marriott” mehmanxanasında Azərbaycan səfirliyinin hazırladığı və nəfis şəkildə urdu dilində çap olunan “Heydər Əliyev: Azərbaycanın milli rəhbəri” kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ön söz yazdığı və eyni zamanda ingilis dilində əhatəli xülasə və fotoşəkillərlə tamamlanmış bu kitab tədbir iştirakçılarına təqdim edilmişdir.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Ukrayna

Mayın 10-da Azərbaycanın Ukraynadakı səfirliyi ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir.
Əvvəlcə səfirliyin əməkdaşları, diasporumuzun müxtəlif regionlardan olan nümayəndələri, Kiyev ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr
Regionlararası Heyətin İdarə olunması Akademiyasının (RHİA) Heydər Əliyev adına Ukrayna–Azərbaycan Sosial Elmlər İnstitutunda olmuşlar. Qeyd edək ki, RHİA dünyanın müxtəlif ölkələrindən 50 mindən çox tələbənin təhsil aldığı iri qeyri-dövlət ali məktəbidir. Burada diplomatlarımız, diasporumuzun üzvləri, azərbaycanlı tələbələr, eləcə də ali məktəbin professor-müəllim heyəti Heydər Əliyevin adını daşıyan institutun önündə dahi liderin ucaldılmış büstü önünə güllər qoymuşlar.
Sonra tədbir iştirakçıları Heydər Əliyevin ölkəmizin diplomatik nümayəndəliyi qarşısındakı bağda ucaldılmış abidəsi önündə keçirilən kütləvi mitinqdə iştirak etmişlər.
Azərbaycan xalqının görkəmli oğlu və dahi siyasi xadim Heydər Əliyevin abidəsi önünə Ukrayna Prezidenti Viktor Yuşşenko, Ukrayna hökuməti və XİN-i, Kiyevin Şevçenko rayonunun administrasiyası, Azərbaycan səfirliyi, Ukrayna Azərbaycanlıları Konqresi və s. adından çoxsaylı əklillər və gül zənbilləri qoyulmuşdur.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukrayna Prezidenti Katibliyi rəhbərinin müavini, Ukrayna Ali Radasında dövlət başçısının nümayəndəsi Oksana Slisarenko, Ukrayna yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, Ukrayna XİN-in yüksək vəzifəli nümayəndəsi Viktor Bannıx çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil, demokratik, sabit və çiçəklənən Azərbaycanın yaradılmasında müstəsna xidmətlərindən, neft strategiyasının nəhəng layihələrin həyata keçirilməsindən, Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Kremldə fəaliyyət göstərdiyi dövrdə Ukraynaya kömək göstərməsindən, xalqlarımız arasında təməli ulu öndərimiz tərəfindən qoyulmuş qırılmaz dostluq tellərindən, müstəqil Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıqdan danışmışlar.
Natiqlər vurğulamışlar ki, Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin daxili və xarici siyasəti onun layiqli davamçısı, Azərbaycanın və onun vətəndaşlarının rifahı naminə durmadan çalışan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan xalqı öz gələcəyini Prezidentinin adı ilə bağlayır.

Kanada

Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, mayın 9-da Kanadanın Niagara-on-the-Lake şəhərində Ümumdünya Bəşəri İrs üzrə Heydər Əliyev Beynəlxalq Mərkəzinin və ümummilli liderin heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış büstünün açılışı olmuşdur.
Heydər Əliyev Mərkəzində rəssam Tahir Salahovun çəkdiyi H.Əliyevin portreti və digər incəsənət əsərləri də nümayiş etdirilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili F.Şəfiyev, Niagara-on-the-Lake şəhərinin meri Gary Burroughs, Niagara Beynəlxalq Musiqi Festivalının bədii direktoru Atis Bankas və Kanada Azərbaycan Assosiasiyaları Assambleyası adından İlham Axundov çıxış etmişlər.
Natiqlər Heydər Əliyevin beynəlxalq aləmdə XX əsrin ən tanınmış siyasi simalarından biri olduğunu vurğulamışlar. Qeyd edilmişdir ki, o, Şərq və Qərb sivilizasiyalarının dialoqunda mədəniyyət və musiqinin böyük rol oynadığını duyaraq bu sahədə də mühüm xidmətlər göstərmişdir.
Sonra Toronto “İpək Yolu” kamera musiqisi orkestrinin bədii direktoru və dirijoru İsmayıl Hacıyevin rəhbərlik etdiyi kvartet Azərbaycan klassiklərindən Qara Qarayev və Fikrət Əmirovun əsərlərini ifa etmişdir.
Rəsmi açılış və bədii hissədən sonra iştirakçılara səfirlik tərəfindən ziyafət verilmişdir.
Heydər Əliyevin 85 illik yubileyinin qeyd edilməsinin davamı olaraq mayın 11-də Toronto şəhərində Ontario Elm Mərkəzində Toronto “İpək Yolu” kamera musiqisi orkestrinin və “Təbriz” rəqs qrupunun ifasında Azərbaycan klassik musiqisi və rəqslərindən ibarət konsert keçiriləcəkdir.

Xalq qəzeti.- 2008.- 11 may.- S. 13.