Prezident İlham Əliyev
mərasimdə iştirak
etmişdir
Mayın
7-də Heydər Əliyev adına İdman-Konsert
Kompleksində ümummilli liderin 85 illik yubileyinə həsr
edilmiş “Bir ömrün salnaməsi” bədii sərgisinin
açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham
Əliyev xanımı
Mehriban Əliyeva ilə birlikdə mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı
sərginin açılışını
bildirən lenti kəsdi.
Kompleksin ikinci mərtəbəsində xalqımızın
dahi oğlunun fəaliyyəti ilə bağlı fotostendlər
vardır. Burada ümummilli liderin
sovet hakimiyyəti illərində və müstəqil Azərbaycana
rəhbərliyi dövründə
onun müxtəlif tədbirlərdə iştirakına,
respublikanın bölgələrinə,
xarici ölkələrə
səfərlərinə, beynəlxalq
sammit və konfranslarda çıxışlarına,
mədəniyyət, incəsənət
və elm xadimləri, idmançılar, ictimaiyyət
nümayəndələri, hərbçilər, Azərbaycana
gələn nümayəndə
heyətləri ilə
görüşlərinə, sənaye və kənd təsərrüfatı
müəssisələrinin, olimpiya-idman komplekslərinin
və digər obyektlərin açılışında
iştirakına dair
fotoşəkillər toplanmışdır.
Prezident İlham Əliyev ulu öndərin müxtəlif
vaxtlarda çəkilmiş
şəkillərinə baxdı.
Kompleksin birinci mərtəbəsində müxtəlif
bölmələr üzrə
guşələr təşkil
olunmuşdur.
Prezident İlham Əliyev həmin guşələrlə tanış
oldu.
“Azərbaycanda hüquqi
demokratik dövlət
quruculuğu” bölməsində
ulu öndərin ölkəmizdə qanunun aliliyi, insan hüquqlarının təminatı,
dövlət quruculuğu
istiqamətindəki fəaliyyəti
ilə bağlı eksponatlar, o
cümlədən Heydər
Əliyevin müəllifi
olduğu Konstitusiyanın
hazırlanması ilə
əlaqədar yaradılmış
komissiyanın iclasındakı
nitqlərindən parçalar,
Azərbaycanda ölüm
cəzasının ləğvi
ilə bağlı fərmanı, imzaladığı
qanunlar, sərəncamlar,
habelə müxtəlif
kitablar, jurnallar və digər materiallar nümayiş olunur.
“İqtisadi inkişaf,
bank-kredit sistemi” bölməsində ümummilli
liderin respublikamızın
iqtisadiyyatının inkişafı,
özəl sektorun güclənməsi sahəsində
gördüyü işlərə,
aparılan islahatlara, sənaye obyektləri ilə tanışlığına
dair fotoşəkillər,
müxtəlif cədvəllər, Heydər Əliyevin iqtisadi sahədəki fəaliyyətinə həsr
olunmuş kitablar, jurnallar toplanmışdır.
“Əhalinin sosial müdafiəsi və səhiyyə”, “Elm və təhsil” bölmələrində ulu
öndərin insanların
sosial təminatının
gücləndirilməsi, əlillərə
qayğı, səhiyyə,
elm və təhsilin inkişafı ilə bağlı qəbul etdiyi qərarları, elm adamları ilə, xarici ölkələrdə təhsil
alan gənclərlə
görüşlərini əks
etdirən eksponatlar diqqəti cəlb edir.
Sərginin “Ordu quruculuğu”
bölməsində böyük
dövlət xadimi Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana
rəhbərlik etdiyi vaxtlarda hərbçi kadrların hazırlanması
sahəsində gördüyü
tədbirlərinə, C.Naxçıvanski
adına hərbi liseyin, ali hərbi
məktəblərin
müdavimləri, əsgər
və zabitlərlə,
o cümlədən ön xətdə düşmənlə üz-üzə dayanmış döyüşçülərlə görüşlərinə dair
şəkillər vardır.
Burada dahi liderin Azərbaycanda ordu quruculuğu ilə bağlı gördüyü işlərə
həsr olunmuş kitablar da xüsusi
maraq doğurur. Prezident İlham Əliyevə kitab hədiyyə olundu.
Ulu öndərin xarici səfərlərini, iştirak
etdiyi beynəlxalq tədbirləri, eləcə
də Azərbaycanda təşkil olunmuş beynəlxalq konfransları,
Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza diqqət
və qayğısını
əks etdirən şəkillər “Beynəlxalq
münasibətlər və
diaspor” bölməsində
toplanmışdır.
“Milli təhlükəsizlik
sistemi” bölməsində
ulu öndərin Azərbaycanda təhlükəsizlik
orqanlarına rəhbərlik
etdiyi vaxtlarda iş otağındakı
stol və stul, habelə hərbi forması, vəsiqələri, xidmət
dövründə təltif
edildiyi fəxri fərman və ordenləri, müstəqillik
illərində bu
sahənin inkişafı ilə
bağlı gördüyü
işlərə, Milli
Təhlükəsizlik Nazirliyinin
əməkdaşları ilə
keçirdiyi görüşlərə
dair şəkillər,
kitablar nümayiş olunur.
“İdman, gənclər
və gender siyasəti” bölməsində
xalqımızın dahi
oğlunun Azərbaycanda
bu istiqamətlərdə gördüyü işləri əks
etdirən materiallar, habelə imzaladığı
qanunlar, fərmanlar, sərəncamlar, idmançılarla,
gənclərlə keçirdiyi
görüşlərə dair şəkillər, kitablar maraq doğurur.
“İnformasiya cəmiyyəti,
nəqliyyat və rabitə” bölməsində
görkəmli dövlət
xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə
nəqliyyatın müxtəlif
sahələrinin, rabitənin
inkişafına informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi
istiqamətində gördüyü
işlərə dair şəkillər, imzaladığı
fərman və sərəncamlar, qanunlar, habelə müxtəlif kitablar, plakatlar, teleqüllənin maketi, Böyük İpək
yolu haqqında film nümayiş etdirilir.
Azərbaycanda ilk mobil rabitə operatorunun fəaliyyətə başlaması
və ölkəmizdə
ilk beynəlxalq stansiyanın açılışı
münasibətilə keçirilmiş
tədbirlərdə ümummilli
lider Heydər Əliyevin istifadə etdiyi telefon aparatları, ulu öndərin və akademik Zərifə xanım Əliyevanın
85 illik yubileyləri münasibətilə buraxılmış
poçt markaları
xüsusilə diqqəti
cəlb edir.
“Torpaq islahatı
və xəritəçəkmə”
bölməsində ulu
öndərin adı ilə bağlı olan torpaq islahatlarına
dair materiallar, islahatın gedişini əks etdirən diaqram, şəkillər,
qanunvericilik toplusu, torpaq və tarix atlasları, 20 adda xəritələr, habelə Azərbaycanda uğurla həyata keçirilmiş torpaq islahatlarına həsr edilmiş kitablar toplanmışdır.
“Ekologiya və
təbii sərvətlər”
bölməsində Azərbaycanda
təcrübi üsulla
ilk dəfə əldə edilmiş qızıl, ümummilli liderin sərəncamları
ilə ölkəmizdə
yaradılmış milli
parklar və qoruqlar, xüsusi mühafizə olunan ərazilər haqqında kitablar, Heydər Əliyevin müxtəlif vaxtlarda iməciliklərdə
ağac əkməsini əks etdirən şəkillər
nümayiş etdirilir.
Burada Prezident İlham Əliyevə “Azərbaycanda xüsusi mühafizə olunan ərazilər” (“Protected areas in Azerbaijan”)
kitabı hədiyyə
edildi.
“Kənd təsərrüfatı”
bölməsində ümummilli
liderin ölkəmizdə
aqrar sahənin, emal sənayesinin inkişafı istiqamətində
gördüyü işləri
əks etdirən müxtəlif materiallar, habelə kitablar, plakatlar vardır. Bu bölmədə Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatı sahəsində
həyata keçirdiyi
islahatları əks etdirən eskponatlar böyük maraq doğurur.
“Mədəniyyət və incəsənət”
bölməsində ulu
öndərin baxdığı
teatr tamaşalarının
afişaları, mədəniyyət
və incəsənət
xadimləri ilə görüşlərini, mədəniyyət
obyektlərinin tikintisini
və açılışını
əks etdirən şəkillər, qədim
xalça nümunələri, xalq çalğı
alətləri, “Mədəniyyət”
qəzetinin ümummilli
liderin 85 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi və Azərbaycan şairlərinin
Heydər Əliyevə
həsr etdikləri şeirlərdən ibarət
“Günəşə qovuşmaq
istəyirəm mən”
kitabı nümayiş
etdirilir.
Kitabın bir nüsxəsi Prezident İlham Əliyevə hədiyyə olundu.
Sərginin ən maraqlı
guşələrindən olan
“Neft strategiyası və enerji təhlükəsizliyi” bölməsində
ulu öndərin müəllifi olduğu neft strategiyası ilə bağlı materiallar, o cümlədən “Əsrin
müqaviləsi”nə,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə,
“Şahdəniz” layihəsinə,
ümumiyyətlə
Azərbaycanda neft sənayesinin inkişafı
sahəsində gördüyü
işlərə dair eksponatlar toplanmışdır.
Bunlar sovet dövrü və müstəqillik dövrü
bölmələrində nümayiş
etdirilir. Prezident İlham Əliyev burada Azərbaycanın neft strategiyasına həsr olunmuş filmdən bir parçaya baxdı.
Sərgidə “Azəriqaz”
QSC, “Azərenerji” ASC və
“Azərikimya” Dövlət
Şirkətinin fəaliyyəti
ilə bağlı guşələr də vardır.
Xalq qəzeti.- 2008.- 8 may.- S. 1.