YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın çıxışı

 

- Azərbaycan Respublikasının birinci xanımı hörmətli Mehriban Əliyeva!
Hörmətli xoşməramlı səfirlər!
Zati-aliləri!
Xanımlar və cənablar!
Mən sizin hamınızı YUNESKO-da salamlamaq istəyirəm. Burada Azərbaycanın gənc musiqi istedadlarının konserti təşkil edilir. Bu konsert xoşməramlı səfirlərin illik konfransı münasibətilə Mehriban xanım tərəfindən təşkil olunmuşdur.
Biz bilirik ki, burada 30-a yaxın xoşməramlı səfirimiz var və onların hamısı YUNESKO-nun fəaliyyətinin bir çox sahələrində fəal çalışırlar. Onlar YUNESKO-nun bir çox iclaslarında iştirak edirlər və eyni zamanda, müxtəlif vacib sahələrdə YUNESKO-nun təşəbbüslərinə mühüm töhfələr verirlər.
Bu gün bizim xoşməramlı səfirlərin illik konfransı keçirildi. Konfrans çərçivəsində ideyalar və fikirlər səsləndi, xoşməramlı səfirlər öz fəaliyyətləri haqqında hesabat verdilər. Çox şadam ki, olduqca canlı müzakirələr aparıldı və belə görüşlərin böyük əhəmiyyəti var.
Mən çox şadam ki, Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətini burada təşviq edən, nümayiş etdirən bir tədbir təşkil etmişdir. Bu yaxınlarda mən böyük məmnuniyyətlə Azərbaycana səfər etmişdim. Ötən həftə ərzində Bakıda YUNESKO-nun savadlılıq mövzusunda regional konfransı keçirildi. Bu konfrans savadlılığın təşviqi baxımından mühüm bir tədbir oldu və öz töhfəsini verdi. Biz hamımız Mehriban xanım Əliyevanın qonaqpərvərliyindən məmnun qaldıq və mən fürsətdən istifadə edərək, buna görə xanım Əliyevaya minnətdarlığımı bildirirəm.
Eyni zamanda, mən təşkilatımızla münasibətlərin inkişaf etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən Azərbaycanın öz zəngin mədəniyyətini, adət-ənənələrini yüksək dəyərləndirdiyini bir daha bəyan edirəm. Biz bilirik ki, Azərbaycan muğamı qeyri-maddi mədəni irs siyahısına, Bakının tarixi hissəsi olan İçərişəhər isə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil olunmuşdur. Biz bilirik ki, Qobustanın namizədliyi də gündəlikdə durur. Hesab edirik ki, bu işlər vacibdir. Biz yeni tikilən Beynəlxalq Muğam Mərkəzində olduq və demək olar ki, onun tikintisi başa çatmaq üzrədir. Çox gözəl üslubda tikilən Muğam Mərkəzinin binası Azərbaycan musiqi alətinin formasını xatırladır. Bu, muğamın, mühüm mədəni irsin qorunması işinə verilən böyük töhfədir. Biz Azərbaycanın adət-ənənələrinin bu səviyyədə təşviq olunması və qorunmasından çox məmnunuq. Bütün bu işlərə, təşəbbüslərə görə mən birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm.
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mərasimdə çıxış etdi.

 

Azərbaycan.- 2008.- 22 may.- S. 2.