ABŞ-Azərbaycan mədəni əlaqələri daha da möhkəmlənir

 

Amerikalı pianoçu Robert Konvey: "Təəssüf ki, indiyədək Azərbaycanın zəngin musiqisindən xəbərsiz olmuşam"

 

Amerikalı musiqiçi Robert Konvey Azərbaycana səfər edib. Səfər ABŞ Dövlət Departamentinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə gerçəkləşib. Dünən musiqiçinin səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Dmitriy Taraxovski musiqiçinin səfər çərçivəsində Sumqayıt, Bakı və Gəncədə ödənişsiz konsertlər verəcəyini deyib: "Bu səfərin əsas məqsədi iki ölkə arasında mədəni əlaqələri möhkəmləndirməkdir". D.Taraxovski bildirib ki, mayın 17-nə kimi davam edəcək səfər çərçivəsində musiqiçi konsert verməklə yanaşı, eyni zamanda ustad dərsləri də keçəcək. Musiqiçinin səfəri ABŞ-ın ölkəmizdəki səfirliyinin "Mədəniyyət üzrə səfir" proqramı əsasmda həyata keçirilir. R.Konvey isə Azərbaycana ilk dəfə gəldiyini bildirib: "Bakıya dünən gəlmişəm və Alim Qasımovun ifasına qulaq asmışam. Azərbaycan musiqisi olduqca zəngindir, təəssüflənirəm ki, indiyədək bu cür musiqinin varlığından xəbərsiz olmuşam. Buradakı konsertlərimdə Qara Qarayev və Arif Məlikovun əsərlərini də ifa edəcəyəm. Bundan sonra Amerikada da dərs dediyim universitetdə tələbələrimlə birgə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəyəm". Vaqif və Əzizə Mustafazadələrin ifası ilə də tanış olduğunu vurğulayan amerikalı musiqiçi onların sənətini yüksək qiymətləndirib: "Mən bu dəvəti alanda olduqca şad oldum. Bu cür fürsəti əldən vermək qeyri-mümkün idi. Ümidvaram ki, bu, mənim Azərbaycana sonuncu səfərim olmayacaq".

Qeyd edək ki, Robert Konvey mayın 14-də Sumqayıt şəhərinin Musiqi Kollecində, mayın 15-də Bakı Orqan Musiqi Zalında və mayın 17-də Gəncə Kamera Musiqi Zalında konsertlər verəcək. Keçirilən konsertlərə giriş pulsuzdur.

 

Səs.- 2008.- 14 may.- S. 16.