Mədəni irsin qorunması ilə bağlı kompleks tədbirlər hazırlanmalıdır

 

Son 6 ayda ermənilər tərəfindən mənimsəmə faktı qeydə alınmayıb

 

"Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi faktlarına dair son instansiya olaraq yalnız Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərik. Amma bu məhkəməyə müraciətimiz üçün hüquqi mexanizm yoxdur". Bu sözləri Azərbaycan Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib.

O bildirib ki, Avropa Məhkəməsində indiyədək müəlliflik hüququ ilə bağlı heç bir məsələyə baxılmayıb: "Bir neçə instansiyadan keçəndən sonra bu məhkəməyə müraciət mümkündür. Biz isə tələb edilən əvvəlki instansiyaya, yəni Azərbaycan müəlliflərinin hüquqlarını pozan tərəf olan Ermənistana müraciət edə bilmirik".

X.Həsənli hesab edir ki, Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı kompleks tədbirlər işlənib hazırlanmalıdır: "Azərbaycanın mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün təbliğat işini gücləndirmək mədəni irsin qeydiyyata alınmasını təmin etmək lazımdır. Bu gün görə biləcəyimiz ən yaxşı budur. Son altı ayda ermənilər tərəfindən mənimsəmə faktları qeydə alınmasa da, müxtəlif dillərdə sürətli təbliğat aparılmalıdır. Analoyi məsələlərin digər ölkələrlə hüquqi müstəvidə həlli baş tutsa da, Ermənistana qarşı hər hansı tədbir görülməsinə nail ola bilmirik".

 

Kaspi.- 2008.- 24-26 may.- S. 21.