Bayramov O.
Mayın 17-də
İstanbulda İslam Konfransı Təşkilatının
Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər
Forumu və İSESKO-nun
təşkilatçılığı ilə
keçirilmiş İKT ekspertlərinin ikigünlük
iclasında yekun sənəd qəbul olunmuşdur.
Forumun baş katibi Elşad İsgəndərov bildirmişdir
ki, İslam Konfransı Təşkilatının
Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər
Forumunun mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq üzrə birinci baş
əlaqələndiricisi Leyla Əliyevanın
təşəbbüsü ilə başlanmış
"Xocalıya ədalət - Qarabağa azadlıq"
kampaniyası İKT ekspertləri tərəfindən
dəstəklənmiş və 26 fevral - Xocalı
soyqırımı gününün İKT
ölkələrində humanitar fəlakətlər
qurbanlarının xatirəsini anma günü kimi qeyd
olunması barədə qərar qəbul olunmuşdur.
Bundan əlavə, Xocalı qətliamının İslam
ölkələrində dərsliklərə daxil edilməsi
ilə bağlı təklif də İKT nazirlərinin
toplantısına təqdim ediləcəkdir.
Qəbul olunmuş sənəddə Xocalı
soyqırımının Avropa, Asiya və Afrika
ölkələri regional parlamentlərarası
assambleyalarının dialoqu zamanı bəşəriyyətə
qarşı kütləvi qətliam kimi tanınması
barədə məsələ də qaldırılacaqdır.
Toplantı iştirakçıları Heydər Əliyev
Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla
Əliyevanın təşəbbüsü ilə
hazırlanmış və Xocalı soyqırımından
bəhs edən sərgi ilə, habelə Bosniya və
Herseqovinada, Fələstində törədilmiş
qətliamlardan bəhs edən fotoşəkillərlə
də tanış olmuşlar.
Müzakirələrin yekununa dair qəbul olunmuş
sənəd İKT Mədəniyyət Nazirləri
Şurasına təqdim olunacaqdır.
Azərbaycan.- 2008.- 18 may.- S. 6.