Mayın 20-də Parisdə
YUNESKO-nun xoşməramlı
səfirlərinin illik
yığıncağı keçirilmişdir. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva yığıncaqda
iştirak etmişdir.
Mehriban Əliyevanı
YUNESKO-nun mənzil-qərargahında təşkilatın
yüksək vəzifəli
şəxsləri səmimiyyətlə
qarşıladılar.
Yığıncaqdan öncə xoşməramlı
səfirlər dünyada
savadlılığın dəstəklənməsi
üzrə YUNESKO-nun regional konfransları silsiləsindən "Avropada
subregional çərçivədə
savadlılıq problemlərinə
baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması
və innovativ yanaşmaların tətbiqinə
dəstək" mövzusunda
Bakıda keçirilmiş
5-ci regional konfransın
yüksək səviyyədə
təşkilinə görə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür
etdilər. Bildirildi ki, həmin konfrans mühüm hadisədir və regionda savadsızlığın
aradan qaldırılmasında
əhəmiyyətli rolu
olacaqdır.
YUNESKO-nun xoşməramlı
səfirlərinin illik
hesabat yığıncağını
təşkilatın baş
direktoru Koişiro Matsuura açdı. Xoşməramlı səfirləri
salamlayan baş direktor yığıncağın
uğurla keçəcəyinə
əmin olduğunu bildirdi.
Yığıncaq iştirakçıları
məşhur musiqiçi,
həmyerlimiz Mstislav Rostropoviçin xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər.
Baş direktor çıxışında əsas
diqqəti təhsil, xüsusilə də dünyada savadsızlığın
aradan qaldırılması
probleminə cəlb etdi. Qeyd etdi
ki, indi dünyada 72 milyon uşaq məktəbə getmir. Yeniyetmələrin təhsilə cəlb olunmasında hələ də problemlər var. Koişiro Matsuura bu baxımdan
Bakıda keçirilmiş
5-ci regional konfransın
əhəmiyyətini vurğuladı
və tədbirin yüksək səviyyədə
təşkilinə görə
Mehriban xanım Əliyevaya təşəkkür
etdi. Baş direktor mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqdan da danışdı, hazırda
dünyanı narahat edən iqlim dəyişikliyi, ərzaq
təhlükəsizliyi, habelə
səhiyyə xidmətlərinin
təşkili məsələlərinə
toxundu.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva yığıncaqda
çıxış etdi.
O, ötən bir ildə ölkəmizdə
görülən işlər,
YUNESKO dəyərlərinin təbliği və icrası istiqamətində
həyata keçirilən
tədbirlər barədə
danışdı. Bakıda
keçirilmiş regional
konfransın mühüm
nəticələrlə yadda
qaldığını vurğulayan
Mehriban xanım dedi ki, ölkəmizdə
təhsilin inkişafına
xüsusi diqqət göstərilir. Heydər
Əliyev Fondu artıq xaricdə də təhsillə bağlı layihələr
həyata keçirir.
Pakistanın zəlzələdən
ciddi ziyan görən Müzəffərabad
şəhərində qızlar
məktəbinin inşa
olunması buna sübutdur. Bu, Heydər Əliyev Fondunun təhsillə bağlı xaricdə həyata keçirdiyi ilk layihədir.
Mehriban xanım Əliyeva ölkəmizdə
mədəni irsin qorunması və təbliği istiqamətində
də işlərin görüldüyünü dedi.
Bildirdi ki, Azərbaycanda muğamın
inkişafı və təbliğinə xidmət
edən layihələr
icra olunur. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilir. Heydər Əliyev Fondunun dəstəyi ilə gənc ifaçıların
qatıldığı muğam
televiziya müsabiqəsi
keçirilib, muğam
jurnalı nəşr
olunur. Azərbaycanda mədəni irsin
qorunması istiqamətində
tədbirlər bundan sonra da davam
etdiriləcəkdir.
İordaniya şahzadəsi
xanım Ferial YUNESKO-nun Bakıda keçirilmiş 5-ci regional
konfransında iştirakı
barədə danışdı,
onun yüksək səviyyədə təşkil
olunduğunu vurğuladı.
YUNESKO-nun xoşməramlı
səfirləri ölkələrində
gördükləri işlər,
həyata keçirilən
layihələr barədə
hesabat verdilər. Hesabatlarda əsas diqqət təhsil, elm, səhiyyə, mədəni irsin qorunması, QİÇS-lə
mübarizə kimi mühüm məsələlərə
yönəldildi.
Yığıncağın sonunda xoşməramlı
səfirlər xatirə
şəkli çəkdirdilər.
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın adından xoşməramlı səfirlərin
şərəfinə ziyafət
verildi.
Azərbaycan.- 2008.- 21
may.- S. 3.