AzərTAc xəbər verir ki, mayın
20-də Parisdə YUNESKO-nun xoşməramlı
səfirlərinin illik
hesabat yığıncağı
keçirilmişdir. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva yığıncaqda
iştirak etmişdir.
Mehriban Əliyevanı
YUNESKO-nun qərargahında
təşkilatın yüksək
vəzifəli şəxsləri
səmimiyyətlə qarşıladılar.
Yığıncaqdan əvvəl xoşməramlı
səfirlər dünyada
savadlılığın dəstəklənməsi
üzrə YUNESKO-nun regional konfransları silsiləsindən "Avropada
subregional çərçivədə
savadlılıq problemlərinə
baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması
və innovativ yanaşmaların tətbiqinə
dəstək" mövzusunda
Bakıda keçirilmiş 5-ci regional
konfransın yüksək
səviyyədə təşkilinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdilər.
Bildirildi ki, həmin konfrans təşkilatın təhsil
problemlərinin həllində
mühüm hadisədir
və regionda təhsilin inkişafında
da əhəmiyyətli
rol oynayacaqdır.
YUNESKO-nun xoşməramlı
səfirlərinin illik
hesabat yığıncağını
təşkilatın baş
direktoru Koişiro Matsuura açdı. Xoşməramlı səfirləri
salamlayan baş direktor yığıncağın
uğurla keçəcəyinə
əmin olduğunu bildirdi.
Yığıncaq iştirakçıları
məşhur musiqiçi,
həmyerlimiz Mstislav Rostropoviçin xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər.
Baş direktor çıxışında əsas
diqqəti təhsil, xüsusilə də, dünyada savadsızlığın
aradan qaldırılması
istiqamətində görülən
işlərə çəkdi.
Qeyd etdi ki, indi dünyada
72 milyon uşaq məktəbə getmir. Yeniyetmələrin təhsilə
cəlb olunmasında hələ də problemlər var. Koişiro Matsuura bu baxımdan YUNESKO-nun Bakıda keçirilmiş 5-ci regional
konfransının əhəmiyyətini
vurğuladı və
tədbirin yüksək
səviyyədə təşkilinə
görə Mehriban xanım Əliyevaya təşəkkür etdi.
Baş direktor çıxışında mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqdan da danışdı, hazırda
dünyanı narahat edən iqlim dəyişikliyi, ərzaq
çatışmazlığı, səhiyyə xidmətlərinin
təşkili məsələlərinə
toxundu.
YUNESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva yığıncaqda
çıxış etdi.
Azərbaycan.- 2008.- 22 may.- S. 2.