Abbasov S.

 

Kitabxanaların inkişafında hüquqi-informasiya və regional kitabxana məlumat mərkəzlərinin rolu

 

İnformasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə böyük vəzifələr düşür. Kitabxanalar əhalinin bütün təbəqələrinə informasiya xidməti göstərən yeganə sosial institutdur. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir. Regionlarda kitabxana-informasiya şəbəkəsini inkişafı əhalini mədəni səviyyəsini yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradacaqdır.

Ölkədə kitabxana-informasiya sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi müxtəlif layihələrlə kitabxanaların, xüsusilə regionlarda fəaliyyət göstərən kitabxanaların inkişafı istiqamətində mühüm işlər və layihələr həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramı"na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra şəhər və rayon kitabxanalarında ictimai hüquqi-informasiya mərkəzlərinin yaradılması işi həyata keçirilmişdir. "İnformasiya hamı üçün" YUNESKO Proqramının Rusiya Komitəsi ilə danışıqlar aparılmış və bir sıra nazirlik, idarə və kitabxanaların Rusiya Federasiyasının hüquqi qanunvericilik bazasına daxil olmaları barədə razılıq əldə edilmişdir.

Ölkə kitabxanalarının hüquqi informasiya ilə təmin edilməsi məqsədi ilə 2007-ci il fevral ayının 28-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İctimai Hüquqi İnformasiya Mərkəzinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Mədəniyyət və Turizm naziri Ə.Qarayev, nazirlik və idarələrin, məhkəmə orqanlarının rəhbərləri və "İnformasiya hamı üçün" YUNESKO Proqramının Rusiya komitəsinin sədri, Rusiya Kitabxana Assosiasiyasının vitse-prezidenti, professor Y.Kuzmin iştirak və çıxış etmişlər. Sözügedən tədbirdə Azərbaycanda ümumilikdə 35 kitabxana, müxtəlif nazirlik, idarə, təşkilat və məhkəmə orqanlarının aparatına Rusiya Federasiyasının hüquqi qanunvericilik bazasına ödənişsiz daxilolma haqqında sertifikat verrlmişdir.

İctimai Hüquqi-İnformasiya Mərkəzi - Mədəniyyət və Turizm Nazirliyinin şəbəkəsinə aid olan M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, V.Q.Korolenko adına Mərkəzi şəhər Gənclər Kitabxanası, Əli Bayramlı, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt şəhərlərində, Goranboy, Xaçmaz, Şamaxı, Kürdəmir, Qəbələ, Zaqatala, Ucar, Bərdə, Qazax, Neftçala rayonlarının mərkəzi kitabxanalarında və Naxçıvan Muxtar Respublikasının M.S.Ordubadi adına Respublika Kitabxanasında yaradılmışdır.

Rusiya Federasiyasının hüquqi qanunvericilik bazasına eyni zamanda Prezident Kitabxanası, Milli Məclisin Kitabxanası, Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzinin Kitabxanası, Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin aparatları, Rabitə və İnformasiya Texnologiya Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və s. ödənişsiz daxilolma hüququ təmin edilmişdir. Tədbir çərçivəsində Azərbaycanda yaradılacaq ictimai hüquqi informasiya mərkəzlərinin mütəxəssislərinin hüquqi qanunvericilik bazasını idarə etmək və bu bazada axtarışlar aparmaq, bazanın işini təmin etmək və s. biliklərini artırmaq məqsədi ilə 3 günlük treninqlər keçirilmişdir. Treninqin sonunda iştirakçılara Rusiya Federasiyasının Hüquqi Qanunvericilik bazasına ödənişsiz daxil olma haqqında sertifikatlar verilmişdir.

Tədbir çərçivəsində "informasiya hamı üçün" YUNESKO Proqramının Rusiya komitəsinin sədri, Rusiya Kitabxana Assosiasiyasının vitse-prezidenti, professor Y.Kuzminin F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "Uşaq, yeniyetmə və gənclərin mütaliə problemlərinin həllində kitabxanaların rolu" adlı geniş mühazirə söyləmişdir. Mühazirələrdə kitabxana rəhbərləri, o cümlədən ictimaiyyətin tanınmış nümayəndələri iştirak etmişlər.

Sözügedən mərkəzlərdə XVII əsrdən - müasir dövrə qədər Rusiya Federasiyasının hüquqi qanunvericilik bazası, habelə Respublikamızda nəşr olunmuş hüquqa dair ədəbiyyatlar oxucuların istifadəsinə verilmişdir.

Respublikada fəaliyyət göstərən ictimai hüquqi-informasiya mərkəzlərinə metodiki mərkəz sayılan C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İctimai Hüquqi-İnformasiya Mərkəzində ötən müddət ərzində mühüm işlər həyata keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Mərkəzə 3 kompüter avadanlığı hədiyyə olaraq verilmiş və həmin kompüterlərə "Rusiya Federasiyasının Qanunvericilik toplusu" və "Hüquqi informasiyaların ictimai və dövri nəşrləri elektron variantda" bazaları daxil edilmişdir.

Mərkəzin əsas vəzifələrindən biri Rusiya Federasiyasının "Qanunvericilik toplusu"nda olan hər bir yeniləşməni kompüterlərə yükləmək, digər mərkəzlərin və tələbatçıların istifadəsinə verməkdir. Bu məqsədlə həftədə iki dəfə kompüterlərə proqramın yeniləşməsi yüklənir. 2004-ci ildən başlayaraq ABŞ səfirliyinin maliyyə dəstəyi ilə respublikanın bir sıra regionlarında Regional Kitabxana Məlumat Mərkəzləri yaradılmasına başlanmışdır. Sözügedən layihə əsasında Mədəniyyət və Turizm Nazirliyi kitabxana şəbəkəsinə daxil olan Sumqayıt, Mingəçevir, Gəncə, Əli-Bayramlı, Lənkəran, Naxçıvan şəhər, Kürdəmir, Qax, İsmayıllı, Xaçmaz, Qobustan, Salyan, Dəvəçi, Zaqatala rayonlarında Regional Məlumat Mərkəzləri yaradılmışdır.

Layihənin həyata keçirilməsində əsas məqsəd, təhsil və maarifləndirmə vasitəsi ilə informasiya axınının təmin edilməsi, oxucuların informasiya tələbatının təmin edilməsi, kitabxanaçıların peşə səviyyələrinin artırılması, cəmiyyətdə kitabxanaların fəaliyyətinin genişlənməsi və kitabxanaların inkişafı ilə bərabər onların cəmiyyətdə rolunu artırmaq və müasir vətəndaş cəmiyyətinin qurulmasında və formalaşmasında ictimaiyyətin cəlb olunması və s.

Regional Məlumat Mərkəzləri yaradılarkən kitabxanalara kompüter, printer, skaner, televizor və İnternet xətti hədiyyə edilmiş, habelə müxtəlif elm sahələri üzrə yeni çap və elektron nəşrlər əvəzsiz olaraq verilmişdir. Proqramın gələcək perspektivində Regional Məlumat Mərkəzləri arasında elektron şəbəkənin yaradılması nəzərdə tutulmuşdur. Bu şəbəkə vasitəsilə kitabxanaçılar bir-birilə kitabxana işi sahəsində yeniliklərə dair fikir və informasiya mübadiləsi aparacaqlar.

Bundan başqa, kitabxanaçılar üçün mütəmadi olaraq kitabxana işi sahəsində müasir mövzuları əhatə edən təlimlər və kompüter kursları təşkil edilir.

Mədəniyyət və Turizm Nazirliyi kitabxanalarında profilə uyğun olaraq müxtəlif sahələrdə (biznes, hüquq, işgüzar, asudə vaxt, aqrar-informasiya) mərkəzlərin yaradılması işi kitabxana işi sahəsində hazırlanmış Dövlət Proqramının layihəsində də öz əksini tapmışdır. Sözügedən mərkəzlərin fəaliyyəti ictimai əsaslarla tənzimlənəcəkdir.

Respublikamızda kitabxanaların nəzdində yaradılacaq bu mərkəzlər oxucuların müxtəlif sahələrə dair sorğularının ödənilməsinə, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına zəmin yaradaraq, ümumilikdə kitabxana işinin müasir tələblər səviyyəsinə çatdırılmasına imkan verəcəkdir.

 

Yeni Mədəni-maarif jurnalı.- 2008.- 4.- S. 63-64.