Mədəniyyət kataloqu
üç dildə nəşr olunub
Əbülfəs
Qarayev: “Bununla mədəniyyətin bütün istiqamətləri
təbliğ olunacaq”
Mədəniyyət və
Turizm Nazirliyinin
"Mədəniyyət" kataloqu nəşr olunub. Dünən Muzey Mərkəzində nazirliyin
vəsaiti hesabına
hazırlanmış kataloqun təqdimatı keçirildi.
Nazirliyin son bir ildəki fəaliyyətini əks
etdirən kataloq üç dildə-Azərbaycan, rus və
ingilis dillərində
nəşr olunub. Kataloqda Azərbaycan turizmi haqqında
da ətraflı məlumatlar yer alıb. Teatr, kino, musiqi,
rəngkarlıq, ədəbiyyat, uşaq mədəniyyəti,
diaspor mədəniyyəti, balet və
moda mövzularına ayrılan kataloqda
məqalələr Məryəm Əlizadə,
Aydın Talıbzadə, Niyazi Mehdi və başqa mütəxəssislər tərəfindən
qələmə alınıb. Kataloqun baş redaktoru isə Leyla Əfəndiyevadır. Kataloqun musiqi rubrikasında isə
muğam sənətinin inkişafı və qorunmasından bəhs
olunur. Kataloqun təqdimat
mərasimində çıxış edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan
artıq mədəniyyəti
ilə dünyada yüksək səviyyədə təmsil olunur, kataloq
isə bu istiqamətdə atılan ilk addımlardandı: "Biz artıq dünya
mədəniyyəti
ilə ayaqlaşmağa
hazır vəziyyətdəyik. İstəyirik ki, ölkəmizin mədəniyyəti dünyada daha yüksək səviyyədə
təmsil olunsun. Ona görə də bu gün bununla
bağlı işlər görülür. Bilirsiniz
ki, beynəlxalq aləmdə mədəniyyət
ölkəsi kimi tanınmağa başlamışıq". Milli Məclisin
Mədəniyyət məsələləri daimi
komissiyasının sədri Nizami Cəfərov, sənətşünas Məryəm Əlizadə,
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev də
tədbirdə iştirak edərək mədəniyyətin
inkişafı üçün belə işlərin görülməsinin zəruri olduğunu diqqətə
çatdırdılar.
Üç nöqtə.- 2008.-
13 may.- S. 13.