Əsədov B.
Bakı
Kitab Klubu "Sınaq nüsxəsi" layihəsini
həyata keçirməyə başlayıb
Bakı Kitab Klubu və Açıq
Cəmiyyət İnstitutu - Yardım Fondu "Sınaq
nüsxəsi" layihəsini həyata keçirməyə
başlayıblar. Layihənin məqsədi Azərbaycan
müəlliflərinin maddi imkansızlıqdan üzə
çıxara bilmədikləri potensialına yol
açmaqdır. Klub müəllifin elektron variantda təqdim
etdiyi, indiyədək çap olunmamış hər hansı
janrda əsərini məxfi saxlanılmaqla
mütəxəssis rəyinə göndərir, müsbət
rəy aldıqda onu iyirmi nüsxə tirajla nəşr edib
kitab mağazalarına, kitabxanalara və ictimai
mərkəzlərə paylayaraq kommersiya tutarlığını
öyrənir. Sonra həm ədəbi, həm də kommersiya
baxımından dəyərli əsərlərin daha
böyük tirajla çapına qərar verilir.
"Sınaq nüsxəsi" layihəsindən ilk
kitabın sınaq nüsxəsi artıq işıq
üzü görüb. Rövşən Həsənlinin
"Qadın düşərgəsi" və "Sel"
povestlərinin daxil edildiyi kitabın təqdimatında
bildirildi ki, o, müxtəlif nəşriyyatlara təklif
olunub, ya həmin nəşriyyatlardan biri, ya da elə kitab
klubu tərəfindən tezliklə oxuculara
çatdırılacaq.
Bakı Kitab Klubu bu ərəfədə XXI Beynəlxalq Tehran
kitab sərgisində iştirak edib. Klubun direktoru, fizika
elmləri namizədi Elxan Rzayev təqdimat mərasimində bu
barədə də geniş məlumat verdi:
- Sərgidə respublikamız iki bölmə ilə təmsil
olunmuşdu. İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü kimi ölkəmiz
üçün ayrılmış bölməni
Azərbaycanın İran İslam Respublikasındakı
səfirliyi, ikinci bölməni isə Kitab Klubu və
Beynəlxalq Əl-Hoda nəşriyyatının Bakı
şöbəsi təchiz etmişdilər. Sərginin
gedişində Azərbaycan Respublikası Günü
keçirildi. Biz sərgiyə Azərbaycan tarixi, dili,
ədəbiyyatı, Dağlıq Qarabağ problemi və
Xocalı soyqırımı mövzularında təqribən
150 adda 500 nüsxəyə yaxın kitab, habelə qırx
adda uşaq kitabları aparmışdıq.
Sərgi Müsəllada (Namazgahda) təşkil olunmuşdu.
Çox böyük ərazini əhatə edən bu kompleksin
45 min kvadratmetri yerli naşirlərin və kitab tacirlərinin,
beş min kvadratmetri xarici nəşriyyat və
müəssisələrin ixtiyarına verilmişdi.
Azərbaycan dilində kitablar buraxan İran
mətbəələri sərginin fəal
iştirakçıları idilər. Tehrandan ərəb
qrafikası ilə Azərbaycan dilində çap olunmuş
kitablardan nümunələr gətirmişik, onlar klubun
sərgi salonunda nümayiş etdirilir.
Bütövlükdə sərgiyə altmış
ölkənin nümayəndələri gəlmişdilər.
2500-dən çox mətbəə öz
məhsullarını göndərmişdi. Təqdim olunan
kitablardan 1350-si birinci dəfə göstərilirdi. Davam etdiyi
on gün ərzində sərgidə dörd milyona yaxın
adam olub, əlli milyondan artıq kitab satılıb.
Bakı Kitab Klubu indi ənənəvi respublika kitab
satış-sərgisinə hazırlaşır. Bu tədbir
payızda Rəssamlar İttifaqının V.Səmədova
adına sərgi salonunda baş tutacaq.
Azərbaycan.- 2008.- 22 may.- S. 4.