Əsədov B.
Müasir dövr milli
müstəqilliyimizin getdikcə möhkəmləndiyi və
dərinləşdiyi məsuliyyətli tarixi
mərhələdir. İndi ən vacib və
təxirəsalınmaz vəzifələrdən biri
kitabşünaslığın milli konsepsiyasını
inkişaf etdirməkdən və nəzəri
əsaslarını genişləndirməkdən ibarətdir.
Bu konsepsiya hələ təzəcə təşəkkül
tapır, onun müəyyənləşməsi,
büllurlaşması üçün çox
işləmək, əsaslı elmi tədqiqat aparmaq lazımdır.
Bu gün kitaba ayrıca nəşr kimi deyil, cəmiyyətin
zənginliyi kimi baxılır. Artıq kitab daha
mürəkkəb quruluşa malikdir, onun istehsalının
genişlənməsi sənaye sahəsi təki inkişaf
etdiyini göstərir. Bu, kitab istehsalının,
yayımının və istifadə olunmasının
məqsədyönlü şəkildə təşkili
məsələlərini, yəni
sistemləşdirilməsini, növlərə, tiplərə,
nəşr işlərinə bölünməsini və inkişafını
sürətləndirir.
Azərbaycanda kitabın tipologiyası problemi elmi
şəkildə ilk dəfə Bakı Dövlət
Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının
müdiri, tarix elmləri doktoru, professor Bayram Allahverdiyevin
elmi-tədqiqat əsərlərində, o cümlədən
"Kitabşünaslıq" adlı dərs vəsaitində
əksini tapıb. İndi cəmiyyətin həyatında
kitabın tipologiyasının əhəmiyyəti və yeri
daha da artmaqdadır. Amma nəşriyyatların
kitabşünas kadrlarla, redaktorlarla kifayət
dərəcədə təmin edilməməsi bu problemin
müvəffəqiyyətlə həllinə, başqa
sözlə, dövrün tələblərinə uyğun
həyata keçirilməsinə mənfi təsir
göstərir.
Bunları nəzərə alan kitabşünas alim B.Allahverdiyev
kitab mütəxəssislərinə və
həvəskarlarına töhfə olaraq
"Kitabşünaslıq və nəşriyyat işi"
adlı elmi-nəzəri və təcrübi jurnal təsis
edib. Məcmuənin ilk nömrəsi "Mütərcim"
Nəşriyyat-Poliqrafiya Müəssisəsində
işıq üzü görüb. Yeni jurnal Bayram Allahverdiyevin
baş redaktorluğu ilə ildə dörd dəfə
buraxılacaq. Burada kitabşünaslıq, kitab nəşri
problemləri, kitabçılıq işi, kitab
tərtibatı, mətnşünaslıq mövzularında
məqalələr dərc olunacaq, bütün
yazıların rus və ingilis dillərində xülasəsi
veriləcək.
Azərbaycan.- 2008.- 16 may.- S. 6.