Fəxriyyə

 

“Heydər Əliyev – şəxsiyyət və zaman”

 

Elmira Axundovanın mərhum prezidentimizə həsr etdiyi kitabın təqdimatı oldu

 

Aprelin 30-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın mərhum prezidentimiz Heydər Əliyevə həsr etdiyi "Heydər Əliyev - Şəxsiyyət və Zaman" adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, yazıçı Anar, Milli Məclisin deputatları Fəttah Heydərov, Asim Mollazadə, Aqil Abbas, Cəmil Həsənli və b. iştirak edirdilər.

Təqdimat mərasimində çıxış edən Ə.Qarayev bu kitabın gələcək nəsillər üçün qiymətli bir xatirə olduğunu dedi: "Mən çox şadam ki, bizim gənclər kitabxanasına belə mötəbər auditoriya toplaşıb. Bu gün bura ulu öndərimizin 85 illik yubileyi ilə bağlı düzənlənən tədbirlər silsiləsindən biri olan çox qiymətli bir kitabın təqdimat mərasiminə toplaşmışıq. Bu kitabın yazılması ilk öncə gələcək nəsillərə lazımdır. Kitab onlar üçün Azərbaycanın keçmiş tarixini, dövlətimizin qurulmasında böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin rolu və yeri haqqında həqiqəti açmaq naminə əvəzsiz bir xatirədir. Buna görə də Elmira xanımı təbrik etməklə bərabər, ona təşəkkürümü bildirirəm. Onu da qeyd etmək istəyirəm ki, bütün xalqın maraq dairəsində olan bir mövzuya toxunmaq hər insana nəsib olmur. Elmira xanımın kitabında Heydər Əliyev təkcə vəzifə sahibi kimi yox, həm də onun insanlar tərəfindən necə qəbul edilməsi barədə geniş mənzərə açılıb". Nazir onu da bildirdi ki, Heydər Əliyev şəxsiyyəti o qədər böyükdür ki, onu hər hansı bir çıxışda, tədqiqatda, rəsm əsərində, musiqidə ifadə etmək mümkün deyil: "Elmira Axundovanın seçdiyi roman-publisistika üslubunda yazdığı bu kitab müəyyən qədər bütün mövzuları əhatə etmək və insanları məlumatlandırmaq baxımından çox dəyərlidir. Heydər Əliyev şəxsiyyəti hər zaman alimlərin, tədqiqatçıların, yazarların diqqət mərkəzində olub. Çünki onların sözü ilə gələcək nəsillərə Heydər Əliyev obrazını təqdim etmək sözün əsl mənasında həqiqət deməkdir".

Sonra yazıçı Anar, Fəttah Heydərov, Əkrəm Səlimzadə, Asim Mollazadə və başqaları çıxış edərək, Elmira Axundovanı kitabın ərsəyə gəlməsi münasibətilə təbrik etdilər.

Qeyd edək ki, "Heydər Əliyev - Şəxsiyyət və Zaman" kitabında geniş faktoloji, politoloji, tarixi materiallar toplanıb. Əsər xeyli sayda az məlum olan fakt, epizod, müəllif tərəfindən dərin təhlil və şərhlərlə müşayiət edilən eksklüziv informasiya ilə zəngindir. Yazıçının Heydər Əliyevlə şəxsi tanışlığı kitaba xüsusi emosionallıq və səmimiyyət gətirir.

Elmira Axundovanın kitabı polifonikdir, burada baş qəhrəmanın - Heydər Əliyevin obrazının yaradılması ilə yanaşı, SSRİ-nin və Sovet Azərbaycanının tanınmış xadimlərinin portretləri verilib. Müəllif yalnız respublikaya aid olan mövzu ilə məhdudlaşmayıb qonşu Ermənistan və Gürcüstandakı vəziyyəti, Kremldə baş verənləri təsvir edir, eyni zamanda Heydər Əliyevin Brejnev, Andropov, Suslov, Ustinov və başqaları ilə münasibətlərinin tarixindən söhbət açır.

Publisistik romanın özəlliklərindən biri də ondan ibarətdir ki, kitabda ümummilli liderin müasirlərinin, çiyin-çiyinə işlədiyi, ünsiyyətdə olduğu, ömrünün müxtəlif çağlarında dostluq etdiyi insanların xatirələri yer alıb. Bütöv bir dövrü əks etdirən bu materiallar son dərəcə dəyərlidir.

"Heydər Əliyev - Şəxsiyyət və Zaman" kitabını Azərbaycan dilinə Nərgiz Rüstəmxanlı, Yaşar Quluzadə, Səyavuş Məmmədzadə tərcümə ediblər. Kitaba ön sözü görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymanov yazıb.

Onu da bildirək ki, Elmira Axundova bu kitabın davamını yazır. Əsər bir neçə cilddən ibarət olacaq.

 

Mədəniyyət.- 2008.- 1 may.- S. 2.