Həbibov N.
Milli-mədəni
irsimizin qoruyucuları
Mədəniyyət
sərvətlərimizin saxlanc yerlərindən ən
mühümü kitabxanalardır. Kitabxanalarda
ədəbi-bədii, tarixi, elmi-texniki əsərlər,
dərs vəsaitləri, mətbu nəşrlər qorunub
saxlanır. Geniş oxucu kütləsinin ixtiyarına verilir,
zəngin bilik xəzinəsi kimi fəaliyyət
göstərir. Son dövrdə kitabxana
şəbəkəsinin genişləndirilməsi, onun
maddi-texniki bazasının möhkəmləndirilməsi,
fondlarının zənginləşdirilməsi, dünya
kitabxanaları ilə faydalı əlaqələrin
qurulması yönümündə məqsədli işlər
aparılır. Ölkəmizdə kitabxana işinə böyük
diqqət və qayğı göstərilir. Dövlət
başçısı İlham Əliyev kitabxanaların
işinin təkmilləşdirilməsi sahəsində bir
sıra vacib sərəncamlar imzalamışdır.
Bu günlərdə 25 illik yubileyini yaşayan Təhsil
Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) ölkə
təhsili sahəsində metodiki mərkəz
funksiyasını uğurla həyata keçirir.
Kitabxananın direktoru Tamilla İsmixanova kitabxananın 25 illik
fəaliyyəti, gördüyü işlər barədə
demişdir:
- Ulu öndər Heydər Əliyev kitabxanaların
işinə böyük qayğı göstərmiş
və biz kitabxana işçiləri üçün proqram
xarakterli müdrik kəlam söyləmişdir: "Kitabxana
xalq, millət üçün, cəmiyyət
üçün müqəddəs bir yer, mənəviyyat,
bilik, zəka mənbəyidir".
Respublika Elmi Pedaqoji Kitabxanası 1983-cü ildə
Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər
Sovetinin "Azərbaycan SSR-də xalq maarifinin inkişaf
etdirilməsi haqqında" 24 iyun 1982-ci il tarixli
qərarı əsasında yaradılmışdır. REPK-a
elmi-sahəvi kitabxanadır. Respublika təhsil
işçilərinə, təhsil sistemində
fəaliyyət göstərən
müəssisələrə, nazirliyin kitabxana
şəbəkəsinə məlumat-biblioqrafiya xidmətini
yerinə yetirən elmi-metodik və əlaqələndirmə
mərkəzidir. Yarandığı vaxtdan kitabxana kataloq,
kartoteka, biblioqrafik vəsaitlər, elektron informasiya fondu
formalaşdıraraq oxucuların istifadəsinə
vermişdir.
Kitabxananın fəaliyyət dairəsi olduqca genişdir. Bu
baxımdan kitabxananın profilinə uyğun olaraq fondun yeni ədəbiyyatla
tam komplektləşdirilməsi üçün
məqsədyönlü iş aparılır.
Komplektləşdirmə, elmi kitabişləmə və kitab
mübadiləsi şöbəsi fondu respublikamızda və
xarici ölkələrdə nəşr edilən elmi-metodiki,
tədris, pedaqoji, ictimai-siyasi və başqa
sahələrə aid ədəbiyyatla dəstləşdirir.
Müxtəlif nəşriyyatlardan, kitab satışı
müəssisələrindən, beynəlxalq və ictimai
təşkilatlardan, Təhsil Nazirliyindən, Prezidentin İcra
Aparatından, xarici ölkələrin
səfirliklərindən, ayrı-ayrı
şəxslərdən daxil olan kitablarla fondumuzu
zənginləşdiririk. Dünya kitabxanalarına inteqrasiya
məqsədilə elektron kataloqlarının
yaradılmasının vacibliyini nəzərə alaraq
kitabxana fondu dünya kitabxanalarında tətbiq edilən
Universal Onluq Təsnifatı (UOT) əsasında yenidən
təsnifləşdirilmişdir.
Oxucuların maraq sorğularının müxtəlif formada
öyrənilməsində və ödənilməsində
kitabxana işi üçün gərəkli olan biblioqrafik
nəşrlər böyük əhəmiyyət kəsb edir.
Elmi informasiya və biblioqrafiya şöbəsində mütəxəssislərin
sorğuları operativ ödənilir, məlumat,
mütəxəssis günləri, tematik sərgilər
keçirilir, cari və retrospektiv ədəbiyyat
göstəriciləri hazırlanır, təhsil, pedaqogika,
pedaqoji elmlərə dair göstəricilər,
tanınmış pedaqoqların şəxsi
göstəriciləri tərtib olunur. "Müəllimə
kömək" seriyasında müxtəlif mövzularda
onlarca göstərici hazırlanmışdır.
REPK-nın yaradıcılıq fəaliyyətində
Azərbaycan maarifinin, təhsilinin və elminin
tərəqqisində misilsiz xidmətlər
göstərmiş şəxsiyyətlər - akademik Mehdi Mehdizadə,
görkəmli maarif xadimi Əhməd Seyidov,
tanınmış pedaqoq, akademik Rəfiqə Mustafayeva
haqqında göstəricilərin nəşri xüsusi yer
tutur. Bu göstəricilər tarixilik, kitabxananın
soraq-məlumat aparatının və zəngin fondunun
məzmunu və dinamik inkişafı barədə
ətraflı informasiya vermək baxımından
əhəmiyyətlidir.
Kitabxanamızın fəaliyyətə başlamasının
25 illiyi münasibətilə şöbənin
əməkdaşları müdiriyyətlə birgə 595
sözdən ibarət üç dildə (Azərbaycan, rus,
ingilis) "Kitabxana - biblioqrafiya terminləri lüğəti"
çap olunmuşdur. Lüğət
mütəxəssislər, kitabxana işçiləri,
tələbə və şagirdlər üçün
çox dəyərli nəşrdir.
Elmi-metodik və təhlil şöbəsi vasitəsilə
Təhsil Nazirliyi nəzdində fəaliyyət
göstərən ümumtəhsil, peşə
məktəbləri, orta ixtisas təhsili müəssisələri
kitabxanalarına elmi-metodik rəhbərlik göstərir,
onların işini əlaqələndirir,
bölgələrdə konfranslar, seminarlar keçirir,
təlimatlar, metodik vəsaitlər, normativ sənədlər
hazırlayırıq. Məktəb kitabxanalarının
fəaliyyəti haqqında hesabatlar alır, təhlil edir və
kitabxanada yaradılmış Məlumat (Verilənlər)
Bazasına daxil edirik.
Fondumuz olduqca zəngindir. Burada respublikamızda təhsil,
pedaqogika, psixologiya və başqa elm sahələrini
əhatə edən ədəbiyyat, avtoreferatlar, qəzet,
jurnal, həmçinin xarici ölkələrdə
nəşr olunmuş kitablar qorunur, daim oxucuların
istifadəsindədir. Fondumuzda XVIII-XX əsrlərdə
çap olunmuş "Sbornik postanovleniy po ministerstvo narodnoqo
prosveşeniya" (1864), "Sbornik postanovleniy po ministerstvo
narodnoqo prosveşeniya" sarstvovaneye imperatora Nikolaya I 1825-1855
(1876), "Oçerki po istorii pedaqogiçeskix
uçeniy" (1911) və bu kimi nadir kitablar hifz olunur.
Hazırda kitabxananın fondu 500 min nüsxə təşkil
edir. 2007-ci ildən İRBİS-64 "Kitabxanaların
Avtomatlaşdırılmış Sistemi"nin nümayiş
versiyası əsasında kitabxananın elektron kartotekası
yaradılmışdır.
Kitabxanamızda 30 oxucu yeri olan oxu zalı xidmət
göstərir, həmişə oxucuların üzünə
açıqdır. Təhsil Nazirliyi
əməkdaşlarına, təhsil işçilərinə,
tələbə və şagirdlərə,
mütəxəssislərə, ümumiyyətlə
bütün oxuculara informasiya - biblioqrafiya xidməti
təşkil olunur, məlumatların
çatdırılmasında müxtəlif formalardan
istifadə edirik. Çalışırıq ki, oxucuların
istəklərinə layiqincə əməl edək,
onların tələbatlarını yüksək
səviyyədə ödəyək. Bunun üçün
fəaliyyətimizi müasir tələblər
səviyyəsində qururuq.
Azərbaycan.- 2008.- 22 may.- S. 4.