İsmayılova X.
Şərəfli ömrün
davamçısı
Elm dünyasının
astanasında dayanan hər bir kəsin irəliyə
atdığı addım sözsüz ki, elm məbədi olan
kitabxanalara uzanan
şərəfli yoldan keçir. Azərbaycanda
ziyalı təbəqəsinin yetişməsində, elmin
inkişafında və bir çox digər mühüm
sahələrdə uğurların qazanılmasında Azərbaycan Milli Kitabxanasının
da böyük rolu vardır.
1937-ci ildə
Azərbaycan Dövlət Kitab Palatasında işə
dəvət olunan Əliheydər Qəhrəmanovun biblioqraf
və alim kimi kitabxana işindəki fəaliyyəti
çoxcəhətlidir. Uzun illər Milli Kitabxanada
fəaliyyət göstərən Ə.Qəhrəmanov, bir
tərəfdən biblioqrafiyanın nəzəriyyəsini
və metodikasını inkişaf etdirmiş, digər
tərəfdən isə təcrübi olaraq biblioqrafik
gostəricilər tərtib etmişdir.
Ə.Qəhrəmanovun
Azərbaycanda sahəvi retrospektiv biblioqrafiyanın
inkişafında da böyük xidmətləri vardır.
Keçən əsrin 40-cı illərindən başlayaraq
Ə.Qəhrəmanov bədii ədəbiyyatda
tanınmış ədəbi simaların bədii irsinə
aid 8 retrospektiv və şəxsi biblioqrafik göstərici
tərtib edib. 1947-ci ildə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin
kitabxanaçılıq şöbəsində
Ə.Qəhrəmanov biblioqrafiya kursu üzrə
mühazirələr oxumağa başlayıb. 1948-ci ildən
isə ömrünün axırına kimi universitetin
kitabxanaşünaslıq və biblioqrafiya kafedrasına
rəhbərlik edib.
Azərbaycanda çap
əsərlərinin ümumi biblioqrafiyasını yaratmaq
sahəsində yorulmadan çalışan Ə.Qəhrəmanov
yaradıcılığının çiçəkləndiyi
bir dövrdə - 1959-cu ildə 48 yaşında
qəflətən dünyasını dəyişməsi onun
bir çox arzularını yarımçıq qoydu.
Onun övladları
atalarının görmək istədiyi işləri bu
gün də davam etdirirlər.
Dörd övlad
atası olan Ə.Qəhrəmanov övladlarında da kitaba
böyük məhəbbət aşılayıb. Oğlu
Fikrət və qızı Zemfira xanım kitabxanaçı
peşəsini seçiblər. Kiçik oğlu Hikmət
rəssam, ailənin sonbeşiyi Raifə xanım isə xarici
dil ixtisasına yiyələnib.
Oğlu Fikrət
müəllim atasının hazırladığı
"Kitabxana-biblioqrafıya terminləri
lüğəti"ni onun vəfatından sonra başa
çatdırıb. Zemfira xanım isə 1960-cı ildən
ömrünü M.F.Axundov adına Milli Kitabxanaya
bağlayıb.
ADU-nun
şərqşünaslıq fakültəsinin nəzdində
rus dilində fəaliyyət göstərən
kitabxanaçılıq bölməsində qiyabi təhsil
alan Zemfira xanım əvvəl kitabxananın komplektləşdirmə,
sonra xidmət şöbəsinin dəqiq elmlər zalında
işləyib, 1974-cü ildən isə soraq-məlumat
xidməti şöbəsində bölmə müdiri
vəzifəsində çalışır.
Zemfira xanım
ömür kitabının 70-ci səhifəsini
«vərəqləyir». Özümü xoşbəxt və
şanslı bir biblioqraf sayıram ki, bu «kitabın» yaşanan
səhifələrində Zemfira xanımla birlikdə
olmuşuq. Zemfira xanım 50 ilə yaxın kitabxanaçı
ömründə Milli Kitabxanada oxucuların istənilən
sorğusunu dəqiq və operativ yerinə yetirməklə,
gənc biblioqraflara əsl nümunə göstərir.
Kitabxananın ümumi kortotekasında müxtəlif elm
sahələri üzrə hər bir qutuda Zemfira xanımın
uzun illər boyu işlədiyi mövzular, müvafiq
məlumat mənbələri öz əksini tapıb.
85 yaşlı Milli
Kitabxanamızın əməkdaşı Zemfira xanımı
70 illik yubileyi münasibətilə səmimi qəlbdən
təbrik edir, ona cansağlığı arzulayırıq.
Mədəniyyət.- 2008.- 1 may.- S. 10.