Publisist Rəhilə Gülgünün
“Göylər adamı”
kitabının təqdimatı
olmuşdur
Mayın 30-da publisist Rəhilə Gülgünün görkəmli
yazıçı, alim
və pedaqoq Mir Cəlal Paşayevə həsr olunmuş "Göylər adamı"
(Esse-araşdırma. Yeni yozum)
kitabının və
M.F.Axundov adına Milli Kitabxananın hazırladığı "Mir
Cəlal irsi" elektron biblioqrafik göstəricisinin təqdimat
mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları
əvvəlcə Mir Cəlalın həyat və yaradıcılığına
həsr edilmiş kitab sərgisi ilə tanış olmuşlar.
"Bəli, o, göylər adamı idi. Ucalarda dayanmaq
Mir Cəlalın həyat tərzi, yaşamaq prinsipi idi. Mir Cəlal
Vətənin göy üzünü, Vətənin
yer üzünü, insanları, ədəbiyyatı,
elm və müəllim sənətini
sevirdi. O, malik olduğu mədəni, ədəbi, elmi, pedaqoji dəyərləri
də özü ilə bərabər qalxdığı ucalığa
yüksəldə bilmişdi".
Müəllifin bu sözləri
tələbənin öz
müəllimi haqqında
kitabı hansı ovqatla yazdığını
əyani şəkildə
göstərir.
Çıxış edənlər
vurğulamışlar ki,
kitab Azərbaycanın
XX əsr nəsrinin və ədəbiyyatşünaslıq
elminin dəyərli nümayəndəsi olan Mir Cəlalın yaradıcılığına
tamamilə yeni və maraqlı bir baxışdır. Görkəmli ədibin yaradıcılığından
örnəklərin, doğma
adamların xatirələrinin
və ilk dəfə dərc edilən fotoşəkillərin
yer aldığı bu esse-araşdırma
milli ədəbi-bədii irsin yeni nəsillərə tanıdılmasında gərəkli
təşəbbüs kimi
dəyərləndirilmişdir.
Kitabın redaktoru,
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovun kitaba ön sözdə yazdıqları
da çıxışlarda
deyilən fikirlərlə
səsləşir. N.Cəfərov
yazır ki, imzası indiyə qədər ona tanış olmayan "Rəhilə Gülgünün
"Göylər adamı"
kitabını birnəfəsə
oxudum. Müəllif oxunaqlı bir üslub seçərək
Mir Cəlalın bir yazıçı, alim, pedaqoq və
insan obrazını təqdim edir. Bu ovqatın əsasında ustad, müəllim Mir Cəlalın yaradıcılığına və
şəxsiyyətinə hədsiz
bir ehtiram dayanır. Ədibin parlaq istedadı ilə yaradılmış
bədii və elmi əsərləri milli ədəbiyyatımızın
ümumi kontekstində
nəzərdən keçirildiyinə
görə, kitabda Mir Cəlalın yaşadığı
ictimai və ədəbi mühitin mənzərəsi dolğun
əks olunmuşdur".
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev bildirmişdir ki, nazirlik "Silinməz izlər" seriyasından ədəbiyyat,
mədəniyyət və
incəsənət xadimlərinin
həyat və yaradıcılığından bəhs edən kitabların nəşri ilə əlaqədar yeni layihə həyata keçirir.
"Göylər adamı"
bu layihənin ilk nümunəsidir.
Filologiya
elmləri doktoru, professor Təhsin Mütəllimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, filologiya elmləri doktoru, publisist Qulu Məhərrəmli, filologiya elmləri namizədi Qənirə Əmiraslanova, yazıçı
Əlibala Hacızadə,
əməkdar incəsənət
xadimi Vidadi Babanlı, tənqidçi Bəsti Əlibəyli mərasimdə
çıxış edərək
Mir Cəlalın həyatı, yaradıcılığı,
şəxsiyyəti barədə
fikirlərini bölüşmüş,
onunla bağlı xatirələrini danışmışlar.
Sonra görkəmli ədibin əsərlərinin
və onun haqqındakı yazıların
yer aldığı
"Mir Cəlal irsi" elektron biblioqrafik göstəricisi
təqdim olunmuşdur.
Kitabı müəlliminə dərin hörmət əlaməti kimi qələmə aldığını
bildirən Rəhilə
Gülgün "Silinməz
izlər" layihəsini
həyata keçirən
Mədəniyyət və
Turizm Nazirliyinə, ona yaxından məsləhət vermiş
filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya, əksəriyyəti
ilk dəfə bu əsərdə dərc edilən şəkillərə görə
Mir Cəlalın qızı Ədibə xanım Paşayevaya minnətdarlığını bildirmişdir.
Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev atasının xatirəsinə
göstərilən diqqət
və ehtirama görə dövlət başçısına minnətdarlığını
bildirmiş, tədbirin
təşkilatçıları və iştirakçılarına
təşəkkür etmişdir.
"Mir Cəlal irsi" elektron biblioqrafik göstəricisinin
CD variantı Hafiz Paşayevə təqdim olunmuşdur.
Azərbaycan.- 2008.- 31 may.- S. 5.