Dövlət idarəçiliyində informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans

 

Mayın 14- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş "Dövlət idarəçiliyində informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfrans keçirilmişdir.
DİA-dan AzərTAc-a bildirmişlər ki, konfransda akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini qeyd etmişdir.
S.Qəndilov ümummilli liderin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevin "Elektron hökumət: konseptual əsasları, problemlər həlli yolları", DİA-nın İnformasiya Texnologiyaları Mərkəzinin müdiri, professor Azad Abbaszadənin "Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir" digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

 

Azərbaycan.- 2008.- 15 may.- S. 5.