Ölkəmizdəki kitabxanaların
dünya informasiya məkanına daxil olmasının təminatı,
müvafiq dünya standartlarına uyğun olaraq elektron formaya keçirilməsi, elektron kataloqlarının
yaradılması, təhsil
və tədqiqat üçün əsas amil olan və
cəmiyyətin inkişafına
birbaşa təsir göstərən elektron mənbələrin
sərbəst istifadəsinin
təmini, bu sahədə təlimlərin
davamlı olaraq keçirilməsi və yerli elektron sistemin inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü işlər
aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında” imzaladığı
sərəncamdan irəli
gələn vəzifələri
rəhbər tutan Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) İnformasiya Texnologiyaları
İnstitutu (İTİ) “İRBİS” sisteminin tətbiqi ilə “AR Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi (RİTN) kitabxanasının
avtomatlaşdırılması və İKT üzrə sahə elektron kitabxanasının yaradılması”
istiqamətində işləri
davam etdirir.
Məlumat üçün bildirək ki, Rusiya elmi-kütləvi
kitabxanasının yaratdığı
“İRBİS” (Avtomatlaşdırılmış
kitabxana informasiya sistemi) sistemi İnternet istifadəçilərinin
elektron kataloqlara və digər biblioqrafik verilənlər
bazasına çıxışının
təmini üçün
nəzərdə tutulub.
Ölkəmiz üçün
mühüm əhəmiyyətə
malik olan bu layihənin həyata keçirilməsi İKT üzrə
milli informasiya resurslarının hazırlanması
və İC-nin qurulmasında verilənlər
bankının yaradılması,
ölkənin əsas
texniki kitabxanalarının
birləşmiş (ümumi)
kataloqunun təşkili
əsasında korporativ
kitabxana sisteminin yaradılması, kitabxana axtarışının lokallaşması
üzrə işlərin
sınağı,
beynəlxalq kitabxana standartlarının tətbiqi
ilə kitabxanaların
avtomatlaşdırılması kimi mühüm məsələlərin həllinə
xidmət edir.
AMEA İTİ-də “İRBİS” sisteminin tətbiqi ilə “AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kitabxanasının avtomatlaşdırılması
və İKT üzrə
sahə elektron kitabxanasının yaradılması”
layihəsi çərçivəsində
aparılan təlimlərin
yekunu olaraq imtahan keçirildi. Qeyd edək ki, sözügedən
institutda artıq iki aydır ki, layihə iştirakçısı olan
təşkilatların kitabxanaçıları
üçün “İRBİS64” sisteminin tətbiqi üzrə təlimlər
aparılır.
İmtahanda kitabxanaçılar
İRBİS, İSBN, İSSN sistemi, mövcud avtomatlaşdırılmış
işçi yerləri,
kitabxana işinin təşkili qaydaları, digər avtomatlaşdırılmış kitabxana informasiya sistemləri haqqında sualları cavablandırdılar.
Məlumat üçün bildirək ki, RİTN, AMEA
İTİ, AMEA Kibernetika İnstitutu,
Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Tibb Universiteti və Sumqayıt Dövlət Universitetinin iştirak etdiyi layihəyə digər qurumların da qoşulacağı gözlənilir.
“İRBİS” AKİS şəbəkə
mühitində tipik kitabxana proseslərinin avtomatlaşdırılması nəticəsində
yaradılan “Komplektləşdirmə”,
“Sistemləşdirmə”, “Kataloqlaşdırma”,
“Oxucu”, “Kitab verilişi” və “Administrator” kimi iş yerlərinin qarşılıqlı əlaqəsi
əsasında reallaşdırılır.
Qeyd edək ki, imtahanın nəticələrinə görə,
kitabxanaçılara sertifikat
veriləcək.
Rabitə dünyası.- 2008.- 15 mzy.- S. 7.