Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunda yenidən qurulmuş bağla tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın
27-də Bakının Mehdi Hüseyn və Lermontov
küçələri arasındakı ərazidə -
Nazirlər Kabineti qarşısında yerləşən
və əsaslı şəkildə yenidən qurulmuş bağla
tanış olmuşdur.
Bir müddət
əvvəl Prezident İlham Əliyevin birbaşa
tapşırığı ilə bağın əsaslı
şəkildə yenidən qurulmasına başlanılmış
bu işlərə yüksək səviyyəli
mütəxəssislər cəlb edilmişdi. Qısa vaxt ərzində müasir tələblər səviyyəsində
tamamilə yenidən qurulmuş bağ indi özünün təzə görkəmi ilə göz oxşayır və paytaxt sakinlərinin sevimli istirahət yerinə çevrilmişdir.
Bağla tanış
olan dövlətimizin başçısına
görülmüş işlər barədə ətraflı
məlumat verildi. Burada yaradılmış şəlalələr
kompleksi bir ansambl təşkil edərək bağa xüsusi yaraşıq verir. Böyük bir ərazidə yeni yaşıllıqlar zolağı salınmış,
müxtəlif bəzək
kolları və güllər əkilmişdir.
Bağda istiyə və rütubətə davamlı xüsusi materiallardan hazırlanmış
oturacaqlar qoyulmuş, müasir işıqlandırma
sistemi quraşdırılmışdır.
Bir sözlə, burada dincəlmək üçün çox yaxşı şərait yaradılmışdır.
Prezident İlham
Əliyev bağda yenidənqurma işlərini aparan
mütəxəssislərlə söhbət etdi, xüsusi
istirahət guşəsi ilə də tanış oldu, isti yay
günlərində bağa sərinlik gətirən hovuz
və fəvvarələrə baxdı. Bağda görülmüş
yenidənqurma işləri
razılıq doğurdu.
* * *
Prezident İlham
Əliyev yenidən qurulmuş bağın gecə
mənzərəsini seyr etmək üçün həmin
gün ailə üzvləri ilə birlikdə buraya ilk
gəzintiyə çıxmışdır.
Bağın gecə
görüntüsü paytaxtın bu guşəsinə
xüsusi yaraşıq verir. Müasir
işıqlandırma sistemi
bağın özəlliklərinin
daha qabarıq görünməsinə imkan
yaradır. Bakı gecələrinin maraqlı
elementlərindən birinə
çevrilən bu bağ paytaxtın memarlıq ansamblında özünəməxsus yerini
tutmuşdur.
Prezident İlham
Əliyev və ailə üzvləri nura boyanmış
bağın əsrarəngiz mənzərəsini maraqla seyr
etdilər.
Xalq qəzeti.- 2008.- 28 may.- S. 3.