Park kompleksi Zirəyə xüsusi yaraşıq verir
Mayın 9-da
Zirə qəsəbəsində park kompleksi istifadəyə
verilmişdir.
Mərasimə
toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və
xanımı Mehriban Əliyevanı hərarətlə
salamladılar.
Heydər
Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən
qurulmuş kompleksdə mədəniyyət və
şadlıq evləri, idman və uşaq meydançası
tikilmiş, sakinlərin istirahəti üçün hər
cür şərait yaradılmış, ərazi
yaşıllaşdırılmış, dekorativ ağaclar
və gül kolları əkilmişdir.
Kompleksin
mərkəzində ulu öndər Heydər Əliyevin
büstü qoyulmuşdur.
Prezident
İlham Əliyev büstün üzərindəki ağ
örtüyü götürdü.
Dövlətimizin başçısı və xanımı büstün önünə
gül dəstələri
düzdülər.
Sonra onlar qəsəbə sakinləri
ilə səmimi söhbət etdilər.
Hacı
Əlisahib (qəsəbə sakini): - Möhtərəm
Prezident, qəsəbəmizə gəldiyinizə görə,
hamının adından, öz adımızdan Sizə
dərin təşəkkürümüzü bildiririk. Sizin bura gəlməyiniz
bizim üçün
çox şərəfdir.
Buraya gəlməyinizlə
bizi həm həddən artıq sevindirir, həm də boynumuza böyük haqq, məsuliyyət qoyursunuz. Mənim 70 yaşım var, ikinci dəfədir,
Prezidenti görürəm.
Bu, bizim sadə Zirə camatına yox, bütün sadə Azərbaycan xalqına verilən ən böyük qiymətdir. Ona görə bilmirik Sizə necə minnətdarlıq edək.
İcazə verin, qəsəbəmiz
haqqında Sizə bir az məlumat
verim. Camaatın əksəriyyəti neft sahəsində işləyir.
Bir hissəsi də vaxtilə sovxozda işləyirdi. Möhtərəm Prezident,
keçid dövrü
ilə əlaqədar
bizdə
də müəyyən
çətinliklər yarandı.
Elektrik enerjisinin çatışmaması, iş
yerlərinin azalması,
bir də rayon mərkəzindən,
şəhərdən uzaq
olmağımız, imkanlı
adamların çıxıb
getməsi elə bil əhalidə düşkünlük yaratmışdı.
Mərhum Prezidentimiz, ulu öndərimiz respublikanın o çətin vaxtında xalqa pənah
əlini uzatdı, onun dadına çatdı. Sonra da Mehriban xanım
bizim dadımıza çatdı. Biz başa düşürük,
Bakının istənilən
rayonundan namizədliyini
versəydi, ona 100 faiz səs verərdilər.
Amma bizi qəbul etdi. Həm rayonumuz uzaqdır, həm də ən inkişafdan qalan Türkan, Zirə kimi qəsəbələri
vardı. Bu, bizə qarşı çox böyük hörmətdir. İndi baxın nəticəsi budur, möhtərəm Prezident. Görürsünüz,
qəsəbə nə
qədər təmir olunur. Hələ bu, görünən tərəflərdir, möhtərəm
Prezident. Görünməyən
tərəfləri də
deyim Sizə. Qəsəbəmizin asfaltlanmayan
tək-tək küçələri qalıbdır.
Əsas küçələr
işıqlandırılıbdır. Bunlar hamısı Mehriban xanımın zəhmətidir. Əlbəttə,
Sizin rəhbərliyiniz
altında. Bilmirik Mehriban xanıma, Sizə necə minnətdarlıq edək,
çox sağ olun. Amma əsas
sağolumuzu, qismət
olsa, seçkidə deyəcəyik. Mən inanıram ki, səsvermədə təkcə
qəsəbəmiz yox,
bütün rayonumuz lider olacaqdır. Bir daha Sizə
minnətdarlığımızı bildiririk, möhtərəm
Prezident.
İlham Əliyev: Təşəkkür edirəm.
Mən də çox şadam ki, Zirə qəsəbəsi
öz simasını çox böyük dərəcədə dəyişibdir.
Burada siz bizim xidmətlərimizdən
danışdınız. Bu,
bizim borcumuzdur. Mənim Prezident kimi, Mehribanın isə sizin deputatınız kimi. Borcumuzdur ki, öz seçicilərimizə
həmişə diqqətli
olaq, Azərbaycanda gedən və rayonda gedən işlərə daha da böyük təkan verək. Təşəbbüs göstərək
ki, insanların həyat səviyyəsi yaxşılaşsın, sosial
sahədə işlər
yaxşı getsin, bütövlükdə quruculuq-abadlıq işləri aparılsın. Zirənin
timsalında biz bütün bunları görürük. Görürük
ki, sosial məsələlər həll
olunur. Mən indicə gözəl xəstəxananın açılışında
iştirak etdim. Hansı ki, siz bilirsiniz, uzun illər, onilliklər yarımçıq
qalmış bina idi və ümumiyyətlə,
onun gələcəyi
qeyri-müəyyən
idi. Amma indi ən müasir
səviyyədə təmir
edilib, demək olar ki, yenidən
tikilib və orada ən müasir
tibb avadanlığı
var. Doğum şöbəsi də var və bu
da hər bir yer üçün,
xüsusilə, şəhərdən
bir az aralıda
yerləşən qəsəbələr,
kəndlər üçün
çox vacibdir. Burada stadion, mədəniyyət evi də var.
Bu gün
mən həm Bakıda, həm də burada veteranlarla
görüşdüm. Burada xatirə
kompleksinin açılışını
etdik. Yəni bütün bunlar yenilik, quruculuq, inkişaf deməkdir. Azərbaycanın artan imkanları bizə əlavə şərait yaradır ki, biz bunu daha
da tez bir
zamanda edək. Əlbəttə, maddi imkanlar vacib rol oynayır. Amma əgər insanların ürəyi yanmasa, əgər təşəbbüs göstərilməsə,
maddi imkan nə qədər olsa da, nəticəsi
olmayacaq. Zirədə,
ətraf qəsəbələrdə
gedən böyük işləri mən yüksək qiymətləndirirəm.
Bu, belə də olmalıdır. Bütün xalq tərəfindən seçilmiş
nümayəndələr xalqa
xidmət etməlidir.
İstər Prezident olsun, istərsə də parlament üzvü, bələdiyyə
sədri. Bütün
xalq tərəfindən
seçilmiş insanlar
və Prezident tərəfindən təyin
olunmuş insanlar böyük məsuliyyətlə
və xalq üçün işləməlidirlər.
Mənim baxışlarım
bunlardır, mənim siyasi əqidəm budur. Mən bu vəzifəyə xalqa xidmət etmək üçün gəlmişəm və hər dəfə yenilik, müasirlik görəndə ürəyim
sevinir. Azərbaycanın
bütün yerləri
bax, belə olmalıdır. Nəzərə
alsaq ki, üç il bundan əvvəl burada vəziyyət tam başqa idi, - siz bunu
məndən yaxşı
bilirsiniz, - bu müddət ərzində
görülən işləri
mən çox yüksək qiymətləndirirəm.
Bunda Zirə sakinlərinin böyük
əməyi olubdur, bütün bu təşəbbüslərdə onlar fəal iştirak etmişlər. Onlar tərəfindən qaldırılan məsələlər
öz həllini tapmışdır. Çünki
siz hamıdan yaxşı bilirsiniz ki, problemləriniz nədir. Həm yerli sakinlərin, həm mərkəzi orqanların, sizin tərəfinizdən seçilmiş
insanların birgə fəaliyyəti bütün
bu gözəlliyi yaratmışdır. Mən
çox sevinirəm ki, Zirənin yeni görkəmi dünyanın ən qabaqcıl şəhərlərinin
səviyyəsindədir. Siz
də buna layiqsiniz və gələcəkdə daha
da böyük işlər görüləcəkdir.
* * *
Sonra
dövlətimizin başçısı və xanımı
mədəniyyət evi ilə tanış oldular. Burada 120 yerlik salon,
kitabxana, dərnək
otaqları, kompyuter otağı var.
Mədəniyyət
evində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
fəaliyyətinə həsr olunmuş guşə də var.
Prezident
İlham Əliyev və Mehriban xanım mədəniyyət
evinin eyvanından parkın ərazisini seyr etdilər, sonra
uşaq meydançasında qəsəbənin balaca
sakinləri ilə səmimi söhbət etdilər,
şəkil çəkdirdilər.
Dövlətimizin başçısı və xanımı daha sonra kompleksin
ərazisindəki 400 nəfərlik
şadlıq sarayı
ilə də tanış oldular.
Abadlıq və quruculuq işlərinin aparıldığı qəsəbədə
zövqlə tikilmiş
binalarda bütün lazımi xidmətlər və idarələr fəaliyyət göstərir
ki, bu da
sakinlər üçün
böyük rahatlıq
yaradır.
* * *
Mayın 9-da
Heydər Əliyev Fondunun dəstəyi ilə Qala
qəsəbəsində milli memarlıq üslubunda tikilmiş
alaqapının açılışı olmuşdur.
Xalq qəzeti.- 2008.- 10 may.- S. 5.