Dünən Tarix Muzeyinin açılışı
oldu
Burada Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi yaradılıb
Üç ildir ki,
təmir olunan Tarix Muzeyinin dünən
açılışı olub. Tədbirdə
çıxış edən muzeyin direktoru Nailə
Xanvəliyeva binanın təmirdən əvvəl guya qəza
vəziyyətində olduğunu bildirib. Müasir avadanlıqlarla
təchiz edilən muzey qapısını qonaqların
üzünə açıb. Qeyd edək ki, təmirdən
sonra muzeyin içərisində xeyli dəyişikliklər
edilib. Belə ki, hər bir tarixi eksponatların yanındakı
paneldə üç dildə həmin dövrə aid tarixi
məlumatlar yerləşdirilib.
Direktor təmirdən
sonra muzeyə yeni tarixi materiaiların verildiyini bildirib. Zallarda
qoyulan monitorlarda hər dövrün özünə uyğun
olaraq qısa filmlər nümayiş etdirilir.
Eyni zamanda muzeydə yeni
eksponatların sayı artırılıb. Belə ki, Nazirlər
Kabinetinin və ölkə prezidentinin ehtiyat fondunun ayırdığı
vəsait hesabına yeni əşyalar alınıb.
Çoxlarına
məlumdur ki, vaxtilə muzeyin direktoru erməni olub. 1929-cu
ildə erməni mənşəli Manukyan Azərbaycan Tarix
Muzeyinə rəhbərlik edib. Onun rəhbərliyi zamanı
cümhuriyyət dövrünə aid bir çox qiymətli
materiallar və əşyalar Moskvada yeni yaradılan İnqilab
Muzeyinə göndərilib. Tarix Muzeyinin indiki direktoru
N.Vəlixanovanın sözlərinə görə eksponatların
geri qaytarılması ilə bağlı dəfələrlə
Moskvaya müraciət edilsə də, onlara
əşyaların muzeydə olmadığı bildirilib.
Yeri gəlmişkən
qeyd edək ki, muzeydəki dəyərli eksponatları daha da
zənginləşdirən Məmmədəmin
Rəsulzadənin öz əli ilə hazırladığı
bayraq da var. Bayrağı "Müsavat" partiyası
muzeyə hədiyyə edib,
ölkə başçısının
tapşırığı ilə binada yaradılan və 8
otaqdan ibarət olan Hacı Zeynalabdin Tağıyevin xatirə
muzeyi isə ikinci mərtəbədə yerləşdirilib. Otaqlarda
unudulmaz xeyriyyəçimizə məxsus orijinal
əşyalar var. Bəzi əşyalar isə fotolara
əsasən bərpa edilib.
Qeyd edək ki,
Azərbaycan Tarix Muzeyinin yerləşdiyi binanı vaxtilə
rəhmətlik Hacı Zeynalabdin Tağıyev inşa etdirib.
Gündəlik Bakı.- 2008.- 8 may.- S. 14.