Sabutay

 

Bir eksponatın izi ilə

 

Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyində bir texniki qurğu nümayiş etdirilir. Bu qurğunun adı THA-1500 antenasıdır. Vaxtı ilə THA-1500 Moskva ətrafında yerləşən Kosmik Rabitə Mərkəzində quraşdınlıb. Qurğunun köməyi ilə ABŞ-dan hələ xeyli əvvəl Venera planetinin səthinin rəngli təsvirdə fotoşəkilləri çəkilib. Bu kosmik antenanın ixtiraçısı isə əslən azərbaycanlı Cavanşir Atayev olub.

C.Atayev 1931-ci il avqustun 27-də Zaqatala şəhərində dünyaya göz açıb. Burada orta məktəbi bitirib. 1950-ci ildə Moskva Energetika institutunun radio-mühəndis fakültəsinə qəbul olunub. Artıq təhsilinin son illərində ümidverici tələbə kimi həmin institutun kosmik sahələr üzrə ixtisaslaşmış elmi tədqiqatlar şöbəsinə işə dəvət edilib. Sonra isə 20 ildən artıq ölçü vasitələrinin informasiyasının emalının avtomatlaşdırılması üzrə laboratoriyaya başçılıq edir. Bu dövr ərzində informasiya təbabəti üzrə 29 diaqnostik aparat hazırlamış alim informasiya elmləri üzrə Beynəlxalq Akademiyanın həqiqi üzvü seçilir. C.Atayev 40 ildən artıq kosmik radioelektronika sahəsində çalışıb. Onun təyinatlı ölçü aparatlarının və kosmik radioelektronika mexanizmlərinin yaradılmasında müstəsna xidmətləri olub. Alimin ixtiraları SSRİ-nin kosmik gəmilərində müvəffəqiyyətiə sınaqdan keçirilib.Görkəmli ixtiraçının kosmik elmlərə dair kəşf və tədqiqatları hələ də gizli saxlanılır. C.Atayev 27 elmi-publisistik əsərin, 7 kitabın, 19 müəlliflik şəhadətnaməsinin, 11 patentin müəllifi olmaqla bərabər, tibbi avadanlıq sahəsində də gərəkli ixtiraların sahibidir. O, 1980-ci illərin sonunda dünyada ilk dəfə olaraq elektromasajı refleksoterepiya və rəng terapiyası ilə birləşdirməyə nail olub. Bu yeniliklər "Da-ta-si" kimi gərəkli tibb aparatının kəşfi ilə nəticələnir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda bu aparatın kütləvi istehsalı davam edir. Bundan başqa insan yorğunluğunu qısa müddətdə aradan qaldıran eynəklərin, videoməşq və işıq müalicəsi yaradan "rəngritm" oftalmoloji eynəklərin də ixtirası C.Atayevə aiddir. Tibb sahəsi üzrə əvəzolunmaz ixtiralarla bərabər, onun audio aparaturalar üzrə kəşfləri də mövcuddur. Bu aparaturalar son dərəcə keyfiyyətli olması ilə fərqlənir. Avtomobilin akustik sisteminin mükəmməlləşdirilməsi üzrə tədqiqatlarına görə xüsusi mükafata layiq görülən C.Atayev 2003-cü ilin 5 oktyabrında Moskva şəhərində vəfat edib.

 

Mədəniyyət.- 2008.- 17 may.- S. 10.