Vəfalı T.

 

Ağdamda muzeylər sıradan çıxıb

 

Əldə etdiyimiz məlumata görə, Ağdam rayonunun Qaradağlı kəndində müvəqqəti olaraq yerləşdirilmiş Tarix-Diyarşünaslıq Muzeyinin binası uzun illərdir təmir edilmədiyindən tamamilə qəzalı vəziyyətə düşüb. Həmin obyektin dam örtüyü sıradan çıxdığından yağış suları binanın divarlarını da yararsız hala salıb. İşğal olunmamışdan öncə Ağdam rayonunun mərkəzində fəaliyyət göstərmiş adıçəkilən muzeydə təxminən 5 mindən artıq eksponatın olduğu, lakin zəbt olunduqdan sonra yalnız 780-dən çox eksponatın indiki obyektdə saxlanıldığı da vurğulanır. Bundan başqa, hazırkı binadakı acınacaqlı durumun günbəgün ağırlaşması üzündən obyektdə saxlanılan eksponatların sıradan çıxa biləcəyi ehtimalının yüksək olması da məlumatda öz əksini tapıb. Analoji durumun rayonun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyində yaşandığı da bildirilir. Qeyd olunur ki, atəşkəsin pozulması nəticəsində erməni hərbçilərin atdığı top mərmisi sözügedən obyektin binasının bir hissəsini dağıtdığından muzey uçulub-dağılmaqdadır. Orada 200-ə qədər eksponatın saxlanıldığı, haqqında söhbət gedən qəzalı durum yaranandan sonra itməməsi üçün bəzi eksponatların paytaxtdakı muzeylərə göndərildiyi söylənilir.
   Bundan başqa, Ağdam rayon Mədəniyyət Turizm Şöbəsinin rəhbərliyinin haqqında bəhs etdiyimiz eksponatların qorunub-saxlanılması üçün sözügedən muzeylərin əsaslı təmirinə, yaxud yeni obyektlərin tikintisinə ehtiyacın olması barədə Mədəniyyət Turizm Nazirliyinə (MTN) ünvanladığı müraciətə qarşı tərəfin müsbət cavab vermədiyi yayılan məlumatlar sırasındadır.
   Deyilənlərin dərəcədə doğru olduğunu öyrənmək üçün MTN-in mətbuat xidmətinin əməkdaşı İntiqam Hümmətovla əlaqə saxladıq. Əvvəlcə qeyd etdiyimiz məsələdən xəbərsiz olduğunu vurğulayan İ.Hümmətov əlində vacib işi olduğunu deyərək 20 dəqiqədən sonra əlaqə saxlamağımızı məsləhət gördü. Təəssüf ki, gün ərzində bir neçə dəfə əlaqə yaratmağımıza baxmayaraq, İ.Hümmətov açıqlamaq istəmədiyi vacib işini bitirmədiyini suallarımızı cavablandıra bilməyəcəyini vurğuladı.

 

525-ci qəzet.- 2008.- 16 may.- S. 7.