Abdullayeva Z.
N.Nərimanovun
ev muzeyində
Beynəlxalq Muzeylər
günü münasibətilə xalqımızın görkəmli
oğlu N.Nərimanovun xatirə muzeyində keçirilən
ənənəvi tədbirə nərimanşünas alimlər,
nərimansevərlər, ictimaiyyətin
nümayəndələri, gənclər
toplaşmışdı. Muzeyin elmi işçisi Rəna
Qəhrəmanova tədbiri açaraq onun əvvəlki
görüşlərdən daha bir fərqli cəhətini
qeyd etdi: "Muzeylər tariximizi yaşadır. Artıq
neçə illərdir ki, N.Nərimanovun xatirə muzeyi tariximizin
müəyyən məqamında xalqının
gələcəyi naminə çalışan, onu
ürəkdən sevən bu dövlət xadiminin həyat
və fəaliyyətini, onun tarixi xidmətlərini təbliğ
etməklə təkcə onu sevməyi təlqin etmir, həm
də hər birimizə Vətəni, xalqı onun
qədər sevməyini öyrədir. Bu illərdə
N.Nərimanovun tədqiqatçıları onunla bağlı
saysız-hesabsız elmi məqalələr, monoqrafiyalar
yazmış, kitablar nəşr etdirmişlər.
Akademik Hüseyn Əhmədov da belə tədqiqatçılardan biridir. Muzeylər günü ərəfəsində Nərimanov işığına yığışmağımız və tədqiqatçı ilə görüşməyimiz bu baxımdan heç də təsadüfi deyildir".
Sonra söz
nərimanşünas alim H.Əhmədova verildi. O, N.Nərimanov irsi, onun maarifçilik
fəaliyyətinin öyrənilməsi, tədqiq edilməsi,
ictimaiyyətə çatdırılması istiqamətində
gördüyü işlər, qadağa və qovğalar,
dövründə, Nərimanovun adının belə
çəkilməyi yasaq edildiyi dönəmlərdə
üzləşdiyi çətinliklərdən danışdı:
"Mənim nə namizədlik, nə də doktorluq işimin
mövzusu Nərimanovla bağlı olmamışdır,
demək olar ki, bu, mənim bir vətəndaşlıq borcum
idi. Vaxtilə Nərimanovun yaşadığı,
sürgün həyatı keçirdiyi yerlərdə olmaq,
arxivləri araşdırmaq onun xalqı qarşısında
xidmətlərini üzə çıxarmaq, daim xalqı
barədə düşünən və o dövrün
tələblərinə uyğun hərəkət edən
dövlət xadiminin böyüklüyünü
açıb göstərmək şərəfli bir iş
idi. Bu yolda mən öz bacarıq və
qüvvəmi əsirgəmədim. 1979-cu
ildə işıq üzü görmüş "N.Nərimanovun
pedaqoji fikirləri, maarifçilik fəaliyyəti"
kitabında onun bu istiqamətdəki fəaliyyətini
işıqlandırmağa çalışmışam.
Ömrümün, elmi fəaliyyətimin 50
ildən artıq bir hissəsini xalqımızın bu
vətənpərvər oğluna həsr etdiyim
üçün özümü xoşbəxt
sayıram".
Azərbaycan Beynəlxalq Universitetinin
əməkdaşları Ə.Əhməd, İ.İsayev
N.Nərimanovun Azərbaycan tarixində yeri və rolu, bu
böyük insanın tədqiqatçısı
H.Əhmədovun elmi fəaliyyəti ilə bağlı
geniş çıxış etdilər: daim öz
üzərində işləyən, ətrafındakı
insanlara tələbkarlıqla yanaşan akademik H.Əhmədova
minnətdarlıqlarını bildirdilər.
N.Nərimanovun
tədqiqatçılarından biri Firdovsiyyə
Əhmədova Nərimanova yüksək dəyər verib, onu
cəmiyyətə yetərincə çatdıran
H.Əhmədovun bu yöndəki fəaliyyətini
müsbət qiymətləndirib, onun məktəbindən
faydalanmağın zəruriliyini qeyd etdi. AMEA-nın
Fəlsəfə və Siyasi, Hüquqi Tədqiqatlar
İnstitutunun aparıcı elmi işçisi, elmlər
doktoru Arzu Hacıyeva müəllifi olduğu, 1998-ci ildə
nəşr edilmiş "Nərimanovun din haqqında
fəlsəfi düşüncələri" kitabı
ilə bağlı fikirlərini söylədi.
Respublikanın əməkdar
artisti Azad Şükürov,
1996-cı ildə tamaşaya qoyulmuş "Nadir şah"
pyesində oynadığı Nadir şahın monoloqunu ifa
etdi.
Bülbül adına Orta ixtisas və
A.Zeynallı adına musiqi məktəblərinin
şagirdlərinin ifasında səslənən şeir və
mahnılar tədbiri daha da rövnəqləndirdi.
Sonda N.Nərimanov xatirə
muzeyinin direktoru Kamilə Hüseynova tədbir
iştirakçılarına dərin
minnətdarlığını bildirdi.
Respublika.- 2008.- 18 may.- S. 5.