Azərbaycanda muzey sektorunun durumu
18 May - Beynəlxalq
Muzeylər Günü münasibətilə APA
əməkdaşının araşdırması
Beynəlxalq Muzeylər
Şurasının (İCOM) təşəbbüsü
ilə 1977-ci ildən etibarən 18 may tarixi Beynəlxalq
Muzeylər Günü kimi qeyd edilir. APA bu tarixi günlə
bağlı xüsusi araşdırma aparıb.
Bu günün qeyd olunmasında əsas məqsəd dünya
ictimaiyyətinin diqqətini bir daha nadir eksponat və tarixi
abidələrə, onların mühafizəsinə cəlb
etməkdir. Hətta dünyanın əksər
ölkələrində bu günün daha
təmtəraqlı qeyd edilməsi üçün Muzey
Dostlarının Dünya Federasiyası muzey işinə
könüllüləri cəlb etmək üçün
xüsusi proqram tərtib edir. Beynəlxalq Muzeylər
Günü Azərbaycanda da 1977-ci ildən qeyd olunmağa
başlanılıb.
Əslində
qiymətli əşyaların, maddi-mənəvi
sərvətlərin etibarlı mühafizə yeri kimi
dəyərləndirilən muzeylər hər xalqın
tarixinin müəyyən məqamlarını
özündə yaşadan, maddi-mədəniyyət
nümunələrinin tarixini öyrənən və
onları nümayiş etdirən elm-mədəniyyət
müəssisələridir. Muzeylərin sələfləri
eramızdan əvvəlki əsrlərə gedib
çıxır. XIII-XII əsrlərdə
sənədlər, şəhadətnamələr saraylarda
kompleks şəkildə saxlanılırdısa, sonralar
şəxsi kolleksiyalar yaranmağa başladı. Bu gün
dünyada qədim eksponatların və şəxsi
kolleksiyaların, o cümlədən nadir əşyaların
mühafizə edildiyi bir çox məşhur muzeylər var.
Vaşinqtonun Milli İncəsənət Qalereyası,
Nyu-Yorkda Metropoliten Muzeyi, Venesiya Akademiya Qalereyası, Drezden
Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası,
Sankt-Peterburqdakı Ermitaj Muzeyi bu qəbil muzeylərdəndir.
Azərbaycanda ilk muzey
Bakıda 1920-ci ildə yaradılıb. İlk memorial muzey
isə 1938-ci ildə Şəkidə fəaliyyətə
başlayıb. Bu muzeylərin yaranmasına qədər
Azərbaycanda mövcud olan qiymətli eksponatlar hazırda
dünyanın bir çox muzey və sərgi
salonlarını bəzəyir. Dünyanın ilk ən
böyük və qədim xalçası olan, XVI
əsrdə toxunmuş “Şeyx Səfi” xalçası
Londonun Viktoriya və Albert muzeyində saxlanılır. Bu
xalının uzunluğu 10,51 metr, eni 5.34 metr, ümumi
sahəsi 56,2 kvadratmetrdir.
Mədəniyyət
və Turizm Nazirliyinin mədəniyyət siyasəti
şöbəsinin muzey işi sektorunun müdiri Azadə
Hüseynovanın APA-ya verdiyi məlumata görə,
hazırda nazirliyin nəzdində 193 muzey fəaliyyət
göstərir. Onlardan 78-i tarix və
tarix-diyarşünaslıq muzeyi, 89-u elm, siyasət,
mədəniyyət və incəsənət xadimlərinin ev
muzeyi, 21-i incəsənət və ədəbiyyat muzeyi, 5-i
hərbi-vətənpərvərlik və döyüş
şöhrəti muzeyləridir. Azərbaycanda olan ev
muzeylərinin 46-sı isə Heydər Əliyev Muzeyidir.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan
193 muzeyin 20-si Bakı şəhərində, qalanları
isə rayonlarda və Naxçıvan Muxtar Respublikasında
yerləşir. Üç ev muzeyi isə Tiflisdə
yerləşir. Gürcüstanda Cəlil
Məmmədquluzadə, Mirzə Fətəli Axundov və
Nəriman Nərimanovun ev muzeyləri fəaliyyət
göstərir. Azərbaycanın işğal altında olan
torpaqlarında olan 22 muzey (ümumilikdə 100 min eksponat)
hazırda fəaliyyət göstərmir.
Muzeylərə giriş
pulludur. Azadə Hüseynovanın sözlərinə
görə, yerli vətəndaşlar 1 manat, xarici turistlər
isə 2 manat ödəyərək muzeylərimizdəki eksponatlarla
tanış ola bilərlər. Azərbaycanın muzey sektorunda
ümumilikdə 3000 nəfərə yaxın işçi
çalışır. Dünyanın heç bir yerində
xüsusi Azərbaycan muzeyi olmasa da, bir çox
muzeylərdə - Pakistan Etnoqrafiya Muzeyində, Şərqi
Qazaxıstan Vilayəti Arxitektura - Etnoqrafiya və
Təbiət-Landşaft Qoruq-Muzeyində,
Özbəkistanın Nizami Gəncəvi adına
Daşkənd Pedaqoji universitetinin Nizami Gəncəvi
Muzeyində və digərlərində Azərbaycana aid
guşələr yaradılıb.
zərbaycanda muzey
işinə dair bir neçə normativ sənədlər
işlənib ki, bunlardan ən başlıcası
muzeylərimizdə saxlanılan sərvətlərin
qeydiyyatı və mühafizəsinə dair təlimatdır.
Bu təlimata əsasən, eksponatlar müəyyən aktlar
üzrə muzeyə qəbul olunur,
sənədləşdirilir. Sonra isə tarixi, bədii və
elmi əhəmiyyətindən asılı olaraq, ya əsas
fonda, ya da köməkçi fonda daxil edilir. Bu
muzeylərdə külli miqdarda bədii, tarixi və elmi
nöqteyi-nəzərdən maraqlı eksponatlar qorunub
saxlanılır. Və sözsüz ki, onların qorunması
üçün ilk növbədə yetərli şərait
yaradılmalıdır.
Bu baxımdan muzeylərin
yerləşdiyi binaların mühafizəsi ən qabarıq
məsələdir. Ona görə də, nazirlik
muzeylərdə həm mühafizə üçün,
həm də yanğına qarşı siqnalizasiya
sistemlərinin qurulmasını təmin edib. Muzeylərə
tamaşaçı marağına gəlincə, Bakıda bu
il təqribən 100 minə yaxın şəxs
muzeylərimizdəki eksponatlara tamaşa edib.
Azərbaycan Dövlət İncəsənət Muzeyinin
direktoru İsrafil İsrafilovun APA-ya verdiyi məlumata
görə, İncəsənət Muzeyi 1936-cı ildə
fəaliyyətə başlasa da, indiyə qədər
əsaslı təmir olunmayıb: “İlk əsaslı
təmir ötən ilin sonundan başlayıb və bu ilin
noyabrına kimi binanın bir hissəsində təmir
işlərinin yekunlaşdırılması
nəzərdə tutulur. Əsaslı təmirdən sonra
muzeydə bir sıra yeniliklər olacaq. Bu zamana kimi
İncəsənət Muzeyinin bir binasından o biri binasına
keçmək üçün içəridən xüsusi
yol açılacaq”. Ziyarətçilərə
gəldikdə isə İsrafil İsrafilov ötən
illərə nisbətən son bir ildə
ziyarətçilərin sayının xeyli
artdığını vurğulayır: “1936-cı ildən bu
yana bizim muzeyə 5 milyona yaxın ziyarətçi gəlib.
Hazırda da 5 milyonuncu ziyarətçimizi gözləyirik.
Həmin ziyarətçi üçün xüsusi
sürprizimiz də olacaq. İl ərzində 22 minə
yaxın ziyarətçimiz olur ki, bunun da yarısı
əcnəbilər və turistlərdir. Müharibə
veteranları, əlillər, müharibə
iştirakçıları, şəhid ailələri, ibtidai
sinif şagirdləri üçün giriş
ödənişsiz olsa da, qalan tamaşaçılar
üçün giriş haqqı 2 manat 40 qəpikdir. Muzeyin
89 işçisi var. İşçilərin əmək
haqları 60-200 manat arasındadır”. İsrafil İsrafilov
muzey işçilərinin əmək haqlarının
aşağı olduğunu bildirib: “Hər halda, əcnəbi
tamaşaçılara bələdçilik etmək
üçün xarici dilləri bilən
mütəxəssislər bu əmək haqqı ilə burada
işləməyə razı olmurlar. O səbəbdən
də bu problemin həlli vacibdir. Ancaq bu problem 2008-2012-ci
illəri əhatə edən “Muzey İşinin
İnkişafına dair” Dövlət Proqramında öz
əksini tapıb”. Gələcək muzey işçiləri
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində muzeyşünaslıq,
Azərbaycan Rəssamlıq Akademiyasında isə
sənətşünaslıq fakültələrində
yetişdirilir.
Hazırda Azərbaycan
Dövlət İncəsənət Muzeyinin bir
hissəsində, Muzey Mərkəzində əsaslı
təmir işləri aparılır. Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənətinin
Dövlət Muzeyinin yeni binasının təməl
qoyması keçirilib və binanın tikintisinə
başlanılacaq. Cəlil Məmmədquluzadənin,
Məmməd Səid Ordubadi, Rostropoviç ailəsinin,
Üzeyir Hacıbəyovun ev muzeyində əsaslı təmir
işləri aparılıb. Səməd Vurğunun,
Cəfər Cabbarlının, Abdulla Şaiqin ev muzeyinin
təmir olunması nəzərdə tutulur. Səttar
Bəhlulzadənin ev muzeyi ilə bağlı
məhkəmə prosesi başa çatdıqdan sonra bu muzeyin
də əsaslı təmiri planlaşdırılır.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində
olan hazırda üç muzey - Nizami Gəncəvi adına
Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Azərbaycan Tarixi
Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi fəaliyyət göstərir.
Milli Azərbaycan Tarixi Muzeyi əsaslı təmirdən sonra
yenicə istifadəyə verilib, Nizami Gəncəvi adına
Azərbaycan Ədəbiyyatı Muzeyində təmir
işləri hələ də davam edir. Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin nəzdində Hərbi
Tarixi Muzeyi də fəaliyyət göstərir. Eyni zamanda
Azərbaycan Dövlət Kənd Təsərrüfatı
Muzeyi, Azərbaycan Təbabəti Muzeyi, Zərdabi adına
Təbiət Tarixi Muzeyi, Azərbaycan Respublikası Xalq
Təhsili Muzeyi və Azərbaycan Geologiya Muzeyi bu gün
tamaşaçılarını qəbul edir. Dünyada
yeganə olan Ağdam Çörək Muzeyi bu gün
ermənilər tərəfindən tamamilə
dağılıb və onun nadir eksponatlarının
hamısı məhv edilib.
Azərbaycanda qoruq
muzeylər də fəaliyyət göstərir. Belə
muzeylərə açıq havada olan xüsusi memarlıq
üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar,
məqbərələr, məbədlər daxildir. Bu
muzeylərin sırasında Azərbaycanda Şəki Xan
Sarayı, Qobustan qayalıqları, Şirvanşahlar Kompleksi,
Möminə Xatun məqbərəsi və başqa
abidələri misal çəkmək olar.
Qeyd edək ki,
Beynəlxalq Muzeylər Günü mayın 17-si və 18-i
Azərbaycanın bir çox muzeylərində konfranslar
və tədbirlərlə qeyd olunur.
İki sahil.- 2008.- 17 may.- S. 6.