Xəlilzadə F.
Maddi-mənəvi
sərvətlərin ünvanı
YUNESKO-nun
təşəbbüsü ilə 1978-ci ildən 18 may
Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Muzeylər tarixin
müəyyən məqamını özündə
yaşadan, ötən əsrlərin müxtəlif
olaylarından xəbər verən eksponatları
komplektləşdirən, qoruyan, saxlayan, öyrənən,
nümayiş etdirən maddi-mənəvi xəzinə
sayılır. Muzey əslində elm, maarif
müəssisəsidir. Ona sadəcə olaraq qiymətli
əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi
baxmaq düzgün deyildir. Yaxşı ki,
müstəqilliyimizi qazandıqdan sonra muzeylərə
münasibətdə də müsbət
dəyişikliklər baş verib.
Azərbaycanda muzey işi qədim dövrlərdən
başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir.
Muzeylər mahiyyətinə görə müxtəlif
təmayüllü olurlar. Məsələn, dövlət,
memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix,
musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq
havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi
tikililər, abidələr, bulaqlar, məqbərələr,
məbədlər, qalalar sayılır. Azərbaycanda belə
möhtəşəm muzeylərə Şəki Xan
sarayını, Qobustan qayalıqlarını, Şirvanşahlar
kompleksini, Möminəxatun məqbərəsini, eləcə
də Şuşa şəhərini göstərmək olar.
Təəssüf ki, maddi-mənəvi xəzinəmiz
sayılan neçə-neçə tarixi abidəmiz,
muzeylərimiz işğalçı erməni quldurları
tərəfindən zəbt edilərək ya qarətə, ya
da dağıntıya məruz qalmışdır. Yeraltı,
yerüstü sərvətlərimiz, var-dövlətimiz,
tarixin daş yaddaşı sayılan abidələrimiz,
muzeylərimiz, mədəniyyət ocaqlarımız,
Azərbaycan qadınının duyğu və
düşüncələrinin əksi olan qədim xalça
məmulatları talançıların əlinə
keçərək mənimsənilmişdir. İşğal
olunmuş ərazilərdə 762 mədəniyyət
abidəsi və 1431 mədəniyyət müəssisəsi
qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını
yoxa çıxarıblar.
Bu gün Azərbaycanda 180-ə yaxın muzey var. İlk muzey
Bakıda 1920-ci ildə, ilk memorial muzey isə
Şəkidə 1938-ci ildə yaradılıb. AMEA-nın
Tarix muzeyi ötən əsrin 20-ci illərindən millətin
ixtiyarına verilib. Maraqlıdır, bu muzey məşhur
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin
mülkündə yerləşir. Həmin binanın
özü də Azərbaycan tarixinin keçmişindən
xəbər verən daş abidə kimi qiymətlidir. Ona
görə də Tarix muzeyinə bəzən "Muzey
içində muzey" deyirlər. Fərəhli haldır ki,
dövlətin xüsusi qayğısı
nəticəsində bu qədim muzey yüksək
səviyyədə bərpa və təmir edilərək
yenidən öz qapılarını seyrçilərin
üzünə açmışdır.
Ölkədə muzey işinin inkişaf etdirilməsi
istiqamətində Prezident İlham Əliyev
tərəfindən lazımi tədbirlər
görülür. Yalnız Bakıda deyil,
regionlarımızda da yerləşən muzeylərdə
əsaslı yenidənqurma və təmir işləri
aparılır.
Ölkə başçısı İlham Əliyevin
"Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində İstiqlal muzeyinin yaradılması
və İstiqlal abidəsinin ucaldılması haqqında"
2006-cı il 18 dekabr və "Müasir
İncəsənət muzeyinin yaradılması
haqqında" 2006-cı il 19 dekabr tarixli
sərəncamları muzey işinə dövlət
qayğısının aydın təzahürüdür.
Prezident milli-mədəni sərvətlərin qorunması
və gələcək nəsillərə
çatdırılması işinə xüsusi diqqət
göstərərək artan iqtisadi potensialın tempinə
uyğun olaraq mədəniyyət sahəsində də yeni
mərkəzlərin yaradılmasını, fəaliyyət
göstərməsini, millətə xidmət etməsini
zəruri sayır.
Ölkə muzeylərinin mövcud vəziyyətini daha da
yaxşılaşdırmaq üçün bu sahədə bir
sıra əlavə tədbirlərin həyata
keçirilməsi zərurəti də özünü
göstərməkdədir. Bu, bir tərəfdən
maddi-mənəvi abidələrin mühafizəsi
üçündürsə, digər tərəfdən
də inkişaf edən, gündən-günə
gözəlləşən məmləkətimizin hər bir
mədəniyyət ocağının dünya standartlarına
uyğun şəkildə həyata qaytarılması,
bərpa edilməsi və yaşamasıdır.
Prezident İlham Əliyevin 2007-ci il martın 6-da
"Azərbaycanda muzey işinin
yaxşılaşdırılması haqqında"
imzaladığı Sərəncamda deyilir: "Azərbaycanda
muzey işinin yaxşılaşdırılmasının
ölkəmizin mənəvi həyatının
inkişafı baxımından əhəmiyyətini və
perspektivlərini nəzərə alaraq elmi və
mədəni sərvətlərdən hərtərəfli
istifadə imkanlarını genişləndirmək
üçünE Azərbaycanın regionlarında
fəaliyyət göstərən muzeylərin müasir
standartlara uyğun təmirinə, yeni avadanlıq və
zəruri eksponatlarla təchizatına dair xüsusi
tədbirlər planı hazırlansın". Mədəniyyət
və Turizm Nazirliyi, Bakı Şəhər İcra
Hakimiyyəti və digər aidiyyəti təşkilatlar
dövlət başçısının
göstərişinə əsasən Azərbaycanda
muzeylərin fəaliyyətinin müasir prinsiplər
əsasında müvafiq olaraq yenidən qurulması və onun
bütün ekspozisiyalarının
azərbaycançılıq məfkurəsinə
uyğunlaşdırılması yolunda işə
başladılar.
Həmin sərəncama əsasən Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənət Dövlət muzeyinin
müasir tələblərə, beynəlxalq standartlara cavab
verməsi üçün yeni binada fəaliyyət
göstərməsi məqsədəuyğun hesab
edilmişdir.
Bu günlərdə dənizkənarı Milli Parkın
ərazisində Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənət Dövlət
muzeyinin təməlqoyma mərasimi olmuşdur. Heydər
Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun
dəstəyilə inşa olunacaq bu bina çox qeyri-adi bir
formada - bükülmüş xalçanı xatırladacaq
şəkildə inşa olunacaqdır. Ümumi sahəsi 18
min 446 kvadratmetr olacaq üçmərtəbəli binanın
birinci qatında Şərq salonu, kitabxana, elmi
xalçaçılıq toxuma və tikmə mərkəzi,
suvenir və kitab köşkü, ikinci qatda mərasimlər
və audiovizual təqdimatlar salonu, üçüncü qatda
isə sərgilər keçiriləcəkdir. Binanın
zirzəmisində arxiv, anbar, laboratoriya və başqa
şöbələr yerləşəcəkdir. Açıq
havada heykəllərin və xalçaların nümayişi
üçün də sərgi nəzərdə
tutulmuşdur.
Təməlqoyma mərasimində Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva, YUNESKO-nun Baş direktoru
Koişiro Matsuura, eləcə də YUNESKO-nun digər
xoşməramlı səfirləri iştirak edirdilər.
Mərasimdə geniş nitq söyləyən Prezident
İlham Əliyev dedi: "Xalçaçılıq
sənəti Azərbaycan mədəniyyətinin bir
hissəsidirE Azərbaycan xalçası öz
gözəlliyi, keyfiyyəti ilə həmişə
seçilmişdirE Azərbaycan xalçaları
dünyanın ən məşhur muzeylərində və
şəxsi kolleksiyalarda saxlanılırE Əfsuslar olsun ki,
Azərbaycanda Xalça muzeyi
uyğunlaşdırılmış binada yerləşirdi
və əlbəttə ki, Bakıda gözəl Xalça
muzeyinin tikintisi böyük zərurət idi. Mən çox
şadam ki, bu gün bu böyük işə
başlayırıqE Ümid edirəm ki, qısa müddət
ərzində Azərbaycan xalçasına xas olan,
gözəlliyi ilə seçilən Xalça muzeyi
tezlklə tikilib başa çatacaqdır".
YUNESKO-nun Baş direktoru Koişiro Matsuura Azərbaycanın
milli sərvəti olan xalçaçılığın
qorunmasına və inkişafına göstərilən
qayğıdan razılıq edərək bildirmişdir:
"Mən yeni tikiləcək Xalça muzeyinin çox
gözəl layihəsi münasibətilə Sizi təbrik
etmək istəyirəm. Mən burada fotoşəkilləri
seyr etdim, eyni zamanda maketlərlə tanış oldum. Deyə
bilərəm ki, tikiləcək Xalça muzeyi Muğam
Mərkəzi ilə tam ahəngdar formada olacaqdır.
Azərbaycan xalçaları həmişə hər zaman mənim
çox ürəyimcə olubdurE Prezident Heydər Əliyevin
YUNESKO-ya hədiyyə kimi təqdim etdiyi çox böyük
və gözəl Azərbaycan xalçası daimi olaraq
binamızda nümayiş etdirilir".
Bu da fərəh doğurur ki, 2005-ci ilin avqust ayında
ölkə Prezidenti İlham Əliyev və Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Beynəlxalq Muğam
Mərkəzinin təməlqoyma mərasimində də
YUNESKO-nun Baş direktoru Koişiro Matsuura iştirak
etmişdir. Məlumdur ki, həmin mərasimdən
əvvəl Azərbaycan muğamları YUNESKO-nun Dünya
Mədəni İrsinin şah əsərləri
sırasına daxil edilmişdir. Muğam Mərkəzi də
əslində muzeylərimizin sırasında dayanacaq
maddi-mənəvi xəzinəmizin ən
möhtəşəm ünvanlarından biri olacaqdır.
Bəllidir ki, bu məbədin də binası qeyri-adi formada,
qədim tar alətinin formasında tikilməkdədir.
Məqsəd odur ki, Azərbaycanda tikiləcək yeni
mədəniyyət ocaqlarının binaları həm qədim
ənənələrə malik olsun, həm də
müasirliyi əks etdirsin. Bu mənada ölkədə
ucaldılacaq binaların özü də açıq
səma altında yerləşən qiymətli abidə kimi
diqqət çəkəcəkdir.
Azərbaycan.- 2008.- 18 may.- S. 8.